“Milli Məclisə seçkilər Azərbaycan tarixinə fərqli formada düşəcək. Çünki xalqımız 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı nəticəsində tam azad edilmiş torpaqlarda ilk dəfə öz deputatlarını seçəcəkdir”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov deyib. O, Vətən müharibəsi zamanı Azərbaycan xalqının birləşərək öz iradəsini ortaya qoyduğunu vurğulayıb:
“Qurtuluş savaşında Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən yəhudilər yumruq kimi birləşdilər. Bunun nəticəsində Milli Məclisə seçkiləri Şuşada, Laçında, Xankəndidə və işğaldan azad olunmuş digər ərazilərimizdə də keçirə bilirik. Doğma yurduna qayıdan yerli əhali, keçmiş məcburi köçkünlər artıq öz deputatlarını yaşadıqları tarixi torpaqlarında seçəcəklər. Bütün bunlar bizi qürurlandırır. Multikultural dəyərləri qoruyub saxlayan Azərbaycan son illər ardıcıl şəkildə bir neçə tarixi hadisəyə imzasını atıb. 2020-ci ildən başlayan bu tarixi hadisələrin siyahısına Milli Məclisə keçiriləcək seçkilərin də düşəcəyinə əminəm.
1 sentyabr seçkilərində ölkədə yaşayan bütün xalqların nümayəndələrinin fəal olacağına əminəm”.