Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənd Dövlət Şərqşünaslıq Universitetində yaradılmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzində Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovla görüş keçirilib.
Mərasimdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, diplomatik korpusun nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də universitetin müəllim və tələbələri iştirak ediblər.
Akademik Rafael Hüseynov çıxışında Azərbaycan və Özbəkistan arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin bu gün də uğurla davam etdirildiyini vurğulayaraq, ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, xüsusilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında elmi və akademik əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirərək, bu əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin hər iki ölkənin elmi potensialına mühüm töhfə verəcəyini deyib.
Akademik Rafael Hüseynov, həmçinin üummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən danışıb. Qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi strateji kurs hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
O, bildirib ki, Heydər Əliyev adına yaradılan belə mərkəzlər yalnız tədris məkanı deyil, həm də xalqlar arasında mədəni və elmi körpü rolunu oynayır. Bu cür təşəbbüslər gənc nəslin Azərbaycan tarixi, dili və mədəniyyəti ilə daha yaxından tanış olmasına şərait yaratmaqla yanaşı, Türk dünyasında ortaq dəyərlərin təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.
Qabil YUSİFOĞLU
XQ







