Azərbaycanın “səs”ini kəsən AŞPA “demokratiya standartları”ndan dəm vurur
Nədən narazıdırlar, nəyə etiraz edirlər? Məgər Avropa parlamentarilərinin Azərbaycanın siyasi və hüquqi cəhətdən tam obyektiv qərarını qınamağa haqları çatır? Azərbaycan qoşulduğu konvensiyaların qaydalarına riayət edən, beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiq qalan ölkədir. Amma məsələnin görünməyən tərəfi, mahiyyəti ondan ibarətdir ki, Bakı daim həmin qayda və öhdəliklərin özünə qarşı yalnız birtərəfli yanaşma və ikili standartlarını görüb. Və on illərlə bu ədalətsizliyə, ikiüzlü tətbiqinə etirazını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Avropanın ən yüksək tribunalarından beynəlxalq hüquqdan sui-istifadə hallarına göz yummayacağını, ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiqinə yol verməyəcəyini dəfələrlə, həm də qətiyyətlə bəyan edib. İndi AŞPA rəsmilərinin Azərbaycanın ünvanına yazılı və şifahi şəkildə irəli sürdükləri bəyanat və iddiaları hüquqdan və diplomatik məntiqdən çox uzaqdır. Burada söhbət Avropanın 26 ölkəsini AŞPA-da təmsil edən 76 siyasətçidən gedir. Həmin parlamentarilər 2024-cü il yanvarın 24-də qəbul etdikləri anti-Azərbaycan qətnaməsi ilə bizi “qoca qitə”nin ali qanunverici tribunasında səsdən məhrum ediblər. Demokratiyanı, insan haqlarını əllərində bayraq edən stanoların, şvabelərin bu addımları ilə kimin “dəyirmanına su tökdükləri” rəsmi Bakıya yaxşı məlumdur. “AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər (76 deputat) Azərbaycana gəldikləri təqdirdə onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”. Bu açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi verib.
Bir qədər əvvələ qayıdıb Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano və Almaniya parlamentinin üzvü Frank Şvabenin əleyhimizə səsləndirdikləri fikirlərə Azərbaycan XİN rəsmisi Ayxan Hacızadənin şərhini yada salaq.
Hər iki şəxsin azərbaycanofob fəaliyyətini tutarlı dəlillərlərlə ifşa edən A.Hacızadə Peter Stanonun avqustun 23-də “Politico” qəzetinə müsahibəsində səsləndirdiyi Azərbaycanda, guya, müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin həbs olunması və onların azad olunması ilə bağlı qərəzli iddialarını da cavablandırıb.
Özünün qərəzli açıqlamasında ölkəmizdə insan haqlarının tapdanmasından, siyasi sifarişli həbslərdən dəm vuran Frank Şvabeyə XİN nümayəndəsi belə cavab verib: “Azərbaycanda hər hansı bir vətəndaşın siyasi əqidəsinə və ya fikirlərinə görə təqib olunduğu, özlərini jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edən şəxslər barədə cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlər kökündən yanlışdır və qəbuledilməzdir”. Şərhdə, həmçinin cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsinin hüquqi prosedurlarla açıq ziddiyyət təşkil etdiyi, məhkəmə hakimiyyətinə müdaxilə cəhdlərini Aİ-nin təbliğ etdiyi dəyərlərə zidd olduğu parlamentarilərin diqqətinə çatdırılıb.
2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsinə səs verən deputatların Azərbaycana buraxılmayacağı şərhdə açıqlanmışdı. AŞPA deputatlarının 7 ay bundan əvvəl qəbul etdikləri bu qərarına səbəb kimi Azərbaycanın Avropa Şurasının üzvü qismində, guya, üzərinə götürdüyü öhdəlikləri müntəzəm surətdə pozması göstərilib.
Əslində, Aİ-nin təkcə parlamentinin deyil, digər institutlarının da Azərbaycana qarşı hüquqi-siyasi şantaj, aşkar təxribat üsullarından gen-bol istifadə etməkdə kifayət qədər təcrübələri var. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına öz iradını bildirən Almaniya parlamentinin üzvü Frank Şvabe beş gün əvvəl “Azadlıq” radiosuna müsahibəsində ölkəmizə qarşı diplomatik etiketdən kənar, təhqiramiz ifadələr səsləndirib.
* * *
Bu məqamda Frank Şvabenin qaranlıq dosyesinə işıq salmağa ehtiyac yaranır. Əvvəlcə onu qeyd edək ki, bir sıra korrupsiya hallarında, çirkli biznes əlaqələrində adı hallanan Şvabenin ölkəmiz və onun rəhbərliyi barədə səsləndirdiyi fikirlər bu insanın mədəniyyətdən uzaq, qərəzli, saxtakar və ikiüzlü siyasətçi olmasından xəbər verir. “Ermənipərəstlik” bulağından su içdiyi şübhə doğurmayan alman sosial-demokratın Cənubi Qafqazda daxili sabitliyə, iqtisadi inkişaf tempinə və göstəricilərinə görə şəriksiz liderə çevrilmiş Azərbaycanın və onun siyasi rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlər, aydın məsələdir ki, ölkəmizin uğurlarına qarşı qısqanclıq kimi dəyərləndirilməlidir. Bundan savayı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, bölgədə separatizmin kökünü kəsən rəsmi Bakının yürütdüyü müstəqil siyasəti, bunun sayəsində beynəlxalq miqyasda siyasi nüfuzunun artması Şvabe kimi “avropeidlərin” məkrli niyyətləri ilə üst-üstə düşmür. Bu reallıq onları daha çox narahat edir.
