7 ayda yükdaşıma 133,5 milyon tona yüksəlib
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında respublikamızın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 133,5 milyon ton (illik ifadədə 4,1 faiz çox) yük daşıyıb. Bunun 3,7 faizi dəniz, 8,1 faizi dəmir yolu, 0,2 faizi hava, 58,1 faizi isə avtomobil nəqliyyatının payına düşüb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,9 faiz artıb, yüklərin ümumi həcmində isə bu sektorun xüsusi çəkisi 78,2 faiz təşkil edib. Dəmir yolu nəqliyyatı ilə 10,8 milyon ton (+1,7 faiz), avtomobil nəqliyyatı ilə 77,6 milyon ton (+8,1 faiz) və hava nəqliyyatı ilə 233,4 min ton (+17,3 faiz) yük daşınıb.
Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, hesabat dövründə respublikada dəmir yolu nəqliyyatı ilə 1 milyard 792 milyon 589 ABŞ dolları dəyərində 4 milyon 74 min 238 ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib. “Azərbaycan Dəmir Yolları”nın (ADY) məlumatına görə, cari ilin yanvar-iyul aylarında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yük daşımalarının həcmi 434 min 651 ton (ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çox) olub. Tranzit yükdaşıma dəhlizin Azərbaycandan keçən Astara-Yalama və Yalama-Astara istiqamətləri üzrə gerçəkləşdirilib.
Yuxarıda vurğulanan müsbət göstəricilər nəqliyyat sektorunda həyata keçirilən islahatların məntiqi nəticəsidir. Hazırda Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, bu sektorda da irihəcmli layihələr reallaşdırılır, respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması prosesinə fəal şəkildə qoşulur, eləcə də ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Bütün bu tədbirlər isə yük daşımalarında yüksək göstəricilərin əldə edilməsi ilə nəticələnir.
Yeri gəlmişkən, ADY-nin strateji sənədinə əsasən, 2030-cu ilə qədər qarşıya bir sıra vacib tapşırıqlar qoyulub. Onların sırasında Şərq-Qərb və Şimal-Qərb dəhlizlərinə fokuslanaraq Çin-Türkiyə və Rusiya-Türkiyə ticarətindən daha çox yararlanmaq, ixrac və idxal əməliyyatlarında bazar mövqeyini saxlamaq, regional və qlobal tərəfdaşlıqları genişləndirmək, rəqabətədavamlı kommersiya əməliyyatları qurmaq kimi məsələlər diqqət mərkəzində saxlanılıb. Eyni zamanda, Bakı–Tbilisi–Qars dəmir yolu xətti və Orta Dəhlizlə əməliyyatlara xüsusi önəm vermək prioritet istiqamət olaraq qəbul edilib. Bunun üçün həm ölkə daxilində, həm də xaricdə müasir, inteqrə olunmuş və dayanıqlı şirkət brendinin formalaşdırılması istiqamətində zəruri addımların atılmasına başlanılıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin avqustun 19-da Azərbaycana dövlət səfəri çərçivəsində bir sıra mühüm məsələlərlə yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı məsələsi də müzakirə edilib. Prezidentlərin mətbuata bəyanatlarla çıxışlarında bu layihənin önəmi xüsusi vurğulanıb. Dövlətimizin başçısı adıçəkilən nəqliyyat dəhlizi haqqında danışarkən, onu Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malik infrastruktur kimi qiymətləndirib: “Azərbaycanın ərazisində Şimal–Cənub nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırkı məqamda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox yüklərin daşınması imkanlarından danışırıq”.
Buradan aydın görünür ki, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub.
Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji planlaşdırma şöbəsinin müdiri
Qloballaşma və inteqrasiya proseslərinin dünyanı vahid iqtisadi orqanizmə çevirdiyi, İKT-nin ölkələr arasındakı məsafəni “kiçiltdiyi” bir zamanda nəqliyyat əlaqələri qlobal və milli çərçivədə daha ciddi önəm kəsb etməyə başlayıb. Müasir dövrdə hansısa ölkəni özünütəcrid vəziyyətində təsəvvür etmək qeyri-mümkündür. Artıq xarici bazarlara çıxmaq, dünya bazarında rəqabətqabiliyyətli milli məhsullarla mövqe tutmaq, qlobal məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, milli və beynəlxalq miqyasda baş verən dəyişikliklərə çevik uyğunlaşmaq qabiliyyəti kimi amillər ayrı-ayrı milli dövlətlərin, eləcə də bütövlükdə dünyanın dinamik və davamlı tərəqqisinin zəruri şərtinə çevrilib. Bütün bu prosesləri nəqliyyatsız təsəvvür etmək qeyri-mümkündür. Bu isə o deməkdir ki, beynəlxalq nəqliyyat dəhlizləri milli dövlətlərin iqtisadi mövcudluğunun və davamlı inkişafının mühüm tərkib hissəsidir.
Bu mənada, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün” Fəaliyyət Planı mühüm əhəmiyyət kəsb edir. Fəaliyyət Planında konkret məsələlər üzrə 24 istiqamətdə müxtəlif tədbirlərin reallaşdırılması nəzərdə tutulur ki, bu da nəqliyyat-tranzit-logistika xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirməyə, ölkəmizin mövcud daşıma xidmətləri potensialından daha səmərəli şəkildə istifadə etməyə şərait yaradacaq.
Müasir dövrdə beynəlxalq nəqliyyat dəhlizləri artıq bir dəyər zəncirinə çevrilib. Daşınma xərclərinin hazır məhsulların üzərində təsiri yeni bir dəyər formalaşdırır. Bu dəyərin formalaşmasında dəhlizlər boyunca bütün ölkələrin bu və ya digər şəkildə payı var. Eyni zamanda da bu dəyər cəmiyyətin layiqli həyat səviyyəsinə və iqtisadiyyatın normal fəaliyyətinə ciddi şəkildə təsir imkanlarına malikdir. Aydındır ki, məsafə və zaman daşınma xərcləri ilə düz mütənasibdir. Dəhlizlərin daha əlverişli və qısa ərazilərdən keçməsi arzuolunandır. Eyni zamanda, məsafələrin qısaldılması mümkün olmadıqda belə, üzv dövlətlərin daşınma müddətini qısaltmaq imkanları mövcuddur ki, bu da xərclərin azaldılmasına təsir edir.
Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən, tədbirlər həyata keçirən Azərbaycan Respublikası, nəhayət, 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilmək imkanları daha da artdı. Onu da qeyd edək ki, Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir.