Ölkəmiz dünyada 4-cü fındıq ixracatçısıdır

post-img

Ötən il bu sahədən qazanc 119,6 milyon dollar olub

Son illər Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət dəstəyi getdikcə gücləndirilir, bu sahədə ardıcıl islahatlar aparılır, məhsuldarlığı və istehsalı artıran “ağıllı kənd təsərrüfatı” kimi prinsiplər və layihələr tətbiq olunur. Məhz bu tədbirlərin nəticəsidir ki, kənd təsərrüfatı sektoru ölkənin qeyri-neft iqtisadiyyatının mənzərəsinin əsas sahələrindən birinə çevrilib. Elə qeyri-neft sektorunun ixracında aqrar sektorun payının ildən-ilə artması da bunu təsdiq edir.

Ölkəmizdə kənd təsərrüfatının bitkiçilik sahəsinin ənənəvi və önəmli istiqamətlərindən biri də fındıqçılıqla bağlıdır. Son illər dövlətin fındıqçılığın inkaşfına göstərdiyi lazımi dəstək fermerlərdə bu sahəyə marağı xeyli artırıb. Bunun nəticəsidir ki, ölkədə fındıq bağlarının sahəsi ildən-ilə genişləndirilir. Sözügedən sahə əlverişli iqlim və dövlətin strateji təşəbbüsləri­nin sinerjisi nəticəsində qeyri-neft sektorunun ixracına mühüm töhfə verməyə davam edir. 

Bu kompleks tədbirlər sayəsində ölkəmiz qlobal səviyyədə dünyanın ixrac liderləri ara­sında mövqeyini möhkəmləndirib. Beynəlxalq Ticarət Mərkəzinin 2023-cü il üzrə son mə­lumatlarına görə, Azərbaycan qlobal meşə fındığı ixracatçıları siyahısında 4-cü yerdə qərarlaşıb. Belə ki, ötən il ölkəmiz dünya ba­zarına 119,6 milyon dollar dəyərində fındıq ixrac edib. Bununla da, Azərbaycanın fındığın qlobal ixracda payı 6,5 faizə çatıb. Sıralmada ilk üçlüyə isə Türkiyə (995,3 min ton – 53,8 faiz), Çili ( 232,6 min ton – 12,6 faiz) və İta­liya (185,8 min ton – 10 faiz) daxildir. Beşliyi isə ABŞ (99,1 min ton – 5,4 faiz) tamamlayıb.

Yeri gəlmişkən, Azərbaycanda yetişdirilən meşə fındığı üstün keyfiyyətə və zəngin dada malik olduğundan beynəlxalq bazarlarda get­dikcə daha çox müştəri qazanır. Əvvəlki illər­də bu məhsul əsasən Rusiya, Almaniya, İtaliya və İsveçrəyə ixrac olunub. Lakin ölkəmizdə qeyri-neft ixracının şaxələndirilməsi ilə bağ­lı həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2023-2024-cü illərdə meşə fındığının ixrac coğrafiyası bir qədər də genişlənərək Ukrayna, Belçika, Estoniya və İsrail kimi ölkələri əhatə edib. 

Qeyd edək ki, Azərbaycanda fındıq yığı­mının 99 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür. 2023-2024-cü illərin statistik göstəricilərinə görə, ölkədə əsasən 39 şirkət fındıq ixrac edir. Onlardan 34-nün illik ixracı 100 min dolları, 24-nün isə illik ixracı 1 milyon dolları üstələyir. 

Ölkə iqtisadiyyatında qeyri-neft sektoru­nun payının artırılması kimi strateji hədəfi olan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO kənd təsərrüfatı məhsullarının, o cümlədən fındığın ixracının genişləndirilmə­sində və coğrafiyasının şaxələndirilməsində mühüm rol oynayır. İxracın təşviqi mexanizm­lərinin tətbiqi vasitəsilə qeyri-neft ixracının stimullaşdırılmasına töhfə verən AZPRO­MO-nun dəstəyi ilə fındıq ixrac edən 9 yerli şirkət 2023-cü ildə “Anuga 2023” və 6-cı Çin beynəlxalq idxal sərgiləri, 2024-cü ildə isə “Foodex Japan 2024”, “Prodexpo 2024” və “Russia Halal Expo 2024” kimi sərgilərdə, elə­cə də Cənubi Koreya şirkətlərinin Azərbayca­na təşkil olunmuş alıcı missiyasının görüşündə iştirak edib.

