300 manatın sərgüzəşti

post-img

Kiminə şalvar-köynəkdir, kiminə isə acı göynəkdir

Cavan pinəçi dostum Mətləblə söhbətə tez-tez gedirəm. Onunla işim olmasa da, bəzən çalışıram ki, yolumu köşkünün yanından salım. Çünki yoxlamışam, hansı gün Mətləblə salamlaşıram, o gün işlərim avand olur. Belə insanlar həyatda çox deyil. Görünür, bu da bir Allah vergisidir və hər kəsə qismət olmur. Bəlkə, ona görə ki, Mətləb vicdanlı, təmənnasız adamdır. O, çörəyini zəhmətlə qazanır, çətin dolanıb, kirayədə yaşasa da, çalışır ki, müştəridən çox pul almasın. Qəribədir, bu adam elə bilir ki, indi hamı çətin dolanır. Tanıyanlar deyir ki, Mətləb bu zəmanənin adamı deyil.

Bir neçə gün əvvəl Mətləbə salam verib keçmək istədim. O isə məni görən kimi, əlindəkiləri iş stolunun üstünə qoyub ayağa durdu və qarşıma gəldi. Sonra dedi ki, işim azdı, gəl otur, söhbət eləyək. Onun sözünü yerə salmadım. 

Mətləb əvvəlcə gülümsər gözlərini üzümə zillədi və bir az baxandan sonra günahkar adamlar kimi dedi:

– Müəllim, yaman sınıxmısan ee. Ya işin ağırdı, ya da özünə fikir vermirsən. Belə olmaz, bu dünyanın malı bu dün­yada qalacaq...

Onun ərkyana sözləri mənə çox xoş gəldi. Elə bildim ki, o sözləri söyləyən mənim əziz adamımdır. Zarafatla bildir­dim ki, ay Mətləb, qocalıram daa...

Mətləb, deyəsən, mənim son söz­lərimi yaxşı eşitmədi...Axı, o, uşaqlıqda aldığı hansısa zərbədən sonra çox zəif eşidir. 

Birdən dedi ki, hə, həkimə getmiş­dim, ancaq işim düzəlmədi. 

Soruşdum ki, niyə getmişdin?

– Qulağlma görə. İstəyirdim ki, ya qulağımı müalicə etdirim, ya da aparat alım. Çünki qızım neçə dəfə deyib ki, ata, mən istəyirəm səninlə çoxlu söhbət eləyim, sən də məni yaxşı eşitmirsən. Gərək qışqıra-qışqıra danışım... 

Özümə qalsa, heç bundan sonra hər söz-söhbəti eşitmək istəmirəm. Onsuz da dünyanın xoşagəlməz söhbətləri o qədər çoxalıb ki, hamısını eşitməsəm, yaxşıdı. Amma bilirsən, bircə balam var...

– Həkim nə dedi?

– Yoxladı, sonra dedi ki, bir aparat verərik eşidərsən. Verdi də. Ancaq nə illah elədim o aparat qulağımda dayan­madı, həm də səs çox zəif gəlirdi, deyilə­ni əməlli-başlı ayırd edə bilmirdim. Buna görə qaytardım. Sonra balaca bir aparat da göstərdi, ancaq dedi ki, bunu biri satır, gərək pulunu verəsən. Qulağıma qoy­dum, çox rahat eşitdim. Sevndim. Həkim dedi ki, qiyməti 300 manatdır. Dedim, ay həkim, cəmi 170 manatım var. Pinə­çiyəm, güclə dolanıram. Razılaşmadı. Gülüb dedi ki, pinəçisənsə sənə eşitmək elə də vacib deyil, başını aşağı sal, işini gör...Əsəbiləşib çıxdım oradan. Amma qızımın sözləri yadıma düşəndə ürəyim pis olur, neynim.

Mətləbin dedikləri məni də kövrəltdi. Lakin özümü sıxdım və ona ürək-dirək vermək istədim:

– Darıxma, Allah bir qapı açar.

Həmyerlim, dərzi Hicranın yanına getmişdim. O, mənim üçün tikdiyi şal­varı ütüləyə-ütüləyə gün-güzərandan danışırdı:

–Əvvəllər gəlir pis deyildi – xərcləri çıxandan sonra beş-on manat qalırdı. Yığıb ev-eşiyə də əl gəzdirə bilirdim. Uşaqların məktəb xərclərini də verirdim, xeyir-şərə də ürəklə gedirdim. Ancaq hər şeyin qiyməti qalxandan sonra ba­şımızı birtəhər girləyirik. Bahalığa görə kostyum tikdirən də azalıb... 

Bu vaxt binanın qarşısında bahalı avtomobil dayandı. Maşından kök, qa­rayanız biri düşdü. O, arxa oturacaqdan bir torba görürüb atelyeyə doğru gəldi. İçəri girib salam verdi və əlindəkini sto­lun üstünə qoyub dedi:

– Hicran, bu şalvardı, ancaq uzun­du. Ölçümü özün bilirsən...

Hicran şalvarı açıb baxdı və sonra bildirdi:

– Çox gözəl parçası var, tikilişi də əladı.

Oğlan dedi:

– Elə parçasına görə ona 300 ma­nat vermişəm. Bilirsən ki, evdə, azı, 40 şalvarım var...Yaxşı, mən getdim, sabah gəlib götürəcəm.

Oğlan getdikdən sonra Hicran dedi ki, bax, yenə təzə maşın alıb. Bakıya yeni marka gələn kimi, maşını dəyişir. Özü də heç yerdə işləmir. Qardaşının biri vəzifədədi, bu da dəllallıq eləyir. Adam var 300 manar tapmır ki, dərdinə, dərmanına versin, beləsi də o pulu bir şalvara verir.

300 manat söhbəti yadıma pinəçi Mətləbin göynəyə-göynəyə dediyi söz­ləri saldı və yenə ürəyimdən küt ağrı qopdu.

Səməd MƏLİKZADƏ

Sosial həyat