Yaşı 100-ü keçmiş 3 seçici var
“63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi üzrə 51331 seçici 51 seçki məntəqəsində səs verəcək. Seçicilərin 43425 nəfəri Hacıqabul, 7906 nəfəri isə Kürdəmir rayonu üzrə qeydiyyatdadırlar”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 63 saylı Hacıqabul–Kürdəmir Dairə Seçki Komissiyasının sədri Məhəmməd Hacıyev deyib. Onun sözlərinə görə, dairə üzrə ilk dəfə səs verəcək gənclərin sayı 755-dir. “Yaşı 100-dən yuxarı 3 seçici qeydiyyatdadır. Onların üçü də Hacıqabul rayon sakinidir”, – DSK sədri bildirib.
Sərbəst səsvermə üçün zəruri şərait yaradılıb
“Xaçmaz şəhər seçki dairəsində seçkiyə hazırlıq prosesi qanuna uyğun şəkildə həyata keçirilir”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 57 saylı Xaçmaz Şəhər DSK-nın sədri Bəhram Ömərov deyib.
“Dairə üzrə 48 seçki məntəqəsi və 50 minə yaxın seçici var. 400-dən çox gənc ilk dəfə səs verəcək. 700-dən artıq müşahidəçi qeydiyyatdan keçib. 8 nəfər deputatlığa namizəddir. Onlar seçicilərlə görüşmək üçün açıq və qapalı məkanlarla təmin ediliblər”, – DSK sədri bildirib.
Dünya azərbaycanlıları seçkiləri yaxından izləyirlər
“Ukrayna daxil olmaqla dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Milli Məclisə seçkiləri yaxından izləyir. Namizədlərin qeydə alınması prosesində beynəlxalq seçki prinsiplərinə əməl olundu. Hazırda davam edən seçkiqabağı təşviqat kampaniyasında qeydə alınmış namizədlərə yaradılan bərabər şərait Azərbaycanın demokratik seçki ənənəsinin göstəricisidir. Bu ənənə səsvermə prosesinin də tam şəffaf və azad şəkildə keçiriləcəyinə əminlik yaradır”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyinin sədri Rac Qasımov deyib.
554 gənc ilk dəfə səs verəcək
“117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi 3 rayonun bir hissəsini əhatə edir. Seçki dairəsinin inzibati ərazisi üzrə 64 seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin 40-ı Oğuz, 20-si Qəbələ, 4-ü isə Şəki ərazisində yerləşir”. Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 117 saylı DSK-nın sədri Rəsul Cəfərov deyib. O bildirib ki, dairədə 54 min 690 seçici qeydiyyata alınıb. İlk dəfə səs verənlərin sayı 554 nəfərdir. Ən yaşlı seçicinin 99 yaşı var.
İ.HƏSƏNQALA
XQ