Aİ-nin çılğın çağırışları

post-img

NATO-nun sabiq baş katibi, xaricdəki erməni diasporunun pul kisəsindən asılı olduğu heç kimdə şübhə doğurmayan Anders Foq Rasmussen öz ampluasındadır. O, Almaniyanın 148 min tiraja malik “Der Tagesspiegel” gündəlik qəzetində “Aİ gələn il keçiriləcək sammitə qədər Ermənistan və Azərbaycan arasında sülh yaratmalıdır” sərlövhəli məqalə dərc etdirib. Bəri başdan deyək ki, məqalənin girişində “Bakıdan növbəti dəfə qonşu ölkəyə qarşı aqressiv tonlar eşidilir. Avropanın böhranlı bölgədə üzərinə daha fəal rol götürməsi niyə bu qədər vacibdir?” fikirləri qabarıq şəkildə öz əksini tapıb.

Sabiq baş katib yazır ki, Avropa İttifaqı liderləri yay məzuniyyətin­dən xoş olmayan qlobal proqnozlarla qayıdacaqlar. Yaxın Şərqdə mü­haribənin eskalasiyası, Çinlə gərgin ticarət əlaqələri və ABŞ-də yorucu prezidentlik yarışı onların qarşıdakı aylarda xarici siyasət gündəminə hakim olacaq. Noyabrda isə beynəlxalq diqqət Avropanın sərhədlərinə yaxın regiona – Cənubi Qafqaza yönələcək. Bu, dünya liderləri COP29 üçün Bakıya toplaşanda baş verəcək.

Rasmussen yazıya belə bir giriş verdik­dən dərhal sonra COP29-u gözdən salma­ğa, onu qaralamağa başlayır. Azərbaycanın ixracının 90 faizini hələ də qazıntı yataq­larından əldə edilən yanacaq materialları təşkil etdiyi halda, dünyanın əsas iqlim konfransının Bakıda keçirilməsini ironiya adlandırır. Dərhal da özünə təsəlli verirmiş kimi əlavə edir ki, bu ironiya Bakıya ge­dən Aİ siyasətçilərinin diqqətindən yayın­mayacaq. Yazır ki, avropalı siyasətçilər bu hadisənin Azərbaycan üçün, sadəcə, “yaşıl pərdə”yə çevrilməsinə imkan verməməli­dir. Əvəzində Aİ liderləri Cənubi Qafqaza bu diqqətdən regionda uzunmüddətli sülh sazişinin əldə olunmasını təşviq etmək, həmçinin “demokratik Ermənistanla” əlaqələri gücləndirmək üçün istifadə etmə­lidirlər.

Məqalə bir sıra cəfəng fikirlərlə dolu olduğu üçün onların hər birinə münasibət bildirməyə ehtiyac yaranır. Əvvəla, yuxarı­da qeyd etdiyimiz kimi, qazancı ermənilərə tərif yağdırmaqdan, onların mənafeyinə xidmət edən addımlar atmaqdan çıxan, xa­ricdəki erməni diasporundan külli miqdar­da pul, eləcə də Ermənistan hökumətindən layihələrin maliyyələşdirilməsi adı altında qrant vəsaitləri alan Rasmussenin növbəti məqaləsində noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı bu cür qərəzli fikirlər səsləndirməsi gözlənilən idi. Bu tədbir Rasmussen üçün göydəndüşmə fürsət olub.

Ümumiyyətlə, bu düşərgəyə daxil olan bütün şəxslər COP29-u qaralamaq yolunu tutublar. NATO-nun sabiq baş katibindən öncə “sabiqlər”in daha bir nümayəndə­si – Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru Luis Moreno Okampo da COP29-la bağlı hədyanlar səsləndirmiş­di. Okampo bir ay öncə özünün saytında ermənilərə açıq məktub ünvanlamış, mək­tubun girişində hayların ünvanına təriflər yağdıraraq, daha sonra onlara “yol xə­ritəsi” təqdim etmiş, erməniləri COP29-a qədər səylərini birləşdirməyə, mediada və sosial şəbəkələrdə Bakıda saxlanılan separatçı “qlavar”lara dəstək kampaniya­sı başlatmağa çağırmışdı. Başabəla sabiq prokuror BMT-nin iqlim konfransını si­yasiləşdirərək, onu “erməni məhbuslar”ın azad edilməsi üçün görünməmiş şans he­sab etdiyini bildirmişdi.