Bir məqamı da diqqətə çatdıraq ki, ölkə­mizdə qeyri-neft məhsullarının ixracının şaxələndirilməsi üçün nəzərdə tutulan təşviq mexanizmlərindən biri də sahibkarlara qey­ri-ənənəvi bazarlara çıxmağa kömək etmək məqsədilə logistika subsidiyalarının verilmə­sidir. Logistikaya dəstək mexanizmi ixracatçı­lara təkcə yeni və qeyri-ənənəvi bazarlara in­teqrasiyaya kömək etmək məqsədilə verilməsi nəzərdə tutulub. Bu da öz növbəsində fındıq ixracatçılarımızın yeni bazarlara çıxışını təş­viq edəcək.

Kənd təsərrüfatı üzrə ekspertlərin fikrincə, Azərbaycanda fındıqçılıq geniş əkin sahələri və yüksək məhsuldarlıqla xarakterizə olunur. Belə ki, 2023-cü ilin sonuna fındıq əkinlərinin sahəsi 81min 801,5 hektar təşkil edib. Ötən il ümumi məhsul yığımı isə 4,6 faiz artaraq 75 min 409,3 tona çatıb. Ölkəmizin ən çox fındıq bağlarının yerləşdiyi Şəki–Zaqatala və Quba–Xaçmaz iqtisadi rayonlarında 2023-cü ildə fın­dıq yığımı müvafiq olaraq 56 min 580,1 ton və 13 min 714,6 ton təşkil edib. 

Ölkə ərazisində subsidiya mexanizminin tətbiqi fındıqçılığa marağı artırır. Aqrar Sub­sidiya Şurasının qərarına əsasən, 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək boş olan meşə fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağ­larının hər hektarına görə 5 min manat məb­ləğində əkin subsidiyası ödənilib. Xatırladaq ki, subsidiya 1 hektara minimum 330 ədəd ocağın olduğu və damcı suvarma sistemi ilə təmin olunmuş intensiv meyvə bağlarına aid edilir. Subsidiya veriləcək digər meyvə bağla­rında isə 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması müəyyənləşdirilib. Yeri gəlmişkən, Aqrar Subsidiya Şurasının qərarı fındıq üzrə əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir və Yar­dımlı rayonlarına şamil edilir.

Bununla yanaşı, son illər Azərbaycanda kənd təsərrüfatında sığorta mexanizminin tət­biqi də fermerləri fındıq yetişdirməyə həvəs­ləndirir. Artıq təsərrüfat sahibi əmindir ki, baş verə biləcək hər hansı təbii fəlakət səbəbindən dəymiş ziyanın qarşılanmasında Aqrar Sığorta Fondu onun yanındadır. Məlum olduğu kimi, fındıq sahələrinin sığortalanması zamanı bit­kinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınır. Onu da qeyd edək ki, qaydalara əsasən, hesablama aparılması üçün fındığın 1 hektar sahəsi üçün məhsuldarlıq və məhsulun qiymət normaları müəyyən edilib. Daha doğrusu, sığorta fındı­ğın bir hektarı üçün məhsuldarlıq normasına uyğun olaraq ödənilir. Bu da məhsulun bir sentneri üçün, təqribən, 350-550 manat təşkil edir. 

Aqrar Sığorta Fondunun məlumatına görə, fındıq sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığorta­lanmış məhsulun yerləşdiyi ərazi dolu riskin­dən qorunma konstruksiyalarına malik olduq­da sığorta haqqına 5 faiz güzəşt edilir. Bundan əlavə, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5 faiz güzəşt almaq hüququna malikdir. Məsələn, hadisəsiz keçən bir ildən sonra sığorta haqqında 5 faiz, iki ildən sonra 10 faiz, üç ildən sonra isə 15 faiz güzəşt nəzərdə tutulur.

İqtisadiyyat