Rasmussen, yoxsa Papa II Urban?

post-img

NATO-nun keçmiş baş katibinin “Ermənistanı qorumaq” taktikası

Deməyəcəyik ki, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen vəzifədən gedəndən sonra ağlını itirib, ağzına gələni danışır. Çünki psixoloji nüans var. O, elə vəzifədə olanda da eyni düşüncədə, təfəkkürdə, ən əsası eyni ağılda idi. Sadəcə, fikirlərini indiki qədər sərbəst açıqlaya bilmirdi. Çox güman, tutduğu postun diplomatik tonuna uyğun davranmağa üstünlük verirdi. Hazırda sərbəstdir və istədiyi qədər sərsəmləyə bilər. 

Əslində, Rasmussen Qərbin bariz obrazıdır. Hazırda bu obraz bütün maskaları çıxarıb, necə varsa, elə qalıb – fürsətcil, mənfəətcil, riyakar və ikiüzlü. Əlbəttə, bu xüsusiyyətlərin sırasına ermənipərəstliyi də daxil etmək mümkündür. Nəzərə alaq ki, Qərbdə ermənipərəstlik patoloji xəstəlikdir, xarakterdir, oturuşmuş ovqatdır. Görünür, erməni lobbi və diaspor təşkilatları zamanında bu xəstəliyin, daha doğrusu, şizofreni­yanın toxumlarını səpmək üçün çox çalışıblar. Səpiblər və Rasmussen həmin toxumların yerində cücərən məhsullardan biridir. Əlbəttə ki, zay məhsuldur.

Beləliklə, NATO-nun keçmiş baş ka­tibi bildirib ki, Avropa Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün mövcud istiqamətdəki dəstəyini gücləndirməlidir. Necə? Çox sadə: Er­mənistanın fiziki təhlükəsizliyinin təmi­natına kömək göstərməklə. Yəni, İrəvanı silahlandırmaqla. Onun sözlərinə görə, keçən ay Avropa Sülh Fondunun vəsa­itlərindən Ermənistana müdafiə avadan­lıqlarının çatdırılmasına razılıq verildi və bu, böyük addım idi. İndi ölkənin müda­fiə qabiliyyətini artırmaq və Rusiyadan asılılığını azaltmaq üçün əlavə tədbirlərə ehtiyac var. 

Göründüyü kimi, keçmiş baş katib İrəvanın silahlandırılması işində fasilə­nin yaranmamasının tərəfdarıdır. O, baş­lıca məqsədi də açıqlayır və Rusiyadan asılılığı azaltmaq adı altında Moskvaya qarşı yeni cəbhə formalaşdırmağın zə­ruriliyinə fokuslanır. Yaxşı bilir ki, Qərb Ermənistanı Cənubi Qafqazın anti-Rusi­ya qalası kimi möhkəmləndirmək məqsə­dini güdür. A.F.Rasmussen həyəcan təbi­li çalır və prosesi sürətləndirməyi təklif edir. Məsələn, deyir ki, Almaniya və Avropa İttifaqına digər üzv ölkələr Fran­sanın göstərdiyi yolla getməli və İrəvana ikitərəfli hərbi yardım göstərməlidirlər. 

ABŞ-nin təşkil etdiyi birgə hərbi tə­limlərin Ermənistan silahlı qüvvələrində islahatlara və modernləşməyə kömək göstərəcəyindən əminliklə söz açan keç­miş baş katib diqqəti Aİ-nin Azərbaycan və Ermənistan şərti sərhədindəki mülki müşahidə missiyasının fəaliyyətinə də yönəldib. Rasmussen bildirib ki, sözü­gedən missiya birmənalı şəkildə güclən­dirilməli və müşahidəçilərin Azərbaycan tərəfinə çıxışı təmin olunmalıdır. Sən demə, bu, Cənubi Qafqazda gərginliyin azaldılması və Avropanın regiona sa­diqliyinin nümayişi baxımından önəmli imiş. Sual olunur: Ermənistana silah-sur­sat verilib gücləndirilməsi təklif edilirsə, Aİ müşahidəçiləri nə üçündür? Bəlkə onlar erməni əsgərlərinə “qorxma-qorx­ma” deyəcəklər? Yəni, Rasmussenin iki fikri bir-birinə uyğun gəlmir. Bu qənaətə gəlmək mümkündür ki, əslində, keçmiş baş katib Aİ-nin müşahidəçiləri məsələ­sini ortaya atmaqla, yalnız mütərəqqiliyi imitasiya edir, diqqəti əsas məsələdən – Ermənistanın silahlandırılmasından ya­yındırır. 

