Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən aldığımız məlumata görə, hər iki kəndin baş planına əsasən, torpaq işləri başa çatdırılıb, evlərin bünövrəsi qazılıb və beton işlərinin görülməsinə başlanılıb.
Məlumatda bildirilir ki, Qubadlı rayonunun Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40,27 hektar ərazidə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman-sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı və çayxana da nəzərdə tutulub.
Qeyd edilib ki, Qubadlıda Zilanlı kəndinin də tikintisinə başlanılıb. Bu yaşayış məntəqəsi rayon mərkəzindən 20 kilometr məsafədə yerləşir və onun ümumi ərazisi 180,04 hektar təşkil edir. Birinci mərhələdə 43,5 hektar ərazidə 193 evin tikintisi və 926 nəfərin məskunlaşması nəzərdə tutulur. Bu kənddə də məktəb binası, uşaq bağçası, ailə-sağlamlıq mərkəzi, inzibati bina, klub-icma və idman mərkəzinin yaradılması planlaşdırılır.
Hər iki kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Birinci mərhələ üzrə nəzərdə tutulan inşaat işləri isə cari ilin sonunadək yekunlaşdırılacaq və ilk köç məskunlaşdırılacaq.
XQ