Naxçıvanın turizm potensialı dirçəldilir

post-img

Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamətdən birini də turizm təşkil edir. Proqramda qədim diyarda turistlərin tələbatına uyğun xidmət sahələrinin yaradılması əsas məqsədlərdən biri olduğundan son bir neçə ildə bu sahənin inkişaf etdirilməsi daha çox diqqət çəkir. Naxçıvan şəhərində turistlərin yerləşdirilməsi, onlara müasir iaşə xidmətlərinin göstərilməsi bu sektorda fəaliyyət göstərən sahibkarlar üçün əsas hədəflərdən biridir. Müasir dövrdə bu xidmətləri otel və mehmanxanalarla yanaşı, həm də onlara bağlı istirahət və əyləncə kompleksləri həyata keçirir. Məqsəd bir ünvanda turistlərə müxtəlif növ xidmətlərin göstərilməsini təmin etməkdir. Elə Naxçıvan şəhərində son illər istifadəyə verilmiş “Saat meydanı” istirahət kompleksi də bu cür turizm obyektlərindən biridir.

Hazırda Naxçıvana gələn yerli və əcnəbi qonaqların ən çox üz tutduqları bu kompleks muxtar respublikanın tanınmış sahibkarlıq subyektlərindən olan “APF otellər qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə daxildir. Cəmiyyətin direktoru Emil Bədəlov bizimlə söhbətində bildirdi ki, 7500 kvadratmetrdən çox əraziyə malik kompleks klassik və milli memarlıq üslubunda inşa olunub və ikimərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. 

Dairəvi formada tikilmiş binanın birinci mərtəbəsində fərqli ölkələrin mətbəxinə məxsus 4 restoran yerləşir və bu restoranlarda turistlər fərqli qast­ronomiya nümunələrindən yararlana bilərlər. Belə ki, “Dəstana” restoranında milli Azərbaycan yeməkləri, o cümlədən Naxçıvan mətbəxinin ləziz təamları, “Anadolu” restoranında türk, “Jasmin” restoranında çin və yapon, “Batumi” restoranında isə gürcü mətbəx nümunələri qonaqlara təklif olunur.

Buradakı “Chef M”də amerikan tərzi fast-food, “Chocha”da isə müxtəlif növ kofe və şirniyyat növləri təqdim edilir. Bundan əlavə, kompleksin birinci mərtəbəsində “Mini-mini” uşaq bağçası, gənclər üçün oyun zalı, hədiyyələr satılan mağaza, 4 zaldan ibarət 125 yerlik kinoteatr da yerləşir. 

Binanın ikinci mərtəbəsində isə “Saat meydanı” oteli fəaliyyət göstərir. Otel 43-ü standart, 4-ü süit olmaqla 47 otaqdan ibarətdir. Burada qonaqların gecələməsi üçün lazımi şərait yaradılıb. Bu sahibkarlıq subyektinə məxsus digər “Qrand” oteli isə 32 otaqdan ibarətdir. Bu otel də qonaqların istirahəti üçün lazımi şəraitə malikdir, həmçinin burada da restoran və kafe fəaliyyət göstərir. 

Qeyd edək ki, “Saat meydanı” istirahət kompleksi artıq muxtar respubli­kada bir çox tədbirlərin təşkil olunduğu ideal məkan kimi də tanınır. Məsələn, bu ilin may ayında təşkil olunan “BOOKFEST” kitab festivalı, iyundan Nax­çıvan Dövlət Universitetinin məzun günü, eləcə də bir çox muxtar respublika əhəmiyyətli tədbirlər məhz “Saat meydanı”nda keçirilib. 

Bu yaxınlarda Naxçıvanda təşkil ediləcək “Sığorta festivalı” da burada keçiriləcək. Artıq bununla bağlı hazırlıqlara başlanılıb. Müsahibimiz qeyd etdi ki, turizm xidmətləri müasir bilik, bacarıq və davranışları özündə cəmləş­dirdiyindən kadr hazırlığı da daim diqqət mərkəzində saxlanılır. Buna görədir ki, Naxçıvan Dövlət Universitetində turizm ixtisası üzrə təhsil alan tələbələr burada təcrübə məşğələlərinə cəlb edilir. 

Səbuhi HƏSƏNOV
XQ

İqtisadiyyat