A.F.Rasmussenin üzərində dayandığı növbəti məqam Bakı–İrəvan barışıdır. O deyir ki, ölkələr arasında sülh sazişinin imzalanması istiqamətində Azərbaycana təzyiq göstərmək heç də Avropanın xey­riyyəçilik missiyası deyil. Bu mənada onu səmimi saymaq mümkündür. Çün­ki həqiqəti bildirir, pafosu, gəlişigözəl ifadələri bir kənara qoyur. Yəni, Qərbin region xalqları arasında əmin-amanlıq yaratmağı deyil, başqa məqsədlər güd­düyünü açıqlayır. Rasmussen bildirir ki, Cənubi Qafqazda uzunmüddətli sülh sazişi Rusiyanın ənənəvi təsirini əhəmiy­yətli dərəcədə azaldacaq və Şərqlə Qərb arasında yeni ticarət yolları açacaq. 

Göründüyü kimi, keçmiş baş ka­tib Cənubi Qafqazda sülh mövzusunda Qərbin son zamanlardakı ənənəvi siya­si klişelərini təkrarlayır. Xatırladaq ki, bu klişelərin içərisində Ermənistan hö­kumətinin qondardığı “Sülhün kəsişmə­si” layihəsi mühüm yer tutur. Rasmussen bu avantüradan da danışır və bildirir ki, sözügedən təşəbbüsün reallaşması, Av­ropaya nəzərəçarpacaq iqtisadi faydalar gətirəcək. O zaman, təxminən, belə bir ssenarinin planlaşdırıldığını deyə bilə­rik. Ermənistan güclənəcək, Azərbaycan üzərində üstünlük qazanacaq, ikinci isə məcbur qalıb “Sülhün kəsişməsi” ilə ra­zılaşacaq. Əlbəttə, Rasmussen hadisələ­rin daha hansı səmtə doğru cərəyan edə­cəyindən söz açmır. Məsələn, bildirmir ki, güclü Ermənistan özünün avantürist niyyətləri naminə Azərbaycana qarşı iş­ğalçılıq niyyəti güdə bilər. Onun kimi ermənipərəstlərə qalsa, Avropaya daşına­caq Azərbaycan nefti üzərində Ermənis­tanın nəzarət həyata keçirməsi adi haldır. Axı Rasmussen otuz ilə yaxın davam et­miş erməni işğalına göz yuman kollektiv Qərbi təmsil edir. 

Mətləbdən uzaqlaşmayaraq bildirək ki, NATO-nun keçmiş baş katibi ölkə­mizdə keçiriləcək COP29 tədbiri ilə bağ­lı fikirlərini də bölüşüb. Əslində, buna fikir bölüşmək yox, tam sərsəmləmək demək daha münasibdir. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti bu mötə­bər tərdbirlə qlobal diqqəti öz ölkələrinə çəkmək istəyir. “Qlobal diqqətin qlobal nəzarət olduğunu göstərmək isə bizim məsuliyyətimizdir”, – deyən Rasmusse­nin dilə gətirdiklərindən doğan qənaət budur: Dünya birliyi COP 29 məsələsin­də Azərbaycana təzyiq göstərməlidir ki, ölkə özü üçün fayda gətirməyəcək sülh sazişi ilə razılaşmaq məcburiyyətində qalsın. 

Ancaq, görünür, A.Rasmussen dedik­lərinə heç özü də inanmır. Ona görə fik­rini tamamlamadan başqa bir fikrə keçir. Bir sözlə, Azərbaycanı tutduğu yoldan döndərmək üçün təfəkkürünün mücərrəd guşəsində bəslədiyi bütün ermənipərəst metodları işə salır. Heç şübhəsiz, xaric­dəki erməni lobbi və diaspor təşkilatları­nın təmsilçilərinin “direktivlərini” yaxşı mənimsəyib. O bildirir ki, guya, Bakıdan İrəvana münasibətdə aqressiv bəyanatlar səslənir. Görəsən, keçmiş baş katib hansı yuxunu görüb? Suala cavab vermək çə­tin olsa da, adamın Avropanı buna qarşı səfərbərliyə çağırdığı ortadadır. Sanki, İsanın qəbri Ermənistandadır, onu xilas etmək üçün “Səlib yürüşü” lazımdır, Rasmussen isə Papa II Urbandır. 

