Bu ayın əvvəlində dünyanı dolaşan bir xəbər bizim ölkəmizdə daha geniş əks-səda doğurdu: məhz Azərbaycan kökənli Türkiyə astronavtı Tuva Cihangir Atasevər kosmosa uçub və tarixi missiyasını uğurla başa vurub.
Xatırladaq ki, iyunun 8-də ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan başlanan “Qalaktika 07 kosmos uçuşu” 1 saat 20 dəqiqə davam edib. Suborbital uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. 15 dəqiqə ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübə həyata keçirilib. Daha sonra əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib. Suborbital araşdırma missiyası zamanı Tuva Cihangir Atasever, üzərində Azərbaycan və Türkiyə bayraqları işlənmiş forma geyinib. Astronavt uçuş missiyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə və Azərbaycan bayraqları ilə həyata keçirib.
Məlum olduğu kimi, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş hüququ qazanıb. Prezident Rəcəb Tayyib Ərdoğan ötən ilin aprel ayında İstanbulda keçirilən “TEKNOFEST”də Türkiyənin ilk astronavtlarının Alper Gezeravcı və Tuva Cihangir Atasever olacağını elan edib. Onlar 36 min namizədin arasından seçilib. Hər iki astronavt bir ildən çox NASA-da ciddi təlim proqramında iştirak ediblər.
Tuva Atasevər 12 avqust 1992-ci ildə Ankarada doğulub. Bilkənd Universitetinin elektrik və elektronik mühəndislik fakültəsini bitirib. Məzun olduqdan sonra Kaliforniyada magistr təhsili alıb və ardınca Türkiyənin ROKETSAN şirkətində 5 il sevdiyi sahədə çalışıb.
Kosmosa uğurlu uçuşdan Yerə qayıdınca Tuva özəl təəssüratlarını bölüşüb, ilk növbədə ailə üzvlərinin onunla qürur duyduqlarını söyləyib, həmçinin Bakıda yaşayan qohumlarını yada salıb. “Yanvar ayında Alper Gezeravcı beynəlxalq heyətlə kosmosa uçdu. İyunda isə növbə mənə çatdı. Çox həyəcanlı olsam da, ən özəl məqamlardan biri pəncərədən baxanda gördüyüm atmosferin maviliyi idi. Belə anları həm Türkiyəyə, həm də Azərbaycana bəxş etmək, hər iki bayraq qolumda və sinəmdə kosmosa uçmaq – təbii ki, bu təcrübənin mənim üçün xüsusi mənası var idi. Bunu bacardığım üçün çox şadam. Azərbaycan mənim ana vətənimdir, ürəyimdə xüsusi yer tutur. Anam orada doğulub. Dəfələrlə səfər etdiyim Bakı ilə bağlı unudulmaz uşaqlıq xatirələrim var.
Sonra Tuva deyib: “Məşhur bir deyim var: “Bir millət, iki dövlət”. Bizim iki bayrağımız var, amma bir millətik. Beləliklə, həm sevincli, həm də kədərli gündə ölkələrimiz yer üzündə yan-yana olduğu kimi, kosmosda bu iki ölkənin bayraqlarının sinəmdə yan-yana olması zərurətini hiss etdim. Bu iki bayrağı kosmosa aparmaq, ən azı 3 dəqiqəlik mikroqravitasiya və çəkisizliyi hiss etmək imkanı məni son dərəcə qürurlandırdı. Mən həqiqətən ümid edirəm ki, Türkiyə və Azərbaycan kosmik texnologiya sahəsində irəliləyişlər edəcək və bizə bu sahədə əldə edilən əlavə imkanlar sayəsində insanların həyat səviyyəsini yaxşılaşdıra biləcəyimiz bir gələcək göstərəcək”.
Üzərinə götürdüyü vəzifəyə görə çox xoşbəxt olduğunu dilə gətirən soydaşımız sonda bildirib ki, əldə etdiyi təcrübəni gənclərimizlə bölüşmək və onların daha iddialı addımlar atmalarını təmin etmək üçün səbirsizlənir.
Gənc astronavt “Vətənə qayıtdıqdan sonra Türkiyə bayrağını cənab Rəcəb Tayyib Ərdoğana, Azərbaycan bayrağını isə cənab İlham Əliyevə təhvil verməyi planlaşdırıram”, – deyə əlavə edib.