“Stanonun, Şvabenin, ya da AŞPA prezidenti Teodor Russopulosun nə danışdıqlarının, nə yazdıqlarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”. Bunu “XQ”yə açıqlamasında politoloq Rasim Musabəyov dedi. Onların yanvar ayında ədalətsiz və sərt qərar verdiklərini və bu qərarı geri çəkməyincə Azərbaycanın bu qurumla hər hansı dialoqa girməyə həvəs göstərməyəcəyini vurğuladı: “Əgər onlar öz qərarlarını o cür veriblərsə, biz də bu cür vermişik. Yəni, AŞPA özünün daxili problemləri ilə bizsiz məşğul olsun, biz isə öz məsələlərimizi bildiyimiz formada həll edəcəyik. Yenə deyirəm, Avropa parlamentarilərinin hansı fikirləri söyləmələri ilə Azərbaycan özünün xarici siyasətində dəyişiklik etmək niyyətində deyil. İndi vəziyyət otuz il əvvəlkindən tamamilə fərqlidir”.
* * *
Yeri gəlmişkən, almaniyalı deputat Frank Şvabeyə yaxşı məlumdur ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamalarının səbəbi ölkəmizə siyasi səviyyədə verilən vədlərə baxmayaraq, bu qanunverici qurumda Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir. Məsələyə qətiyyən aidiyyəti olmasa da, Azərbaycan–Rusiya münasibətlərinin mövcud durumundan “narahatlığını” bildirən Şvabenin özünün Almaniyada və AŞPA-da Rusiya ilə yaxından əməkdaşlıq edən, hətta Rusiyanın “Qazprom” şirkəti ilə “işgüzar əlaqələrə” malik şəxslərdən biri olması barədə danışması daha məntiqli olardı. Bunlar az imiş kimi, onun Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a sədrliyini, ümumiyyətlə, bu prosesə dəxli olmayan siyasi motivlərlə şərtləndirilməsi, qlobal iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şvabenin ölkəmizə qarşı aşkar qərəzinin, ermənipərəst mövqeyinin növbəti nümayişi sayılmalıdır.
İndi də gələk qitənin ali qanunverici qurumunun başçısı – AŞPA prezidenti Teodor Russopulosun Azərbaycan XİN-nin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycanda persona non-qrata elan edilməsi ilə bağlı bəyanatına cavab məktubuna. “Bu, sadəcə olaraq, Azərbaycanın Avropa Şurasındakı hazırkı mövqeyini çətinləşdirən və təəssüf doğuran siqnaldır. Üzv dövlətlər demokratiya standartlarına riayət etmək öhdəliyi götürüblər. Buna görə öz vicdanlarına uyğun olaraq səs verənləri qara siyahıya salmaq yalnız əks-nəticəyə gətirib çıxara bilər”. AŞPA-nın yunan əsilli başçısı Russopulos siyasi sabotaj sayılacaq bu açıqlamasını “X” platformasındakı hesabında yazıb.
Bəli, bütün bu olayların Azərbaycanın evsahibliyi edəcəyi COP29 ərəfəsində baş verməsi qətiyyən təsadüf sayıla bilməz. Son aylar Ağ evin də dəstəklədiyi “kollektiv Qərbin” yeni anti-Azərbaycan kampaniyasının tərkib hissəsi olan bu açıqlama və bəyanatlar, ilk növbədə, bölgədə dayanıqlı sülhün və kövrək sabitliyin yaranmasının qarşısını almağa və bu zəmində Cənubi Qafqazda maraqlarını təmin etməyə yönəlik cəhdlərdir. Buna paralel olaraq Ermənistanın intensiv silahlandırılması da nəzərə alınsa, hadisələrin hansı məcrada inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir.
Hər şeydən göründüyü kimi, “səlibçilər” yenə ikiüzlü və ikibaşlı kampaniyaya başlayıblar. Beynəlxalq qanun və qaydalarla imitasiya edən, çeşidli siyasi donlara girən, əslində, isə ultra-sağçı və millətçi ünsürlərin üfunət iyi verən açıqlamalarından bu kampaniyanın iç üzünün, motivinin silueti aydın görünür: Azərbaycana təzyiqi artırmaq, onu Ermənistanla sülh danışıqlarında güzəştə getməyə məcbur etmək. Amma rəsmi Bakı çox doğru qərar qəbul edərək, özünün milli maraqlarına və dəyişməz prinsiplərinə söykənərək, ölkəmizə qarşı çıxan, özlərində dini, irqi ayrı-seçkiliyə yol verən, Avropa İnsan Hüquqları Konvensiyasının şərtlərini pozan məlum AŞPA üzvlərini arzuolunmaz şəxslər elan edib. Bizi bu qərarın acı nəticələr verə biləcəyi ilə qorxutmağa çalışanlar isə təqsiri özlərində axtarsınlar və növbəti uğursuzluqlarına hazırlaşsınlar.
İmran BƏDİRXANLI
XQ