Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmin olunması” mövzusunda hüquqi maarifləndirici tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti “dəyirmi masa” Masallıda təşkil olunub.
Tədbirdə çıxış edən MSK üzvü Validə Kazımova Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən danışıb, MSK və Ombudsman aparatı tərəfindən birgə təşkil olunan tədbirlərin bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından vacib rol oynadığını nəzərə çatdırıb.
Komissiya üzvü, həmçinin MSK tərəfindən görülən işlər, eləcə də təşkil edilməsi planlaşdırılan tədbirlər barədə də ətraflı məlumat verib, bu cür tədbirlərin davam etdirildiyini vurğulayıb.
Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı çıxışında dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.10-cu bəndinin tələbləri barədə məlumat verib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb. O, ombudsman Səbinə Əliyevanın təşəbbüsü, MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirildiyini, bu istiqamətdə tədbirlərin artıq Bakıda, Gəncədə və Şəkidə baş tutduğunu, bu gün isə növbəti “dəyirmi masa”nın Masallıda təşkil olunduğunu diqqətə çatdırıb.
A.Səfixanlı, eyni zamanda, ölkəmizdə vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib, müşahidəçilik institutunun əhəmiyyətindən, müvəkkilin və təsisatın bu prosesdəki rolu barədə tədbir iştirakçılarına məlumat verib. Sonra MSK Katibliyinin Təşkilat şöbəsinin baş məsləhətçisi Şirzad Məmmədli tədbirdə məruzə edib. O, respublikamızda seçkilərin yüksək səviyyədə təşkil olunması ilə bağlı görülən tədbirlərdən, MSK tərəfindən həyata keçirilən işlərdən, seçicilərin öz konstitusion hüquqlarını sərbəst şəkildə ifadə etməsi üçün yaradılan imkanlardan danışıb.
Tədbirdə, həmçinin mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
XQ