Seçki hüquq münasibәtlәrinin mәzmununda seçki prosesi dövründә seçkilәrlә bağlı obyektiv mәlumatların yayılması vә әldә edilmәsi üzrә hüquq, azadlıq vә vәzifәlәr, habelә hәmin hüquq vә azadlıqların hәyata keçirilmәsi tәminatları xüsusi yer tutur. Müasir şәraitdә seçkilәrin informasiya tәminatı olmadan seçki prosesinin hәyata keçirilmәsi real görünmür. Seçkilәrin informasiya tәminatı әsasәn iki aspekti özündә әks etdirir: seçicilәrin mәlumatlandırılması və seçkiqabağı tәşviqat.
Seçkilәrin informasiya tәminatının başlıca mәqsәdi hәm seçki kampaniyasının gedişi, hәm dә namizәdlәr barәdә dolğun mәlumatların verilmәsindәn ibarәtdir. Seçicilәrin mәlumatlandırılması onlara seçki qanunvericiliyinin müddәaları, seçkilәrin tәşkili vә keçirilmәsi, seçki hәrәkәtlәrinin yerinә yetirilmәsinin müddәtlәri vә qaydası, qeydә alınmış namizәdlәrlә bağlı informasiya verilmәsini nәzәrdә tutur. Seçkilәrin işıqlandırılması üzrә media subyektərinin fәaliyyәti seçicilәrin mәlumatlandırılmasının formalarından biri kimi çıxış edir.
Media subyektləri cәmiyyәtdәki iqtisadi, siyasi, ictimai vә sosial durum haqqında, dövlәt orqanlarının, bәlәdiyyәlәrin, idarә, müәssisә vә tәşkilatların, ictimai birliklәrin, siyasi partiyaların, vәzifәli şәxslәrin fәaliyyәti barәdә operativ vә doğru mәlumatlar almaq hüququna malikdirlәr. Bu hüquq Azәrbaycan Respublikasının qanunvericiliyindә göstәrilәn hallardan başqa, mәhdudlaşdırıla bilmәz. Seçki kampaniyası ilә bağlı tam, obyektiv vә mötәbәr informasiya vәtәndaşlar tәrәfindәn seçki hüquqlarının dolğun vә sәmәrәli surәtdә hәyata keçirilmәsinin vә seçicidә onun seçiminә tәsir göstәrәn müәyyәn prioritetlәrin formalaşmasının әn zәruri şәrtlәrindәn biri kimi çıxış edir.
Seçki prosesindә media subyektləri iki aspektdә mühüm rol oynayır: mәlumatlandırma vasitәsi kimi və tәşviqat vasitәsi kimi.
Media subyektlərinin seçki kampaniyasında rolu әvәzsizdir. Mәlumdur ki, namizәdlәr vә ya siyasi partiyalar haqqında әhalidә yaranan tәsәvvürü, başlıca olaraq, media subyektləri formalaşdırırlar. Bundan başqa, müasir media mahiyyәtcә vәtәndaşlarda siyasi seçki motivasiyası yaradan başlıca faktorlardan biridir. Media subyektlərindən mәharәtlә istifadә edilmәsi әhalinin әsas tәbәqәlәrinin, müxtәlif hakim dairәlәrin vә ya ayrıca maraq qruplarının dәstәyini qazanmağa imkan yarada bilәr. Media subyektlərindən fәaliyyәtinin bu xüsusiyyәti seçki kampaniyasının hәyata keçirildiyi dövrdә özünü daha bariz şәkildә büruzә verir. Bu baxımdan tәsadüfi deyildir ki, siyasi texnoloqlar vә rabitә sahәsindә mütәxәssislәr seçki kampaniyasının vә namizәdin seçki qәrargahının işinin mühüm elementi kimi media subyektləri ilә sәmәrәli münasibәtlәrin qurulmasını göstәrirlәr.
Qeyd etmәk lazımdır ki, seçki kampaniyası çәrçivәsindә media subyektləri әn müxtәlif vәzifәlәri yerinә yetirә bilәrlәr: fәaliyyәti artıq seçilmiş olan istiqamәtә yönәltmәk; passiv vәtәndaşları seçkilәrdә iştiraka cәlb etmәk; formalaşmış әqidәni yenilәyәrәk vә möhkәmlәndirәrәk tәrәfdarları saxlamaq; siyasi prioritetlәri dәyişmәk. Seçki kampaniyalarının aparılması tәcrübәsi media subyektlərinin seçki prosesindә iştirakının aşağıdakı istiqamәtlәrini fәrqlәndirmәyә imkan verir:
– seçki qanunvericiliyinin tәşәkkülü vә yenilәnmәsi, seçki hüququ vә seçki prosesinin müxtәlif institutlarının hüquqi tәnzimlənməsi, habelә referendumların tәşkili vә keçirilmәsi ilә bağlı problemlәrin tәhlili vә işıqlandırılması;
– seçki kampaniyasının vә onun nәticәlәrinin geniş vә ardıcıl surәtdә işıqlandırılması;
– seçkiqabağı tәbliğatın aparılması üçün seçici birliklәrinә, seçki bloklarına, namizәdlәrә ödәnişsiz vә ödәnişli efir vaxtının, nәşr imkanlarının tәqdim edilmәsi ilә bağlı tәşkilati vә texniki xarakterli mәsәlәlәrin hәll edilmәsi;
– seçki prosesinin müxtәlif iştirakçıları tәrәfindәn seçki vә referendum qanunvericiliyinә әmәl olunmaqla, seçki prosesi üzәrindә geniş ictimai nәzarәtin hәyata keçirilmәsi.
Media subyektləri seçki kampaniyasında öz funksiyalarını hәm dә siyasi partiya vә namizәdlәrin seçki proqramlarının, habelә seçki prosesindә irәli sürdüklәri ideya vә tәkliflәrin müzakirәsi, tәnqidi vә dәstәklәnmәsi yolu ilә hәyata keçirirlәr.
Media subyektləri nümayәndәlәrinin tәlәbi ilә seçki komissiyası qәrarlarının, sәsvermәnin nәticәlәri vә seçkilәrin yekunları haqqında protokolların surәtlәri seçki komissiyası tәrәfindәn tәsdiq olunmalıdır.
Seçki Mәcәllәsinin 77-ci maddәsi seçkiqabağı tәşviqat zamanı media subyektərinin aşağıdakı әsas vәzifәlәrini müәyyәn edir:
a) İctimai televiziya və radio yayımçıları və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilərsə, ictimai televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü, üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Göstərilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər. Dövlətə məxsus olan televiziya və radio yayımçıları vasitəsilə seçkiqabağı təşviqat aparılmır.
b) Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan televiziya və radio yayımçıları, habelə dövri nəşrlərin redaksiyaları prezidentliyə qeydə alınan namizədlərə, birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar. Mərkəzi Seçki Komissiyası göstərilən televiziya və radio yayımçılarının və dövri nəşrlər redaksiyalarının siyahısını seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edilməsi günündən 20 gün gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən dərc edilir.
İlkin ŞAHBAZOV,
Mərkəzi Seçki Komissiyasının üzvü