Treninqlər davam edir
Milli Məclisə növbədənkənar seçkilərə hazırlıq ölkənin müxtəlif dairələrində davam edir. 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy, Ağsu, habelə 31 saylı Suraxanı seçki dairələrində MSK-nın təşkil etdiyi treninqlərə məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri cəlb olunublar. Treninqlərdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, səslərin hesablanması, protokolun doldurulması, həmçinin digər mövzularda müzakirələr aparılır və suallar cavablandırılır.
Müşahidə Missiyası Audiovizual Şurada
Azərbaycan Respublikası Audiovizual Şurasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilib. Şuranın aparat rəhbəri Fazil Novruzov qonağa “Media haqqında” Qanunun qəbulundan sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, tele-radio kanallarının monitorinqi barədə geniş məlumat verib. Görüş zamanı Milli Məclisə növbədənkənar seçkilərlə bağlı televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinqi və sair məsələlərlə bağlı qonağı maraqlandıran suallara cavab verilib.