İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Böyük akt zalında Nobel mükafatı laureatı, AMEA-nın Fəxri üzvü, ABŞ Şimali Karolina Universitetinin professoru Əziz Səncərlə görüşə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclası keçirilib.
Tədbirdən öncə AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin nəzdində “Əziz Səncər şərəf otağı”nın açılışı olub. Əziz Səncər mərkəzin xatirə dəftərinə ürək sözlərini yazıb.
Daha sonra AMEA əməkdaşlarının əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Tədbiri giriş nitqi ilə açan akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı Əziz Səncərin Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə ölkəmizdə səfərdə olduğunu bildirib. O qeyd edib ki, Əziz Səncər Azərbaycanın böyük dostudur, ölkə Prezidenti İlham Əliyev alimlə 3 dəfə görüşüb. Əziz Səncərin Türk dünyasına ürəkdən bağlı olduğunu və onun Türk dünyasının birliyini arzuladığını deyən akademik professorun Azərbaycanın Qarabağ zəfərini dəstəklədiyini, ölkəmizin Qələbəsini Türkiyənin İstiqlal savaşı ilə eyniləşdirdiyini vurğulayıb.
Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın fəxri üzvü diplomunu və medalı Nobel mükafatı laureatı Əziz Səncərə təqdim edib.
Çıxışlardan sonra professor Əziz Səncər “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda elmi məruzə ilə çıxış edib. Qeyd edib ki, elm insanlığa, bəşəriyyətə xidmət etməlidir. Alim çıxışında “elmi fəaliyyət necə qurulmalıdır” sualına toxunub, Türk dünyasında elmi əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
“Xəyalım Türk dünyasının birliyini görməkdir”, – deyən professor bu istiqamətdə bütün türk dövlətlərini ziyarət etdiyini, görüşlər keçirdiyini bildirib.
XQ