Əlqərəz, müasir Papa II Urban, daha doğrusu, Rasmussen “moizəsində” hay-şivən qaldırır və deyir ki, noyabrda Azərbaycanda keçiriləcək COP29-un ölkəyə dividend qazandırmasına imkan verilməməlidir. Ona görə ki, “Cənubi Qafqaz keçid mərhələsindədir. Sovet İttifaqının dağılmasından bəri Ermənis­tan və Azərbaycan arasında mübahisəli Dağlıq Qarabağ regionu ilə bağlı bir sıra münaqişələr olub. Ötən il Azərbaycan, əsasən, ermənilərin yaşadığı anklava qar­şı yeni hərbi hücuma başlayıb. Bu, təx­minən 120 min etnik erməninin sərhədi keçərək, Ermənistan getməsi ilə insanla­rın kütləvi şəkildə köçürülməsinə səbəb olub”. 

Əlbəttə, Rasmussen kimilərini azər­baycanlıların vaxtilə Qarabağdan qovul­maları reallığı az düşündürür. Onun öz proqramı var. Həmin proqrama uyğun hərəkət edir və bildirir ki, Azərbaycan, guya, sülhün yaranması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, Ermənistandan yeni güzəştlər istəyir. “İşarələr var ki, Azərbaycan hələ də dinc danışıqlardan çox, hərbi yolla daha çox şeyə nail ola biləcəyinə inanır. Ermənis­tana qarşı yeni hücumun başlanmasını is­tisna etmək olmaz”, – deyən NATO-nun keçmiş baş katibi vurğulayır ki, Ermənis­tanın ənənəvi təhlükəsizlik donoru olan Rusiya ona yardım iqtidarında deyil və ya yardım etmək istəmir. Buna görə də Aİ regionda sülh və sabitliyin təşviqin­də daha fəal rol oynamalıdır. Ən əsası isə Rasmussen bütün etik qaydaları çey­nəyərək, Aİ-nin özünü, bir növ, şantaj edir: “Aİ-nin yeni xarici siyasət koman­dası aqressiv və avtoritar Azərbaycanla demokratik Ermənistan arasında neytral oyunçu ola biləcəyini iddia etməyi da­yandırmalıdır”.

Bəli, “papa I Rasmussen” əndazə­ni aşaraq, birbaşa Ermənistana kömək göstərməyə çağırış səsləndirir. Yəqin, NATO-nun baş katibi olarkən taxdığı, belə demək mümkünsə, diplomatik mas­ka ona çox əziyyət verib, canı sıxılıb. İndi rahat şəkildə ermənipərəstlik edir. Ermənipərəstlik edir və rəsmi İrəvanın, həmçinin onun xaricdəki stajlı hava­darlarının daha bir tezisini təkrarlayır. Söhbət bu tezisdən gedir: Azərbaycan “Qərbi Azərbaycan” məsələsini qaldır­maqla, Ermənistana qarşı ərazi iddiası irəli sürür. Rasmussen buna qarşılıq mü­barizə metodu da irəli sürür: “Avropa İttifaqı Bakının əsas ticarət tərəfdaşıdır. O, bu təhdidlərin tamamilə qəbuledilməz olduğunu və Ermənistana qarşı istənilən hərbi əməliyyatın ciddi nəticələrə səbəb olacağını aydınlaşdırmaq üçün güclü tə­sirindən istifadə etməlidir”.

Sonda onu deyək ki, hazırda Qərbdə Azərbaycan–Ermənistan sülh prosesini tamamilə pozmağa, mövcud istiqamət­də əldə edilmiş nailiyyətlərin üzərindən xətt çəkməyə, nəticə etibarilə Ermənis­tan üçün daha sərfəli durum formalaşdır­mağa çalışan dairələr meydana atılıblar. NATO-nun keçmiş baş katibi A.F.Ras­mussen belələrinin düşərgəsindədir və əslində, bunda elə bir təəccüblü məqam yoxdur. Əsl təəccüblü olan isə bu cür dar düşüncəli, şəxsi mənafeləri naminə bütün beynəlxalq dəyər və prinsipləri heçə saymağa hazır bir şəxsin necə Şi­mali Atlantika Alyansı kimi mötəbər quruma, mühüm güc mərkəzinə rəhbər­lik etməsidir. Əlbəttə, dərin düşünsək, gərək, təəccüblənməyək. Axı dünyanın rasmussenlərinin sayı çoxdur və onların anti-Azərbaycan fəaliyyətlərini az gör­məmişik. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət