Qlobal Media Forumun iştirakçıları Şuşa şəhəri ilə tanış olublar

post-img

Azərbaycan milli mətbuatının 149 illiyi münasibətilə keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Qlobal Media Forumunun iştirakçıları iyulun 21-də Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr edib, xatirə fotoları çəkdiriblər.

Sonra qonaqlar Şuşada yeni istifadəyə verilən Dövlət Xidmətləri Mərkəzində olublar. Onlara Mərkəzdə yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, ümumi daxili sahəsi 2600 kvadratmetr olan Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə ötən ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb.

Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərir.

Sonra Forum iştirakçıları Şuşanın şəhərin ən qədim məscidi olan Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Bildirilib ki, məscid onu inşa etdirən III Qarabağ xanı Mehdiqulu xanın bacısı məşhur şair və rəssam Gövhərnisə bəyimin şərəfinə adlandırılıb. Məscid eyni yerdə dörd dəfə təkrar inşa edilib. İlk məscid I Qarabağ xanı Pənahəli xanın təşəbbüsü ilə 1750-ci illərin əvvəllərində Şuşa qalası ilə eyni vaxtda qamışdan tikilib. 1768-1769-cu illərdə İbrahimxəlil xan qamış məscidi sökdürərək onun yerində daşdan yeni məscid tikdirib.

Qarabağda və bütün Cənubi Qafqazda məşhur xeyriyyəçi kimi tanınan Gövhər ağa isə iki dəfə həmin məscidin tikintisi ilə məşğul olub. Əvvəlcə XIX əsrin birinci yarısında onun şəxsi vəsaiti hesabına İbrahimxəlil xanın tikdirdiyi məscidin yerində Şuşanın ilk qoşa minarəli məscidi inşa edilib.

1883-cü ildə isə yenə də Gövhər ağanın ayırdığı maddi vəsaitlə həmin məscidin yerində 4-cü dəfə, sonuncu və bu günə qədər gəlib çatan qoşa minarəli cümə məscidi tikilib. Sonuncu mərhələdə məscidin memarı Qarabağda bir çox tarixi abidələrin müəllifi olan Kərbəlayi Səfixan Qarabaği olub. Minarələrin bəzəyi və məscidin mədrəsəsinin ikinci mərtəbəsindəki otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvabın əl işləridir.

Qonaqların diqqətinə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri 1992-ci ildə Şuşanın işğalı zamanı və ondan sonra Yuxarı Gövhər Ağa məscidini vandalcasına dağıtmışdılar. Məscidin interyeri tamamilə dağıdılmış, fasadına ciddi ziyan dəymiş, minarələr zədələnmiş, minbər hissələri uçurulmuşdu.

Vətən müharibəsi nəticəsində Şuşanın azad olunmasından sonra məscid yenidən təmir və bərpa edilib. 2023-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə məscidin açılışı olub. Hazırda öz təyinatı üzrə fəaliyyət göstərən Yuxarı Gövhər Ağa məscidi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Gəzinti zamanı qonaqlara işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, şəhər işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib. Qeyd olunub ki, tarixi, dini və memarlıq abidələrinin bərpa və yenidən qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir.

Forum iştirakçıları Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.



























Son xəbərlər