Avqustun 27-də Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan və Özbəkistan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda hibrid konfrans keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Baxtiyor Mustafayev ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu və inkişaf perspektivlərinin yüksək olduğunu qeyd edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlərin, xüsusən də müttəfiqlik münasibətləri haqqında müqavilənin regional və qlobal baxımdan əhəmiyyətini vurğulayıb.
İkitərəfli sənaye əməkdaşlığının inkişafının vacibliyinə toxunan Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov vurğulayıb ki, Azərbaycan Özbəkistan üçün Avropaya, Özbəkistan isə Azərbaycan üçün Asiyaya körpü kimi çıxış edir.
Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov Prezident İlham Əliyevin dövlət səfərinin ikitərəfli münasibətlərdə tarixi və yeni mərhələ olduğunu, nəqliyyat-logistika, bərpaolunan enerji sahələrində əməkdaşlığın ikitərəfli əlaqələrin dinamikasına mühüm töhfə verəcəyini qeyd edib.
Konfrans daha sonra panel müzakirələrlə davam edib.
Konfransın nəticəsi olaraq Azərbaycan–Özbəkistan Ekspert Şurasının yaradılmasına dair qərar qəbul edilib.
XQ