“Kommunist” qəzetinin fəaliyyətində türkçülük təmayülü
Kommunist sistemi çevrəsində mədəni inqilabın təbliğat və təşviqat ruporu olan “Kommunist” qəzeti ana dilində kütləvi maarifləndirmədən, sosial səhiyyənin inkişafından tutmuş yeni tipli mədəniyyətin əsaslarının qurulmasınadək geniş sferada təşkilatçılıq işi də aparmışdı. Keçən əsrin 20-ci illərində “Kommunist”in milli ideyalara bağlılığını sübut edən çoxsaylı yazılar, önəmli mövzular redaksiyanın xalqın maraqlarını öndə tutduğunu sərgiləyir.
Bu sırada təhsilin milliləşdirilməsi məsələsini gündəmə gətirən və onun vacibliyini əsaslandıran yazılar daha diqqətçəkəndir. “Kommunist” qəzetini vərəqlədikcə çox aydın şəkildə görünür ki, qəzet əlifba islahatının həyata keçirilməsində, Şərq xalqları və türkoloji qurultayların keçirilməsində informasiya-təbliğat ruporu olmuşdur. Qəzetin milli zəminə möhkəm bağlılığı redaksiyaya türkoloji qurultay kimi beynəlxalq bir məclisin əhatəli xronikasını yaratmağa da imkan vermişdi.
Sovet hakimiyyətinin ilk illərində Bakıda Birinci Türkoloji Qurultaya (26 fevral – 5 mart 1926-cı il) hazırlıq, onun keçirilməsi və sənədlərinin çap olunmasında gündəlik anadilli rəsmi nəşr “Kommunist” qəzeti misilsiz rol oynamışdı. Ümumiyyətlə, respublikada akademiyanın, ədəbi-bədii təşkilatların təşəkkül tapmadığı bir dövrdə bu qəzet gündəlik informasiya mənbəyi olmaqla yanaşı, ölkənin humanitar-ideoloji mərkəzinə də çevrilmişdi.
Qurultay sovet rəhbərliyinin türk dünyasını öz ideoloji inhisarına alması məqsədinə xidmət etsə də, qəzet əməkdaşları dövlət himayəsinin yaratdığı geniş imkandan qardaş türk xalqları ilə sıx təmas və gələcək əməkdaşlıq fürsəti kimi yararlanmışdı. Buna görə də sonrakı illərdə bu qurultayla bağlı aparılmış çoxsaylı tədqiqatlarda “Kommunist”in “türkoloji salnaməsi” ən əhatəli və mötəbər mənbə olmuşdur. Ümumiyyətlə, qəzetdə ötən əsrin 50–60-cı illərinin yumşalma dövrünədək redaksiyanın milli təmayülü açıq-gizli şəkildə qoruyub yaşatması nadir ziyalı fədakarlığı nümunəsidir.
98 ildən sonra “Kommunist” qəzetinin səhifələrinin indiki nəsillərə təqdim etdiyi türkoloji xronika o illərdə milli varlığın qorunub yaşadılmasına ideya-məfkurəvi impulsların davamlı və təsirli olduğunu göstərir. Türkoloji qurultayın qəzet materiallarından aydın olur ki, onun çağırılması həm türk dünyasının, həm də kommunist-bolşevik rejiminin ictimai-siyasi həyatında geniş əks-səda doğurmuşdur.
Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, Rəyasət Heyətinə dünya türkologiyasında böyük xidmətləri olan alimlər, türk dünyasının tanınmış simaları seçilmişlər. 8 gün davam edən bu mötəbər tədbirdə müxtəlif ölkələrdən 131 nümayəndə iştirak etmiş, müzakirəyə çıxarılan türk xalqlarının ortaq dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də öz aktuallığını qoruyub saxlayır.
Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 80 illiyi ilə bağlı 9 noyabr 2005-ci il tarixli, 90 illik yubileyinin keçirilməsi haqqında 18 fevral 2016-cı il tarixli sərəncamları da qurultayın türk xalqlarının həyatında necə böyük tarixi əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Hər iki sərəncam bu gün türkdilli respublikalar arasında elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.
