Seçkilərdə hər birimiz səs verərkən sol əlimizin baş barmağının gözlə görünməyən mürəkkəblə işarələndiyinin şahidi olmuşuq.
Bunun edilməsi məcburidirmi və yaxud barmağın işarələnməsindən imtina etmək olarmı?
Suala cavab olaraq “Seçki 2024” Müstəqil Media Mərkəzi məlumat verir ki, seçicinin barmağının gözlə görünməyən mürəkkəblə işarələnməsi Seçki Məcəlləsinin tələbidir. Məcəllənin 104.6-cı maddəsində göstərilir ki, seçiciyə seçki bülleteni vermədən öncə onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsi gözlə görünməyən mürəkkəblə işarələnməlidir.
Bu və ya digər səbəbdən barmağının işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilmir və ondan seçki məntəqəsini tərk etməsi tələb olunur. Daha sonra bu barədə seçici siyahısında “İşarələnmədən imtina etdi” qeydi aparılır.