Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) və Naxçıvan Muxtar MR Mərkəzi Seçki Komissiyası tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, “Vətəndaşların seçki hüququnun konstitusion əsasları” mövzusunda tədbir keçirilib.
Dəyirmi masa formatında təşkil edilən tədbirdə dövlət orqanlarının əməkdaşları, seçki məntəqələrinin məsul şəxsləri, gənc seçicilər və media nümayəndələri iştirak ediblər.
Ombudsman aparatı tərəfindən hazırlanmış “Azərbaycan parlamenti müstəqillik illərində” adlı videoçarxın nümayişindən sonra çıxış edən muxtar respublikanın ombudsmanı Günay Rzayeva vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunması və seçki sisteminin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təminatı barədə danışıb.
Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə Naxçıvan MR Ali Məclisinə seçkilərin keçirilməsi ilə bağlı görülən işlər və birgə təşkil edilən maarifləndirici tədbirlərin əhəmiyyəti barədə məlumat verib.
Sonra “Vətəndaşların seçki hüququnun təmin olunması” mövzusunda təqdimat edilib, ilk dəfə seçki hüququndan istifadə edən gənclərə “Mənim seçki hüququm” adlı bukletlər paylanılıb, xatirə fotosu çəkilib.
XQ