Biz bundan öncə 2012-ci ildə keçirilən “Avroviziya” mahnı müsabiqəsi, 2015-ci ildə baş tutan ilk Avropa Oyunları, “For­mula-1” və digər mühüm beynəlxalq təd­birlər, habelə ölkəmizin daxili işi olan prezident və parlament seçkiləri zamanı onun gözdən salınmasına cəhdlər edildi­yini, xarici mediada böhtanlarla dolu ya­zıların dərc olunduğunu unutmamışıq. Bu baxımdan, biz, əslində, hazırda müşahidə etdiklərimizi gözləyirdik. Hələ iyulun 21-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici si­yasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən II Qlobal Media Forumunda çıxışı zamanı bildirmişdi ki, Azərbaycan noyabr ayında Bakıda keçi­riləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konf­ransının 29-cu sessiyası ərəfəsində ciddi dezinformasiya ilə üzləşib.

Bir ay öncə Okampo COP29-u bəhanə edərək üstümüzə böhtanlar yağdırmışdı. İndi isə o, necə deyərlər, estafeti Rasmus­senə ötürüb. Okamponun nələrinsə müqa­bilində yerinə yetirdiyi missiyanı hazırda Rasmussen icra edir. Rasmussen və ona bənzərlər bəd əməllərini həyata keçirmək üçün iqlim dəyişikliyi konfransından alət kimi yararlanmağa çalışırlar.

Ancaq qeyd etdiyimiz kimi, biz bunu gözləyirdik. Hələ iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlo­bal Media Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bu barədə danışmış və qeyd etmişdir ki, bi­zim namizədliyimiz və evsahibliyimizlə bağlı qərar verildikdən sonra – növbəti həftə Qərb mediasında bizə qarşı hücum­lar başladı: “Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq. Biz, əlbəttə, bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittiham­lar olacaqdır. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğu­muz üçün. Bu, çox təəccüblü bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni möv­zuda ittihamlarla üzləşdi. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yox­sulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən on­dan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz. Qazıntı yana­caq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Buna baxmayaraq, ittihamlar davam edir”.

Dövlətimizin başçısı qeyd etmişdi ki, biz tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayının artacağını bilirik. Ədalətsiz və ikili standartlara əsaslanan işıqlandırmaya gəlsək, biz bilirik ki, COP tədbirinin biri Qlazqoda – Böyük Britani­yanın neft hasil etdiyi bir bölgəsində keçi­rilirdi və heç kəs o zaman Böyük Britani­yanı ittiham etmirdi ki, onların neft və qazı var. Bu, məhz bizim dediklərimizin həqiqi olduğunu sübut edir. Bu tədbirin əhəmiy­yəti, əlbəttə ki, bütün bu mənfi hallardan qat-qat çoxdur. Çünki bu, qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dün­yada beynəlxalq arenada bir nömrəli kon­fransdır və ilk dəfədir ki, postsovet məka­nında keçirilir. Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq.

Cənab İlham Əliyev onu da bildirmişdi ki, COP27-yə isə Misir Ərəb Respublikası evsahibliyi edib. Onların da neft-qazı var. Bizdən sonra da Braziliya evsahibliyi edə­cək. Yenə də neft və qaz ölkəsidir. Dövlət başçımızın sözlərinə görə, bu, onu göstərir ki, bu ölkələr enerji təhlükəsizliyi baxımın­dan özlərini çox rahat hiss edən ölkələrdir. Onlar məsuliyyət nümayiş etdirirlər.

Bu baxımdan qeyd etmək lazımdır ki, Rasmussenin neft-qaz və COP29 mövzu­sunda ölkəmizi ittiham etməsi nə birinci, nə də sonuncu haldır. Sabiq baş katib daha sonra yalanlarını davam etdirərək yazıb ki, Azərbaycan ötən il əsasən ermənilərin ya­şadığı “anklava” (?) qarşı yeni “hərbi hü­cuma” başlayıb. Bu isə təxminən 120 min (?) etnik erməninin sərhədi keçərək Ermə­nistana sığınmasına səbəb olub. Rasmusse­nin daha bir yalanı Ermənistan hökuməti­nin Azərbaycanla hərtərəfli sülh sazişinin əldə edilməsinə sadiq olması ilə bağlıdır. Guya, Azərbaycan tərəfi Brüssel, Moskva və Vaşinqtonda keçirilən görüşlərdə vədlər verməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirməyib, Ermənistan tərəfdən yeni güzəştlər tələb edib.

Rasmussenin yazısı onun öz xislətini dəyişməyəcəyinin daha bir sübutudur. Er­mənilərin hesabına fond yaradan, gəlir əldə edən, işçilərinə maaş verən birindən başqa nə isə gözləmək də düzgün olmazdı...

Səxavət HƏMİD
XQ

Siyasət