“Mərkəzi Seçki Komissiyası bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır”. Bunu “Secki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, deputatlığa namizədlərin bərabər şərtlərlə təşviqat kampaniyasını aparması üçün qanunvericiliyin tələblərinə uyğun lazımi addımlar atılıb:
“Bütün dairələrin ərazisində müvafiq qurumlarla əməkdaşlıq şəraitində kifayət qədər, hətta artıqlaması ilə açıq və qapalı yerlər müəyyənləşdirilib.
Ümumilikdə, respublika üzrə 5 506 açıq və qapalı yer ayrılıb. Həmin yerlər heç bir ödəniş tələb olunmadan təşviqat subyektlərinin sərəncamındadır. Namizədlər ayrılmış yerlərdə sərbəst şəkildə öz seçiciləri ilə görüşmək imkanına malikdirlər. Eyni zamanda, deputatlığa namizədlər ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı MSK-ya müraciət etmiş 58 media qurumunda bərabərlik prinsipi əsasında və eyni şərtlərlə ödənişli təşviqat apara bilərlər”.
R.Qasımov onu da əlavə edib ki, bütün namizədlərdən qanunvericiliyin tələblərinə uyğun, bir-birinə qarşılıqlı hörmət şəraitində təşviqat aparmaları təvəqqe olunur: “Təşviqatın məqsədi digər namizədlərə qarşı kampaniya aparmaq deyil, seçicilərə öz ismarıclarını çatdırmaq olmalıdır”.
XQ