İyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov, serjantlar Mahir Ağayev və Mirəli Heydərov torpağa tapşırılıblar.
Əvvəlcə polis əməkdaşları ilə vida mərasimi keçirilib. Mərasimdə onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib. Eldəniz Məmmədov Bakıxanov qəsəbəsində, Mahir Ağayev Binə qəsəbəsində, Mirəli Heydərov isə Kürdəmirin Cəyli kəndində dəfn olunublar.
Dəfn mərasimlərində Daxili İşlər Nazirliyinin yüksəkrütbəli şəxsləri, eləcə də şəxsi heyət, həlak olan polislərin doğmaları, rayon sakinləri, qazilər, müvafiq rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, iyunun 24-də Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
XQ