Qurultayda Türkiyə və İrandan, eləcə də keçmiş Sovetlər Birliyi məkanında yaşayan türkdilli xalqlar ilə yanaşı, xarici qonaqların, Avropa türkologiyasının məşhur nümayəndələrinin dəvət edilməsi və onların iştirakının təmin olunması qurultayın əhatə dairəsinin nə qədər geniş olduğundan xəbər verir.
Dövrünün məşhur siyasi və dövlət xadimləri olan SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyovun qurultaya təbrik nitqinin, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlunun sədr kimi geniş məruzəsinin, Sovet Azərbaycanının partiya və dövlət xadimləri Ruhulla Axundovun, Həbib Cəbiyevin, böyük türk dünyasının və türkologiya elminin tanınmış simaları Əli bəy Hüseynzadə, Mehmet Fuad Köprülüzadə, Vasili Bartold, Hənifə Zeynallı, Bəkir Çobanzadə və onlarca digər nəhənglərinin məqalə və müsahibələrinin “Kommunist” qəzetində çap olunması ölkədə türklük ruhunun dirçəlməsinə önəmli məfkurəvi təkan olmuşdur.
Ölkənin bir nömrəli mətbu nəşri olan “Kommunist” qəzetinin dərc etdiyi materiallar bu gün də dəyərli mənbələr olmaqla, mətbuatın tarixə şahidliyinin misilsiz önəm daşımasının parlaq nümunələrindən biri kimi qarşımızda canlanır. SSRİ məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri də hazırlanmışdır.
Qurultayın qəbul etdiyi qərara əsasən, 1929-cu il yanvarın 1-dən sovet hökuməti ərəb əlifbasının işlədilməsinə son qoymuşdur. Yeri gəlmişkən deyək ki, 20-ci illərin sonlarında latın əlifbasına keçid uğrunda başlayan təbliğatın başında “Kommunist” qəzeti dayanmışdı. Redaksiya ilk olaraq 1-ci səhifədəki məqalələrin bəzilərini, daha sonra səhifənin yarısının latın qrafikası ilə dərcinə başlamışdı.
AMEA-nın prezidenti İsa Həbibbəyli Birinci Türkoloji Qurultaya həsr olunmuş məqaləsində qeyd edir ki, dünya elminin, xüsusən də türk dünyasının böyük elmi hadisəsi olan Birinci Bakı Türkoloji Qurultayı həm tarix kimi, həm də müasirlik baxımından mühüm əhəmiyyətə malikdir. 1926-cı ilin 26 fevralından 6 martına kimi Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisədir.
Sovet hökuməti belə bir möhtəşəm qurultay keçirməklə dünyaya nümayiş etdirmək istəyirdi ki, Rusiyanın yeni qırmızı imperiyasının qurduğu dövlət “azadlıq, bərabərlik, qardaşlıq səltənəti”dir. SSRİ rəhbərliyinin bu məkrli planının iflasa uğraması, əvəzində, türklük duyğusunun canlanması, milli təmayüllərin baş qaldırması Stalin rejimini türkoloji qurultayın cücərtilərini amansızlıqla soldurmağa, onun gözlənilməz nəticələrini silib atmağa məcbur etmişdir.
1937-ci ilin qanlı repressiyasından da əvvəl başlanmış bu amansız divantutma 40-cı illərədək davam etmişdir. Türkoloji qurultayın 100-dən artıq iştirakçısının, seçmə alim və mütəfəkkirinin əksəriyyətinin həbsi və fiziki məhvi ilə bitən bu prosesin özü də “Kommunist” qəzetinin səhifələrinə həkk edilərək günümüzə gəlib çatmışdır.
Mərhum professor Kamil Nərimanoğlunun təbirincə desək, qurultayın işində iştirak edən 100-dən çox nümayəndənin pantürkizmdə ittiham edilərək repressiyaya uğraması, əksər alim və müttəfəkkirlərin həbs və fiziki məhvlə üzləşməsi yaxın tarixin ən böyük ziyalı-alim soyqırımıdır. “Kommunist” qəzetinin repressiya xronikası 30-cu illərin Sovet-Stalin diktatura rejiminin qanlı əməllərinə qarşı ittiham aktıdır.
