Milli Məclis Sədrinin Özbəkistana işgüzar səfəri

post-img

Milli Məclisin Sədri Sahibə Qafa­rova Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva ilə görüşüb. 

Söhbət zamanı dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, xalqlarımızın eyni kökə, dilə, dini və mənəvi dəyərlərə ma­lik olması diqqətə çatdırılıb. Bununla yanaşı, xalqlarımız arasında əlaqələrin dərinləşmə­sində dövlət başçılarımızın rolu xüsusi vur­ğulanıb. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin Özbəkistanda da sevinclə qarşılan­dığını bildirən Tənzilə Narbayeva hazırda iş­ğaldan azad edilmiş ərazilərdə quruculuq və yenidənqurma işlərinin böyük uğurla həyata keçirildiyini söyləyib. O, özünün ölkəmizə səfəri çərçivəsində Şuşa şəhərinə getdiyini xatırladaraq, həmin ərazilərdə görülən işlər və Şuşanın gözəlliyi haqqında xoş təəssü­ratlarını bildirib. Senatın sədri Azərbaycan Prezidentinin öz ölkəsinə və xalqına möh­təşəm uğurlar qazandıran lider olmaqla yana­şı, həmçinin dünya miqyasında böyük hörmət və ehtiram göstərilən siyasətçilərdən biri ol­duğunu vurğulayıb.

S.Qafarova görüşdə Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq, türk dövlətləri arasında əlaqələrin dərinləşməsində Azərbaycan və Özbəkistanın dövlət başçılarının rolunu xüsu­si qeyd edib. 

Görüşdə Azərbaycan – Özbəkistan müna­sibətlərinin inkişafında parlamentlərin roluna da diqqət yetirilərək, qanunverici orqanları­mız arasında sıx təmasların mövcud olduğu bildirilib. Spiker hər iki ölkənin qanunvericiorqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb. 

Söhbət zamanı Asiya Qadın Forumunun əhəmiyyəti və müzakirə olunacaq mövzuların aktuallığı barədə də fikir mübadiləsi aparılıb. 

*** 

Milli Məclisin Sədri Sahibə Qafarova Səmərqənd şəhərində keçirilən Asiya Qadın­lar Forumunda çıxış edib. O, Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və geniş­ləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verərək deyib ki, qadınlar cəmiyyətimizdə dəyərlərin formalaşmasında mühüm rol oyna­yırlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş ictimai-si­yasi fəaliyyəti qadınlarımızın cəmiyyətimizin inkişafına dəyərli töhfələrini təcəssüm etdirir. 

Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. S.Qafarova Azər­baycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin Qoşul­mama Hərəkatında Qadınlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini top­lantı iştirakçılarının diqqətinə çatdırıb. 

Bildirilib ki, Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrə mü­zakirələrin aparılması üçün mühüm məkana çevrilib. Ötən ilin noyabrında keçirilmiş Qo­şulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndiril­məsi” üzrə konfransı, bu il mayın əvvəlində təşkil olunmuş 6-cı Ümumdünya Mədəniy­yətlərarası Dialoq Forumunun qadın prob­lemlərinin mədəniyyətlərarası perspektivlə­rinə həsr olunmuş ayrıca sessiyası səmərəli fəaliyyət və geniş müzakirələr üçün mühüm platforma olmuşdur.

S.Qafarova, həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının XXIX sessiyasına – COP29-a evsahibliyi edəcəyini xatırladaraq bildirib ki, tədbirin Təşkilat Komitəsində qadınların effektiv iştirakının təmin edilmə­si Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərinə qadınların cəlb olun­ması ilə bağlı qətiyyətini göstərir.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər