Sumqayıtda 15 avtomobillərdən əşyalar və binalardan velosiped oğurlayanlar ələ keçib

post-img

Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) şəhər ərazisində avtomobillərin şüşələrinin sındırılaraq salonlarından pul, mobil telefon və digər qiymətli əşyaların oğurlanması barədə çoxsaylı şikayətlər daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Hadisə yerlərinə baxış zamanı əməllərin eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr yaranıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisələri törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Zakir Nurəliyev saxlanılıb. İlkin araşdırmalarla onun Sumqayıtda 15 avtomobilin şüşəsini sındıraraq oğurluq etdiyi müəyyənləşib.

Qeyd edək ki, bu şəxs əvəllər də oğurluq etdiyi üçün məhkum olunub və bu ilin fevralında azadlığa buraxılıb.

İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı şəhər ərazisində binaların girişlərindən vətəndaşlara məxsus velosipedləri oğurlayan əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramil İsgəndərov da saxlanılıb. Onun üzərində əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. R.İsgəndərovun Sumqayıt şəhərində 20-yə yaxın velosiped oğurladığı məlum olub. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir. 

 

Qeyd olunan şəxslərin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər