Ailələri necə qoruyaq? – Sosioloq açıqlayır

post-img

Ailəni kiçik dövlət adlandıranlar o qədər haqlıdırlar ki… Onun da öz qanunları, öz ənənələri var. Təəssüf ki, son illərdə daha çox ailə dağılır. Hərənin bir səbəbi var. Bəs görəsən əsl səbəb nədir?

Bu barədə “XQ”yə açıqlama verən Hikmət İsmayılzadə deyib:  

–Azərbaycan ailəsi əsrlər boyu tamam başqa dəyərlər əsasında formalaşıb. Ailə bizim üçün tamam başqa aləm olub. Bizim ailələr məktəb olub. Elə bir məktəb ki, burada uşaqların şəxsiyyət kimi formalaşmasının əsası qoyulub. Dövr, zaman dəyişir. Bugünkü gənc ailələri bizim ata-babalarımızın ailələri ilə müqayisə etmək olmaz. Bu gün ailələrdə deformasiya gedir, bu, danılmazdır. Mənə görə, bunun əsl səbəbi ünsiyyət problemidir. Düşünürəm ki, gənclər bir-birini yaxşı tanımalı, bir-birini sevib evlənməlidirlər.

Hikmət İsmayılzadə bildirib ki, bu gün insanlar bir-biri ilə ehtiras mərhələsində ailə qurur, münasibətlərinin ehtiram və hörmət mərhələsinə keçməsinə imkan vermirlər. Sonra isə ehtiras azalır, hörmət əmələ gəlmədən ailə dağılır:

– Ailənin qorunmasında qadının çox böyük rolu var. Bizim ailə modeli ona görə həmişə örnək olub ki, nənələrimiz, analarımız öz həyat yoldaşlarının kaprizlərinə dözüblər, övladlarının xətrinə, ya da el qınağı üzündən ailələrini dağıtmayıblar. Bu gün isə cəmiyyət çox həssaslaşıb və belə bir həssas cəmiyyətdə qadınların rolu olduqca mühümdür. Düşünürəm ki, ailədə ortaq anlaşma olmalıdır. Elə etməliyik ki, ailədə həm qadın, həm də kişi xoşbəxt olsun.

Ancaq bu halda o kiçik dövləti qorumaq mümkündür.

Sosial həyat