İsveçdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, istiqlal mücahidi M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş konfrans keçirilib. Stokholmdakı “Qobustan” Aydınlar Ocağının təşkil etdiyi yubiley mərasimində ölkədə fəaliyyət göstərən milli dərnək və icmaların təmsilçiləri ilə yanaşı, Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Stokholm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yubiley mərasimində AMEA Şərqşünaslıq institutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi “Rəsulzadə və Azərbaycan milli dövlətçiliyi”, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli “Mətbuat azadlığı demokratik dəyər kimi M.Ə.Rəsulzadənin siyasi baxışları kontekstində” mövzularında məruzələrlə çıxış ediblər. İştirakçılar S.Tohidinin tərtib etdiyi "İkinci Beynəlxalq Rəsulzadə qiraətləri" toplusunu və Q.Məhərrəmlinin Bakıda və Təbrizdə nəşr olunmuş "Məmməd Əmin Rəsulzadə" kitablarını da maraqla qarşılayıblar.
"Qobustan" cəmiyyətinin sədri, Geteburq Universitetinin professoru Səadət Kərimi və İsveçdə yaşayan kinorejissor Rahim Sadıqbəyli Məhəmməd Əmin Rəsulzadə irsini tanıtmaq baxımından hər iki kitabın dəyərli mənbə olduğunu söyləyiblər. Müəlliflər imzalı kitablarını Azərbaycan icmasının fəallarına, yerli diaspor təşkilatlarına və ölkəmizin İsveçdəkı səfirliyinin nümayəndələrinə hədiyyə ediblər.
Konfransda “Rəsulzadənin virtual ev-muzeyi” və “Bütöv Azərbaycan” video çarxları, Xalq artisti Alim Qasımovun ifasında “Məhəmməd Əmin” musiqi parçası nümayiş etdirilib.
Namiq QƏDİMOĞLU
XQ