Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Xətai rayonu, Rəşid Bağırov küçəsində baş vermiş qəza ilə əlaqədar əraziyə baxış keçirib.
ADSEA-dan XQ-ə bildirilib ki, qeyd olunan ünvanda üzərində fərdi yaşayış evləri inşa edildiyi üçün diametri 1200 millimetr olan tullantı su kollektoru çökməyə məruz qalıb.
Agentliyin sədri yaranmış vəziyyətlə yerində tanış olaraq qəzanın operativ, optimal və təhlükəsiz şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bildirilib ki, bundan əvvəl də həmin ərazidə mövcud infrastrukturun yenilənməsi istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, evlərin altında qalan diametri 500 millimetrlik çuqun xəttin 100 metrlik hissəsi polietilen boru ilə əvəzlənərək alternativ marşrut üzrə çəkilib. Eyni zamanda, qəzalı vəziyyətdə olan tikilinin altında yerləşən 100 və 150 millimetrlik köhnə polad borular ləğv edilərək onların yerinə diametri 110 və 160 millimetrlik müasir polietilen borular quraşdırılıb.
Qeyd edilib ki, qəza riskinin artması nəzərə alınaraq hadisədən əvvəl sakinlərə müvafiq xəbərdarlıqlar edilib. Təmir-bərpa işlərinin təhlükəsiz təşkili məqsədilə kollektorun üzərində yerləşən ərazinin boşaldılması ilə bağlı göstərişlər verilib.
Hazırda ərazidə vəziyyətin stabilləşdirilməsi və infrastrukturun bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.








