Otuz iki ildən sonra yurd həsrətinə son qoyulmuş, Böyük Qayıdış çərçivəsində köç karvanlarına qoşularaq daimi məskunlaşmaq üçün doğma ocağa qayıtmış xocalılılar Milli Məclisə seçkilərə böyük ruh yüksəkliyi ilə hazırlaşırlar. Erməni işğalından azad edildikdən sonra qısa müddətdə yenidən qurulan şəhərdə hazırda seçki ab-havası hökm sürür.
118 saylı Ağdam–Xocalı seçki dairəsinin 73 saylı məntəqə seçki komissiyasının sədri Ceyhun Əbdülovdan aldığımız məlumata görə, Xocalı şəhər 1 saylı tam orta məktəbin binasında yerləşən məntəqədə parlament seçkilərinə hazırlıq yüksək səviyyədə davam edir: “Milli Məclisə seçkilər ata-baba yurdlarına qayıtmış Xocalı sakinləri üçün xüsusilə əlamətdar hadisədir. İlk dəfə olaraq Xocalı şəhərinin özündə seçki məntəqəsi yaradılıb və xocalılılar 32 ildən sonra doğma vətənlərində səsvermə hüquqlarından istifadə edəcəklər. Hazırlıq prosesi MSK-nın Təqvim Planına uyğun aparılır və seçkilərin azad, şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər görülür. Məntəqə lazımi avadınlıqla təhciz edilib, səsvermə kabinələri tam hazır vəziyyətə gətirilib. Maarifləndirici materiallar lazımi yerlərə asılıb. Eləcə də, komissiya üzvlərinin və müşahidəçilərin səsvermə günü öz vəzifələrini normal şəkildə həyata keçirmələri üçün şərait yaradılıb”.
Sədr məlumat verdi ki, seçki məntəqəsinin üzvləri DSK-da keçirilən treninqlərdə iştirak ediblər. Onlara seçki qanunvericiliyi ilə verilən hüquqlar, məsul olduqları vəzifələr bir daha geniş şəkildə izah olunub.
Xocalı şəhərində ilk dəfə yaradılmış 73 saylı məntəqənin fəaliyyəti ölkəmizdə parlament seçkilərini izləyəcək beynəlxalq müşahidəçilərin də diqqət mərkəzindədir. C.Əbdülovun sözlərinə görə, avqustun 17-də ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun müşahidəçiləri məntəqədə olub və burada seçkilərə hazırlıq prosesi ilə maraqlanıblar: “Məntəqəmiz yeni tikilmiş müasir məktəb binasında yerləşir. Müşahidəçilər burada azad və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şəratin yaradıldığının şahidi olublar”.
Qeyd edək ki, Xocalı rayonunun ərazisində daha iki – 71 və 72 saylı seçki məntəqələri fəaliyyət göstərir.
Mahir Rəsuloğlu,
XQ-nin Qarabağ müxbiri
Xocalı