İƏT-in turizm sədrliyi Özbəkistana keçib

post-img

2024-cü ildə “İslam ölkələrinin turizm paytaxtı” olan Özbəkistanın qədim Xivə şəhərində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin “Xivə 2024-cü ildə İslam dünyasının tuzizm şəhəridir” şüarı ilə XII sessiyası keçirilib. 

Tədbirə təşkilata üzv dövlətlər–Tür­kiyə, Misir, Malayziya, Seneqal, Türk­mənistan, Tacikistan, Qazaxıstan, Qır­ğızıstan, Banqladeş, Livan və digər dövlətlərin turizm nazirləri və ya səlahiy­yətli nümayəndələri qatılıb. Ümumiyyətlə tədbirdə 56 ölkə, 14 beynəlxalq təşkilat təmsil olunub. 

Sessiyanı təşkilatın turizm sahəsinin sədri , Azərbaycan Dövlət Turizm Agent­liyi sədrinin müşaviri Kənan Quluzadə açıb. O, Azərbaycanın sədrliyi dövründə görülən işlər haqqında məlumat verib. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sa­hibliyi etməsi haqqında məlumat verən K.Quluzadə bu tədbirin böyük bir tarixi hadisə olduğunu söyləyərək İƏT-in üzvü olan dövlətlərin nümayəndələrini bu təd­birə dəvət edib. 

Sonra K.Quluzadə İslam Əməkdaşlıq Təşkilatının turizm sahəsinə sədrliyi Öz­bəkistana təhvil verib. 

Özbəkistanın ekologiya, ətraf mühi­tin mühafizəsi və iqlim dəyişkənliyi na­ziri Əziz Abduxakimov turizm sahəsində Özbəkistanda həyata keçirilən layihələr haqqında məlumat verib, ölkənin sədrliyi dövründə görüləcək işlərdən danışıb. O deyib ki, ötən il xarici dövlətlərdən Öz­bəkistana 7 milyon turist gəlib. Bu gün ölkədə turizm sahəsində 370 min adam çalışır. 

Xatırladaq ki, 2022-ci ildə İƏT turizm nazirlərinin Bakıda keçirilən XI iclasında 2500 yaşı olan qədim Xivə şəhəri 2024-cü ildə “İslam ölkələrinin turizm paytaxtı” elan edilmişdi. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Xivə

Son xəbərlər