“Parlament seçkilərinin azad edilmiş ərazilərimizi də əhatə etməsi bir ilkdir. Bu, bizi qürurlandırır. Torpaqlarımızın düşmən işğalından qurtarılmasında iştirak etmiş bir şəxs kimi mən də bu seçkilərə görə böyük fəxarət hissi keçirirəm”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov deyib.
“Mən də o torpaqların azad edilməsi uğrunda döyüşmüşəm, yaralanmışam və Ali Baş Komandan İlham Əliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşəm. İndi həmin torpaqlarda parlament seçkilərinin keçirilməsi bizim üçün qürurdur, fəxrdir. Həm də ona görə fəxrdir ki, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı və onların ruhu şaddır ki, bu gün uğrunda canlarını verdikləri Vətən torpağı azaddır. Mən hər kəsi bu parlament seçkilərində fəal iştirak etməyə səsləyirəm”.