Göründüyü kimi, Birinci Bakı Türkoloji Qurultayının proqram və sənədlərini gündəmdə saxlayan mətbuat, o cümlədən “Kommunist” qəzeti əlifba islahatının həyata keçirilməsində informasiya təbliğat ruporu olmuşdur. Qurultayın qəzetdə belə geniş işıqlandırılması bir daha sübut edir ki, “Kommunist” redaksiyası sovet ideoloji basqısı şəraitində də milli elmi-mədəni qüvvələri öz ətrafında toplayan başlıca mənəvi mərkəz olmuşdur.
Lakin ilk illərdən başlayaraq “Kommunist” qəzetinin milli təmayülünü Sergey Kirov, Levon Mirzoyan kimi yad və düşmən simalar ziddiyyətli bir şəxs olan Əliheydər Qarayev kimi milli hisslərdən məhrum yerli rəhbər kadrların fikir və mülahizələri əsasında daim nəzarət altında saxlamış, yeri gəldikcə müəlliflər “millətçilik”, “türkçülük” adı ilə təqib edilmişlər. Nəticədə “Kommunist” qəzeti redaksiyasında çalışan milli ruhlu, türkçülük ideyalarının təbliğatçısı olan görkəmli ziyalılar – Əbdürrəhim bəy Haqverdiyev, Ağababa Yusifzadə, Cəfər Cabbarlı, Mir Seyfəddin Kirmanşahlı Əliheydər Qarayevin təkidi ilə xırda burjuaziyanın əlaltısı adlandırılmış, bir qismi işdən qovulmuş, bir qismi isə ciddi tənbehlərə məruz qalmışdır. “Kommunist” qəzetindəki “millətçilik yuvası”nı dağıtmaq üçün dəfələrlə çox yüksək səviyyədə ciddi tədbirlər həyata keçirilmiş və redaktorlar vəzifələrindən uzaqlaşdırılmışdır.
Qəzetin tarixini öyrənən müəlliflərin yazdığı kimi, “Kommunist” təkcə rejimin məqsəd və məramını təbliğ edən qəzet deyil, milli jurnalistikamızın demokratik ənənələrini də imkan daxilində yaşadan bir nəşr olmuşdur. O, ictimai fikri formalaşdıran, Azərbaycan dilinin və mədəniyyətinin keşiyində dayanan, tariximizi təbliğ edən, mənəviyyatımızı yad təsirlərdən qoruyan müqəddəs bir ocaq, ciddi bir mərkəz kimi tanınmış və cəmiyyətdə də belə qəbul edilmişdir.
Dövrün çox populyar və nüfuzlu mətbuat orqanı olan “Kommunist” qəzetində dərc edilən milli ruhlu məqalələr xalqın məfkurəvi yaddaşının məğlubedilməz olmasından qaynaqlanmışdır. O zaman “Kommunist” sıradan bir qəzet yox, qısa müddət ərzində bütün Cənubi Qafqazın aparıcı dövri nəşrlərindən birinə çevrilmiş, SSRİ-nin iri şəhərlərində və bir sıra xarici ölkələrdə xüsusi müxbirləri ilə təmsil olunmuşdur.
Öz dövrü üçün birinci rəsmi partiya və dövlət qəzeti olan “Kommunist” kütlənin siyasi və mənəvi tərbiyəçisi kimi fəaliyyət göstərmişdir. Bu qəzet həmişə tarixi hadisələrin mərkəzində olmuş, xalq kütlələrini mütərəqqi yaradıcılığa səsləmişdi, respublikanın gündəlik həyatında baş verən bütün məsələlərin həllində ideya-siyasi təsir vasitəsi olmuşdur.
Qəzet, eyni zamanda, milli jurnalist kadrları yetişdirən, yönləndirən yaradıcılıq məktəbi kimi də fəaliyyətini davam etdirmişdir. 1920-ci ilin əvvəllərində “Kommunist” qəzetinin nəzdində təşkil olunmuş dərnək və respublika miqyaslı 3 aylıq kurslarda dinləyicilərə digər məsələlərlə yanaşı, publisistika, qəzet informasiyası, kütlə ilə ünsiyyət formaları, qəzet təsərrüfatı, qəzetin səhifələnmə texnikası, stenoqrafiya və s. haqqında təlimlər keçilmişdir.
Bu kursların mühazirəçiləri arasında Üzeyir bəy Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Əli Terequlov, Ağababa Yusifzadə, Mahmud bəy Mahmudbəyov, Xəlil İbrahim, ər-arvad Nuşirəvanovlar və başqaları kimi tanınmış jurnalistlər, publisistlər, yazıçılar olmuşlar. Maraqlı faktdır ki, Azərbaycan ədəbiyyatının məşhur simalarından olan yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayev (Paşazadə Cəlal) də bu kursların dinləyicilərindən olmuş və sonralar “Kommunist” qəzetində işləmişdir.
Ümumiyyətlə, uzun illər boyu “Kommunist” qəzeti respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi, təəssübkeş ziyalıların fəal iştirakı ilə nəşr edilib. Onun ideya-siyasi və peşəkarlıq səviyyəsi sahə və bölgələrin dövri nəşrləri üçün örnək kimi qəbul olunub. Qəzetin həyatındakı bir sıra yeniliklər, milli mətbuatımızın ümumi tarixinə önəmli fakt və hadisələr kimi daxildir.
Sovet rejimi dağılanda, haqlı olaraq, “Kommunist”in adı dəyişdirilərək “Xalq qəzeti” qoyulmuşdur. Çünki bu nəşr, həqiqətən, uzun illər boyu həm də xalqın qəzeti olmağa can atmışdır. Ötən 105 ildə bu qəzetdə yüzlərlə, minlərlə elə yazılar dərc edilmişdir ki, onlar bu gün də peşəkar jurnalist yaradıcılığı sayılmağa layiqdir. Lakin “Kommunist” qəzeti ötən əsrin sonlarında milli azadlıq hərəkatının geniş vüsat aldığı dövrdə, xüsusən, sovet rejiminin süqutundan sonra ciddi qınaqlarla üzləşdi.
İndiki dövrdə Azərbaycan sovet mətbuatının cəmiyyət qarşısında xidmətlərini “rejimin xidmətçisi və təbliğatçısı” adlandırmamaq mümkün olmadığı kimi, onu tam şəkildə bu cür təqdim etmək də haqsızlıq olardı. Bu baxımdan, Azərbaycan sovet mətbuatı tarixinin, o cümlədən dövri nəşrlərin yenidən öyrənilməsi önəmli vəzifədir.
Həqiqət budur ki, sovet dövründə mətbuat rəsmi dövlət siyasətinin, kommunist ideyalarının təbliğat ruporu olsa da, xalq həyatının da geniş mənzərəsini əks etdirmişdir. Əsrlər boyu Azərbaycan xalqını qoruyan, onun dövlətçilik və türkçülük ənənələrini yaşadan mədəniyyətimiz, incəsənətimiz, musiqimiz və digər dəyərlərimiz “Kommunist” qəzetinin sovet dövründəki 72 illik mövcudluğu dövründə daim aparıcı mövzular olmuşdur.
Bu qocaman ümummilli mətbu nəşrin müstəqillik dövründə “Xalq qəzeti” adı altında 33 illik fəaliyyəti qeyd edilən xidmətlərin verdiyi milli-mənəvi səlahiyyət üzərində davam edir. 105 illik ictimai-siyasi qəzetin rəsmi nəşr statusunu uğurla davam etdirməsi onun bugünkü kollektivi üçün böyük şərəf olmaqla yanaşı, həm də yüksək vətəndaşlıq məsuliyyətidir.
Namiq ƏHMƏDOV
XQ