İtaliyanın katolik icmasına məxsus “Farodi Roma” qəzetində Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərdən bəhs edən məqalə dərc olunub.
“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, yazıda parlament seçkilərinin ən mühüm cəhətinin ilk dəfə Azərbaycanın bütün ərazilərində, o cümlədən 2020-ci ilə qədər Ermənistanın işğalı altında qalmış ərazilərdə keçiriləcəyi bildirilir. Məqalədə vaxtilə erməni işğalı altında qalan və azad edilən ərazilərdə parlament seçkiləri ilə əlaqədar ilk dəfə olaraq seçki məntəqələri yaradıldığı diqqətə çatdırılır.
Qeyd olunur ki, növbədənkənar parlament seçkilərində mindən çox vətəndaş deputatlığa namizədliyini irəli sürüb və Milli Məclisə 125 deputat seçiləcək. İndiyədək 40-dan çox ölkədən və 30-dək beynəlxalq təşkilatdan xarici müşahidəçinin qeydiyyatdan keçdiyi deyilən məqalədə ölkəmizin Cənubi Qafqaz regionunda getdikcə daha çox nüfuz qazandığı vurğulanır.
“Farodi Roma”, həmçinin noyabrda Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının – COP29 sessiyasının keçiriləcəyi və ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə zəngin təcrübəyə malik olduğu vurğulanır.