İqtisadiyyat İnstitutunun ekspertləri Şamaxı rayonuna investisiyaların cəlb olunması ilə bağlı tədqiqat aparırlar

post-img

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması” layihəsinin tədqiqat qrupu Şamaxı rayonunda olub, layihə ilə bağlı bir sıra mühüm görüşlər keçirilib.

Layihənin koordinatoru, professor Tərbiz Əliyevin rəhbərlik etdiyi tədqiqat qrupunun üzvləri Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının birinci müavini Hikmət Şikarovla görüşüblər. Tədbirdə həmçinin Şamaxı RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini İrşad Osmanov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Nəriman Məmmədov, İqtisadiyyat İnstitutunun ekspertləri Mahir Zeynalov, Famil Rüstəmov və Ədalət Əzizov iştirak ediblər. 

Prof. T.Əliyev layihə çərçivəsində görülən işlər, Şamaxı ilə bağlı toplanan və təhlil edilən materiallar, yerli sahibkarlar arasında keçirilməsi nəzərdə tutulan sorgu anketinin hazırlanması barədə məlumat verib. RİH başçısının müavini Hikmət Şikarov Şamaxının əsas sosial-iqtisadi göstəriciləri, yerli sahibkarlığın inkişafı meyilləri, investisiya imkanları, rayon iqtisadiyyatının, xüsusən də aqrar sektorun və turizmin ənənəvi pespektivli sahələri, sahibkarlarla görüşlər, biznesə dövlət dəstəyi tədbirləri, infrastrukturun müasirləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışıb. 

Görüşdə Şamaxı rayonunda sahibkarlığın inkişafının müasir vəziyyəti, biznes üçün imkanlar, rayonun iqtisadi potensialı, yerli resursları, rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması üçün təşviq və dəstək mexanizmləri, buna mane olan əsas problemlər, çətinliklər və onların həlli yolları, özəl sektor-dövlət əməkdaşlığının səmərəliliyinin artırılması, regionlara investisiya cəlb olunması sahəsində beynəlxalq təcrübə və onun yerli şəraitə uyğun tədbiqi imkanları, aqrar sektorun və yerli sənayenin inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi və rifahının yüksəldilməsində sahibkarlığın, özəl sərmayələrin rolunun artırılması kimi məsələlər müzakirə olunub. 

 

Sonra Şamaxı Rayon İcra Hakimiyyətində yerli sahibkarlar arasında anket sorğusunun keçirilməsinin təşkili ilə bağlı gənclərdən ibarət könüllülərə treninq keçrilib. İqtisadiyyat İnstitutunun ekspertləri könüllülərə sorğunun əsas mahiyyətini, məqsədini, prisiplərini izah ediblər, qaydalar barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.  

 

ETN İqtisadiyyat İnstitutunun ekspertləri Şamaxı rayonunda bir qrup yerli sahibkarlarla da görüşlər keçiriblər, müəssisələrdə, təsərrüfatlarda olublar. Onlarla rayonda sahibkarlığın inkişafının müasir vəziyyəti, dövlət-özəl sektor əməkdaşlığı,  sahibkarların gözləntiləri və s. məsələlər müzakirə olunub, təklif və tövsiələr səsləndirilib. Tədqiqatçılar müəssisələrin sahibkarlıq fəaliyyəti ilə yaxından tanış olublar.   

ETN İqtisadiyyat İnstitutunun ekspertlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımovla və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dağlıq Şirvan regional koordinatorluğunun şöbə müdiri Cavanşir Məhərrəmovla görüşündə regionda, xüsusən də Şamaxı rayonunda sahibkarlığın inkişafı ilə bağlı məsələlər, rayonun iqtisadi potensialı və spesifik xüsusiyyətləri, biznesə dövlətin dəstəyi, yerli iqtisadiyyata özəl investisiyaların cəlbediciliyinin artırılması imkanları, mümkün təşviq və dəstək mexanizmləri, biznes layihələri, sahibkarların qarşılaşdıqları problemlər müzakirə edilib, təklif və tövsiələr səsləndirilib. Şamaxı rayonuna özəl investisiyaların cəlbediciliyinin artırılması üçün səmərəli təşviq və dəstək mexanizmlərinin hazırlanması məqsədilə müzakirələrin yerli sahibkarların, tədqiqatçıların, ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə davam etdirilməsi barədə razılığa gəlinib. 

 

 

 

 





Son xəbərlər