Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41 ünvanında yerləşən “Nərimanov 26” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftində yaranan nasazlıq nəticəsində vətəndaşın xəsarət alması ilə bağlı müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib. Liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınaraq, liftin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Nərimanov 26” MMC qarşısında məsələ qaldırılıb. Müvafiq akt tərtib edilib və yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı, liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MMC-nin rəhbərliyinə izah olunub.
P.ƏMİRCANOV
XQ