Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Almaniyanın Yustus Libix adına Gissen Universitetində keçirilən “Cənubi Qafqazda geoparkların idarə edilməsi” adlı beynəlxalq seminarda iştirak edib.
Bir həftə davam edən seminar Gissen Universitetinin Coğrafiya kafedrası (Almaniya), İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin V.Baqrationi adına Coğrafiya İnstitutu (Gürcüstan), akademik H.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı və DAAD (Alman Akademik Mübadilə Xidməti) fondunun maliyyə dəstəyi ilə keçirilib. Elmi məclisdə ölkəmizi Coğrafiya İnstitutunun icraçı direktor, dosent Zaur İmrani, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi dosent Elina Kərimova, Demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçisi Bəyimxanım Hüseynova və doktorant Aslan Babaxanov təmsil ediblər.
Tədbirdə Cənubi Qafqazda geoparkların təşkili, planlaşdırılması və perspektivləri, onların fəaliyyətində yarana bilən problemlər və onların həlli yolları, geoparkların verilənlər bazasının yaradılması, sahə məlumatlarının toplanılmasında yarana bilən çətinliklər və məhdudiyyətlər müzakirə olunub, Cənubi Qafqazda potensial imkanları geniş olan ərazilərdə geoparkların yaradılması və inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
Zaur İmrani “Azərbaycanın təbiət abidələri və geoparkların yaradılması üçün potensial ərazilər”, Bəyimxanım Hüseynova “Azərbaycanda geoparkların və geoturizmin perspektivləri: inkişaf və idarəetmə”, Aslan Babaxanov “Geoparkların inventarlaşdırması yolları: Təkmilləşdirilmiş Məlumat İdarəetməsi üçün SmartGIS-in inteqrasiyası” adlı məruzələrlə seminarda çıxış ediblər.
Tədbirə ev sahibliyi edən Gissen Universiteti iştirakçılar üçün UNESCO-nun bələdçiliyi ilə elmi ekskursiya təşkil edib. Tədbir iştirakçiları, eyni zamanda keramika muzeyi, geologiya muzeyi, tuf mədəniyyəti, vulkanik lava günbəzi, lava zirzəmisi, vulkanik göl və s. ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
XQ