Azərbaycan, Türkiyə, Şimali Kipr parlament dostluq qruplarının Lefkoşa görüşü

post-img

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyəti–Azərbaycan, Türkiyə–Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti–Türkiyə parlamentlərarası işçi qruplarının rəhbərlərini və üzvlərini qəbul edib.

Prezident Ersin Tatar çıxışında üç parlamentin dostluq qruplarının Şima­li Kipr Türk Cümhuriyyətində bir araya gəlməsini tarixi hadisə adlandıraraq işçi qrupların üzvləri ilə görüşdən məmnun­luq duyduğunu, ölkəsinin mübarizəsində “Tək millət, üç dövlət” arzusu ilə yaşadıq­larını vurğulayıb. Ersin Tatar hazırda Şi­mali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət olduğunu bildirib. Şimali Kipr xalqı­nın apardığı mübarizəni Türkiyənin, Azər­baycanın və bütün Türk dünyasının haqlı mübarizəsi adlandıran Prezident parla­mentlərarası dostluq qruplarının yaradıl­masının vacibliyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Azərbaycan–Şi­mali Kipr Türk Cümhuriyyəti parlamentlə­rarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şimali Kipr türklərinin yaşadıqları hadisələri sovet dönəmində Azərbaycanın da yaşadığını xatırladaraq o zamanlar Türkiyənin ölkəmizə dəstək olduğunu və qələbəni birlikdə əldə et­diklərini bildirib, hər bir azərbaycanlının Şimali Kipr türklərinin yanında olduğunu vurğulayıb.

Azərbaycan–Türkiyə parlamentləra­rası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışında ölkələri­miz arasında dostluğun yaradılmasında ulu öndər Heydər Əliyevin çox böyük ro­lunun olduğunu diqqətə çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin Azər­baycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım hər üç ölkənin yaxınlaşmasına göstərdik­ləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rə­cəb Tayyib Ərdoğana təşəkkürünü bildi­rib, parlamentlərarası əlaqələr üzrə işçi qrupların yaradılmasının ölkələrimizin bir-birini daha yaxından tanımasına xid­mət etdiyini deyib.

***

Mayın 13-də Milli Məclisin Azərbay­can–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr işçi qru­punun rəhbəri Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyəti Lef­koşaya səfər çərçivəsində bu ölkənin parlamentinin sədri Zorlu Tope, Baş naziri Ünal Üstel və xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşlər keçi­rib.

Görüşlərdə ŞKTC ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafına dair mü­zakirələr aparılıb.

ŞKTC parlamentinin və hökumətinin nümayəndələri iki ölkə arasında əlaqələ­rin daha da fəallaşacağına əminliklərini ifadə edərək Azərbaycanı qardaş və dost ölkə adlandırıblar.

Baş nazir Ünal Üstel ayrı-ayrı ölkələ­rin qarşısında duran problemlərin həlli üçün Türk dünyasında həmrəyliyin möh­kəmləndirilməsinə çağırış edib.

Öz növbəsində, Şimali Kiprin xari­ci siyasət idarəsinin rəhbəri Tahsin Er­tuğruloğlu Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfərini xatırladıb. Nazir Azərbaycan parlamentarilərini Şimali Kipr Türk Cümhuriyyətinin problemlərinin həl­li istiqamətində göstərilən səylər barədə məlumatlandırıb. O, diqqəti ŞKTC-nin tanınmaması məsələsində dünyanın müxtəlif dövlətlərinə təzyiq edən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin mövqeyinə cəlb edib.

Ertuğruloğlu Şimali Kiprin müstəqil və suveren dövlət kimi tanınmasında qətiy­yətli olduqlarını vurğulayaraq Lefkoşaya təzyiqin yolverilməzliyini qeyd edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavanşir Feyziyev bildirib ki, Şi­mali Kipr xalqının ölkələrinin müstəqilliyi­nin tanınmasına tam hüququ var.

“Kipr türkləri onilliklər ərzində dezin­formasiya, təzyiq və məhdudiyyət ilə mü­barizə aparıblar. Bu ədalətsizliyin aradan qaldırılması böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, Azərbaycan kimi, Şima­li Kipr də sınaqlardan üzüağ çıxacaq. ŞKTC-nin müstəqilliyi bütöv Türk dünyası üçün vacibdir”, – deyə parlamentari bildi­rib.

XQ



Son xəbərlər