TÜRKPA-ya sədrlik Azərbaycana keçib

post-img

İyunun 6-da Türk Dövlətləri Parlament Assambleyası Şurasının 13-cü iclası keçirilib. Qurumun fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iclası açaraq qeyd edib ki, görülmüş işlərə nəzər saldıqda əminliklə demək olar ki, Türk əməkdaşlıq qurumları arasında xüsusi yerə malik olan TÜRKPA gündən-günə böyüməkdə və inkişaf etməkdədir. 

Sonra Numan Kurtulmuş quruma sədrliyi Milli Məclisin Sədri Sahibə Qafarovaya təhvil verib və Azərbaycan tərəfinə uğurlar arzulayıb.

***

Sahibə Qafarova Şuranın 13-cü iclasın­da giriş nitqi ilə şıxış edib. Spiker deyib ki, Türk birliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətini təşkil edir. Təşkilata sədrliyi dövründə səmərə­li fəaliyyətinə, Türk dünyasında parlament diplomatiyası və əməkdaşlığın gücləndiril­məsinə verdiyi töhfələrə görə Numan Kur­tulmuş başda olmaqla Türkiyə Böyük Millət Məclisinə minnətdarlığını bildirən S.Qafaro­va Milli Məclisin qarşıdakı dövrdə qurumun məqsədlərinə nail olunmasına, əməkdaşlığın daha da inkişafı üçün lazımı tədbirlərin həya­ta keçirilməsinə çalışacağına əminliyini ifadə edib. 

S.Qafarova türk əməkdaşlıq qurumla­rının xalqlarımızın fikir və əməl birliyinin möhkəmləndirilməsi istiqamətində inam­la fəaliyyət göstərdiyini məmnuniyyətlə qeyd edib və Azərbaycanın TÜRKPA-nın ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini deyib.

Spiker Türk birliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı təd­birlərin Azərbaycan dövlətinin xarici siyasə­tinin prioritet istiqamətini təşkil etdiyini vur­ğulayaraq, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” kəlamını xatırladıb. 

İclasda təşkilatın seçki müşahidə missi­yalarının yekun hesabatının layihəsinin də müzakirə ediləcəyi diqqətə çatdırılıb. Həmçi­nin “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlament­lərin rolu” ilə bağlı aparılacaq müzakirələrin və qəbul ediləcək qərarların iqlim dəyişmələ­rinə qarşı mübarizəyə, ölkələrimizin “yaşıl enerji” sahəsində əməkdaşlığına parlament dəstəyinin ifadəsi olacağı bildirilib.

***

Həmin gün Bakıda TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində parlament baş ka­tiblərinin birinci görüşü keçirilib. Görüşdə çıxış edən Milli Məclis Aparatının rəhbə­ri Fərid Hacıyev TÜRKPA-nın həm üzv və tərəfdaş dövlətlər, həm də onların hüdudla­rından kənarda böyük nüfuza malik olduğu­nu deyib. 

Görüşdə “TÜRKPA çərçivəsində parla­mentlərin aparat rəhbərləri arasında əmək­daşlığın perspektivləri” mövzusunda müza­kirə aparılıb.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər