Prezident

post-img

Savaş, söz və quruculuq cəbhələrində

Sovet İttifaqından qopmaq istəyən respublikaların yolunu kəsmək üçün oyunlar qurulmuşdu. Litvada, Gürcüstanda, Moldovada, Azərbaycanda... Hərəsində bir cür. Ancaq ən qəddar tələ Azərbaycan üçün qurulmuşdu: ermənilərin torpaq iddiası və Dağlıq Qarabağın zorla Ermənistana birləşdirilməsi... SSRİ-nin dağılmasına səbəb olan amillərdən biri də elə bu erməni iddiası olmuşdur. 

1991-ci ildə köhnə Sovet respub­likaları tək-tək Moskvadan qopub öz müstəqilliklərini elan edəndə hələ ortada bu yeni döv­lətlərin idarəçilik mexanizmləri yox idi. Azərbaycanda və bir neçə başqa res­publikada əsrin əvvəllərində qurulmuş cümhuriyyətlərin təcrübəsi hələ tam unudulmamışdı, bərpa prosesi nisbətən asan ola bilərdi. Lakin xalq hərəkatı dalğasında hakimiyyətə gələn liderlərin çoxu kütlə arasında hörmətləri olsa da, yüksək vətən sevgisinə, kommunist re­jimindən fərqli təmiz mənəvi dəyərlərə söykənsələr də, idarəçilik təcrübələri yox idi. 

O vaxt mən bu barədə yazarkən qeyd etmişdim ki “Bizə miras qalan dövlət köhnə arabaya bənzəyir və biz onun dili­ni bilmirik. Onu idarə etmək çətindir, ona görə də bu maşını sağa-sola vururuq”. Köhnə idarə mexanizmlərini yeniləşdir­mədən dövləti qorumaq mümkün deyildi; lakin bu işə böyük iradə, təcrubə intel­lekt, idarəçilik ağlı, siyasi səriştə tələb olunurdu. Təəssuf ki, bu təcrübə yox idi və nəticədə böyük ümidlərlə və sevgi ilə hakimiyyətə gətirilən xalq qəhrəmanları tezliklə, necə deyərlər, ipin ucunu itirdilər. Respublikaların Moskvaya – mərkəzi ha­kimiyyətə bağlı olduğu illərdə onlar bəlkə də sakitcə işləyə bilərdilər. Lakin yeni dövrdə, qarşısına xaricdən və daxildən kötüklər itələnən gənc dövlətin idarəçili­yi yüzlərlə suala cavab istəyir, problemin həllini tələb edirdi. Bu yolu tapa bilməyən prezidentlər tezliklə bir-birinin ardınca səhnəni tərk edib getdilər. Qamsaxurdiya və Əbülfəz Elçibəy kimi. 

Sonra yeni dövlətlərin köhnə ənənələrdən qopma və keçid dövrü başladı. Azərbaycanda bu dövrə təcrübəli siyasətçi Heydər Əli­yev başçılıq etdi. O, sovet dövrünün ye­tirməsi olsa da, Kreml rəhbərliyinin ikiüzlü siyasətini, ögey-doğmalığı görmüş, bu si­yasətin ölkəni üçüruma apardığını, kom­munist ideologiyasının sonunun gəldiyini içəridən, ilkin hiss eləyənlərdən biri idi. Buna görə də xalq hərəkatına rəğbətlə yanaşdı, 20 Yanvar qırğınıına görə Mos­kvadan Kreml rəhbərliyini ittiham etdi, siyasi həyatının Naxçıvandan başlanan növbəti mərhələsində əsas diqqəti döv­lət müstəqilliyinin bərpasına verdi, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Nax­çıvanda dalğalandırdı. Səhvlər, çətinlik­lər, real vəziyyəti görməyənlərə qarşı sərt münasibətlər, də olmuşdu. Düzdür! Lakin başqa cür mümkün deyildi. Əsas dövlətin qorunması idi.

2020-ci ildə İkinci Qarabağ sa­vaşından qələ­bə ilə çıxan, artıq 30 ilə yaxın ağır, lakin şərəfli dövlətçilik təcrübəsi olan Azər­baycan yeniləşmişdi. Onun ordusu da, əsgəri də, prezidenti də müstəqilliyin nə qədər çətin, məsuliyyətli bir iş olduğunu yaxşı bilirdilər. Və bir də onu yaxşı bilir­dilər ki, işğal olunmuş ərazilərimizi geri qaytarmadan bu torpaqda rahat yaşaya bilmərik, kim isə bizim əvəzimizə savaş­mayacaq, kim isə bizim üçün ordu qur­mayacaq, bizim yerimizə şəhid olmaya­caq və böyüklərimizin ruhu qarşısında cavab verməyəcək. 1988-ci ildən başla­yan münaqişələr 1994-cü il atəşkəsinə qədər, müəyyən istisnalar nəzərə alınma­sa, uduza-uduza gəlmişdik. Lakin savaş meydanındakı məğlubiyyətin təməli hələ sovet dövründə qoyulmuşdu. Düşmən si­lahlananda və silahlandırılanda bizim əli­mizdən ov silahları da yığılmışdı və nor­mal ordu yox idi. Ordu quruculuğundan, sərhədlərdə mühafizə xətləri, səngər qurmaqdan danışanlar lağa qoyulurdu; “erməni kimdir ki, onun qarşısında sən­gər qazaq”. Nəzərə alınmırdı ki, düşmən bu savaşa əsgəri ilə, silahı ilə, generalla­rı ilə çoxdan hazırlaşır. Nəfəs dərib, bu müharibənin gedişini dəyişmək üçün vaxt lazım idi. Düşmən həm psixoloji hazırlığı, həm silahı, həm də beynəlxalq dəstək baxımından bizdən üstün idi. Belə bir durumda BMT qətnamələrinin, ATƏT-in Minsk Qrupunun mənasız səyahətləri və bəyanatlarının heç bir nəticə verməyəcə­yini görmək çətin deyildi. Sözdən başqa təsir mexanizmləri olmayan beynəlxalq təşkilatlar öz oyunları ilə bizim başımı­zın altına yastıq qoyur və nəticədə Er­mənistanı müdafiə edirdilər. Bunu Azər­baycanda ağlı olan hər kəs bilirdi və təbii ki, ilk növbədə, bütün səmimi – qeyri səmimi, dürüst və ya riyakar qüvvələr­lə üz-üzə dayanan Prezident də bilirdi. Bütün addımlar da bu çıxılmaz görünən labirintdən xalqı və dövləti üzüağ çıxar­maq istiqamətində atılırdı. Və bunun nə­ticəsində 30 il ərzində dünyanın müxtəlif kanalları ilə şişirdilmiş məğlubedilməz erməni ordusu mifi 44 gün ərzində dar­madağın edildi. Müstəqil Azərbaycanın əsl simasını və ləyaqətini dünya həmin günlərdə gördü. 

Erməni mifi ilə yanaşı, Azərbay­can prezidenti haqqında bir sıra yalan və böhtanlar da dağılıb getdi. İqtidarlı- müxalifətli cəmiyyətin əsas niyyəti itiril­miş torpaqların qaytarılması, Azərbay­canın ləyaqətinin qorunması idi və buna görə də mühabribə günlərində yaranmış vətəndaş həmrəyliyi hamı tərəfindən qə­bul edildi və ölkədə böyük bir milli barışıq yarandı. Yenə də xırda istisnalar nəzərə alınmaqla. Çünki 1988 – cil ildən başla­yaraq qarşıdurmaların, hakimiyyət dəyi­şikliklərinin əsas səbəbi həmişə Qarabağ məsələsinin həll edilməməsi olmuşdu. Amma həyat göstərdi ki, daxildəki bəzi qüvvələrin niyyəti heç də dövlətimizin möhkəmlənməsi və torpaqlarımızın azad edilməsi deyilmiş. Qələbə olmasa da olar, təki hakimiyyət dəyişilsin, Qərbin la­yihələri həyata keçirilsin... 

Azərbaycan əsgərinin Şuşa­ya qalxması ilə müxtəlif bey­nəlxalq qurumların oyunbazlıq missiyaları öz mənasını itirdi və millətin mənəvi dünyasının başkəndlərindən biri olan Şuşadan Prezidentin gur səsi eşidil­di. “Əziz Şuşa, biz qayıtmışıq!”. 

Bu tarixi bir an idi. Ordu və Prezident­lə yanaşı, bütün Azərbaycan o zirvəyə yüksəlmişdi. Hər sərkərdəyə, hər dövlət başçısına bu anları yaşamaq xoşbəxt­liyi qismət olmur. Prezident uca boyu ilə Cıdır düzündə dayanmışdı və bütün Azərbaycana və bütün dünyaya müraciət edirdi. 

Sonra Bakıya dönüb bu qələbə xəbəri ilə öz prezident xələfi və atası, general Heydər Əliyevin ruhuna baş əyib əsgər kimi raport ver­məsi də son dərəcə təsirli bir görüntü idi; dövlətimiz üçün böyük dönüş nöqtəsi olan qələbənin və ona doğru gələn yol­ların bütün ailələrimizin içindən, həyatın­dan keçdiyini, illərlə ata-oğul arasındakı söhbətlərin də baş mövzusu olduğunu göstərirdi. 

O günlərdə bu böyük qələbəni göz­dən salmaq üçün dəridən-qabıqdan çıxanlar da az deyildi: “Gərək Xankən­dinə də girəydik, İlham Əliyev yenə Mos­kvaya aldandı, rus sülhməramlılarının gəlməsi xəyanətdir. Onları bir də Azər­baycandan çıxarmaq olmayacaq. Və s...” Həyat bunun əksini göstərdi, baş verən­ləri bir də şərh etmək istəmirəm. Amma həmin ittiham olunan Prezident 24 saat ərzində Xankəndini də təmizlədi. Müqa­vilə müddəti başa çatmamış sülhməramlı qüvvələr də Azərbaycanı tərk edib get­dilər. 

Prezident əvvəllər yalnız beşi­nin qaytarılacağı vəd edilən on dörd Qarabağ rayonunun hər birinə Ali Baş Komandan kimi qədəm basdı. Hər birində bayrağımızı ucaltdı. “Qarabağ Azərbaycandır!” dedi. Xankən­didə təkbaşına Azərbaycan Ordusunun rəsmi keçidini qəbul etdi. 

Xanımının, Birinci vitse-prezident, hörmətli Mehriban Əliyevanın əlindən tu­tub Xudafərin körpüsündə, babalarımızın yaratdığı sənət möcüzəsinə və Arazın gur sularına baxa-baxa ədalətsiz müqa­vilənin əlimizdən aldığı imkanları, bizə yaşatdığı ağrıları, iki yüzillik güney – qu­zey ayrılığının faciələrini düşündü.

Yeni azad olunmuş yollarda sükan arxasına keçib geri qayıdışın ləzzətini yaşadı, hər dağa, dağıdılmış olsa da, hər rayonumuza, hər gözəlliyə salam verib keçdi. Murovun zirvəsində sükanı başqa­sına etbar etmək olmaz! 

Bütün bunlar qalib Prezidentin portre­tindən xırda cizgilərdir. O portreti bütöv­lüklə çəkmək çox çətindir. Lakin məncə, ən əsas çizgilər böyük Vətən sevgisidir, yüksək iradədir, cəsarət, özünəgüvən, heç bir riskdən çəkinməmək və sözünə sadiqlikdir! 

İnsanın ən gözəl cəhətlərindən biri gördüyü yaxşı işlərdən sevinməsi, öz xe­yirxah və xalqın xeyrinə olan əməllərin­dən zövq almasıdır. Prezidentin dağılmış yurdlarımıza hansı ürək ağrısı və düşmə­nin alçaqlığının dərəcəsindən necə bö­yük heyrətlə baxdığını dörd ildir görürük. Lakin dörd ildir, həm də onun üzündən qələbənin gətirdiyi qürur və doğma yurd­larımıza qayıtmağın sevinci, başlanmış quruculuq işlərinin qüruru əskik deyil!

Otuz beş ildir ölkə basqı altın­dadır. Himayədarlarının yar­dımı ilə bizim torpaqlarımızı işğal edənə işğalçı deyilmir, lakin biz öz qanuni yerlərimizi təmizləyəndə bizi dur­durmağa, bacarsalar, bizə işğalçı dam­ğası vurmağa çalışırlar. Bir milyon qaçqı­nımızı görmədən, bizə etnik təmizləyici damğası vurdurmaq üçün toy-bayrama gedirmişcəsinə torpaqlarımızı tərk edib gedən bir ovuc erməniyə yas saxlayır­lar. Hər yerdə səsimiz boğulur. Hər yer­də sözün düzünü qoyub əyrisini deyirlər. Bütün bunlar azmış kimi hər tərəfdən gizli ideoloji, dini sızmalar var, demokra­tiya və insan haqları “bülbülləri” dağılmış yurdlarımızın halını görmədən getdikcə dinləyicisi azalan, saxtalığı üzə çıxan zəngulələr vurmaqda davam edirlər. İçimizdə də bu zəngulələrə aldananlar, Qərbin taleyimizə etinasızlığını, bizim üçün çəkilən yol xəritələrinin riyakarlığını və alçaldıcı olduğunu görə-görə yenə on­ları ideallaşdıranlar az deyil...

Prezidentin önündə bir cəbhə yox, bir neçə cəbhə var. Savaş cəbhəsini açıq gözlə görmək olur, ancaq gizli cəbhələr də var. Qərbin dezinformasiyadan yorul­mayan media cəbhəsi bizə tuşlanan si­lahlardan az zərər vurmur. Onu tamamilə susdurmaq çətindir. Bir hissəsi də erməni kapitalından qidalanır. Hiylə və yalanla, bir az da jurnalist marağı ilə silahlanıb gəliblər. 

Prezident Qarabağdakı zəfər və qu­ruculuq yürüşündən vaxt tapanda on­ların qarşısına çıxır. Kim hansı niyyətlə gəlir-gəlsin, hamısı ilə üzbəüz oturur, hamısının gözünün içinə baxır, ordakı hiyləgərlikləri oxumağa çalışır, dolanbac suallara verdiyi cavablarla dünyaya si­yasi likbez dərsi keçir, həqiqətin harda olduğunu göstərir.

Başqa bir cəbhə də var. Burda onun haqqında bir neçə söz demədən ötüb keçmək olmaz. Bu da ölkənin ümumi durumu, iqtisa­diyyat, mədəniyyət, diplomatik əlaqələr sahəsində görülən işlərdir, bir sözlə, evin içidir. Prezidentin bu sahədə necə yo­rulmadan çalışdığı göz qabağındadır və bu barədə hər gün yazılır, mənim əlavə sözümə ehtiyac yoxdur. Lakin burada da mane olanlar var. Müharibə şəraitin­də olan bir ölkədə, yaxud viran qoyulmuş yurdlarımızın bərpasına start verilən bir durumda yenə gözü doymayan rüşvətxor məmurun, qaçqının, köçkünün, müha­ribə veteranının payına göz dikənlərin, hətta bərpa üçün, müdafiə üçün ayrılan vəsaitə diş qıcayanların, bu milli dirçə­liş günlərində də ancaq özünü düşünüb əhalini narazı salanların mənim gözüm­də işğalçı, quldur ermənidən elə də bö­yük fərqi yoxdur... 

Yenə ümumi mənzərəyə Qarabağ­dan baxaq. Hələ torpaqlarımız tam tə­mizlənməmiş Şuşada ilk bərpa olunan abidələrdən biri böyük şairimiz Vaqifin məqbərəsi oldu. Vaqif poeziya günləri və Xarıbülbül festivalları yenidən həyata qa­yıtdı, bir vaxtlar Qafqazın Parisi sayılan, lakin düşmənin viran qoyduğu Şuşa öncə Türk dünyasının, sonra İslam dünyasının paytaxtı elan edildi və biz “Xarıbülbül” festivallarında yenidən Qarabağın yük­sələn səsini Prezident qarışıq hamımız gözü yaşlı dinlədik. Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin tarixi Şuşa Bəyannaməsi də savaşdan yeni çıxmış bu şəhərdə im­zalandı. Bakının bütün rəsmi qonaqları, prezidentlər, millət vəkilləri, nazirlər, dip­lomatlar, jurnalistlər Şuşaya aparıldı və erməni vəhşiliyinin tarixlərə görk olacaq dəhşətli izləri onlara göstərildi. Qonaqlar yorulsa da, Prezident yorulmadı. 

İndi də o, hər iki gündən bir Qara­bağdadır. Qarabağın ağır yaralarını sa­ğaltmağa çalışır. Düşmənlərinin arxadan ona yara vurmalarına əhəmiyyət vermə­dən. Qısa müddətdə iki beynəlxalq hava limanı tikilib, üçüncüsü də bu yaxınlarda bitəcək. Yüz kilometrlərlə yol, onlarla tunel, bütün Qarabağ şəhərlərini əhatə edən və sıfırdan başlanan şəhərsalma işləri, hər gedişində dağıdılmış kəndlər­də təməlatma mərasimləri, addım-addım gəzdiyi qalalar, köhnə tarixi yerlər həm də saysız-hesabsız mina basdırılmış torpaqlarda... Allahın onu qoruyaca­ğına dərin inamla gəzib dolanır. Qalib Prezidentin əsl siması budur. Mən say­sız-hesabsız görüşləri, səfərləri, yeni iq­tisadi proqramları, Azərbaycanın bütün bölgələrində gedən quruculuq işlərini də xatırlatmaq istərdim. Prezident millətin milli ideallarını dilə gətirir: “Bizim yerimiz türk birliyidir”.

Prezidenti dünyanın müxtəlif guşələ­rində yaşayan soydaşlarımızın insan hüquqlarını siyasi kürsülərə daşıyır. Araz üstündə yeni su qovşağı sanki mənəvi bütövlüyümüzün simvoluna çevrilir. Bu qədər yol keçmək, bu qədər gərginliyə dözmək hər adamın işi deyil. Ancaq, sən demə, yorğunluğu unutduran amillər tək­cə siyasi-diplomatik uğurlar deyil. Pre­zident Qarabağ adlı böyük evini qurub abadlaşdıra-abadlaşdıra həm də onun gözəlliklərindən zövq alır. 

Bu gəzintilərin, işlərin, arası kə­silməyən görüşlərin yorğun­luğunu nə unutdura bilər? Öz köhnə yurdlarında yeni tikilmiş evlərinə qayıdan insanların xeyir-duası, gözlə­rindəki sevinc yaşları, Şuşanın dikələn binaları. Yeni Füzulinin, yeni Ağdamın inanılmaz sürətlə dirçəlişi, Laçının dağ­lar qoynunda qol-qanad açması, bitməz dualar, önündə açılan qollar, önündə açılan yeni yollar... Lakin hər yolun bir dayanacağı da var, bulaq başında, çay qırağında, ağac altında. Ayaqqabılarını çıxart, ayaqlarını dağ çayının bumbuz sularına salla, dirsəklən Vətən torpağına, sinən dolusu nəfəs al, sənin Bakıda ol­madığını fürsət bilib əyri işlərindən çəkin­məyən quldurlara verməli olduğun dərsi də unutma, amma əsas fikrin doğma evin kimi bütün künc-bucağını bildiyin, bir cənnət güşəsinə çevirmək istədiyin Qa­rabağda olsun. Bumbuz sular bu qədər enişli-yoxuşlu dağ yollarından və bu qə­dər tələlər qurulmuş siyasət yollarından yorulmuş ayaqların yorğunluğunu unut­durur. Bu, Prezidentin gördüyü işlərin gələcəyini düşündüyü, fikrində təməlini atacağı kəndlərin adlarını sıraladığı qısa istirahətidir, çox insani və sirli bir an­dır. Bu, ən çətin mərhələnin yekunudur. Uzun, uçurumlardan adlayan bir yoxuşun yorğunluğunu çıxarırsan. Yeni yol başla­maq və ya böyük yolunu davam etdir­mək üçün.

Sabir RÜSTƏMXANLI,
Xalq şairi

 



Siyasət