Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılıb

post-img

Sloveniyanın Nova Qoritsa şəhərində Azərbaycan xalqının igid oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin – Mixaylonun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsinə baş çəkib, Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklillər qoyub, Mixaylonun xatirəsinə yaradılmış muzeylə tanış olublar. Muzeydəki o dövrə aid fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri qiymətli eksponatlar tədbir iştirakçılarında qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında dolğun təəssürat yaradıb.

Azərbaycanın və Sloveniyanın Dövlət himnləri səsləndirildikdən sonra, ölkəmizin Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli, Milli Məclisdə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, deputat Ağalar Vəliyev, Sloveniya Milli Assambleyasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Boyan Çebela, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Andrey Kompara, Nova Qoritsa şəhərinin merinin müavini Marko Tribuşon çıxış ediblər.

Nümayəndə heyətimiz  tərəfindən səsləndirilmiş çıxışlar zamanı Mixaylonun xatirəsini əziz tutduğuna görə Sloveniya dövlətinə və xalqına Azərbaycan hökuməti və xalqı adından təşəkkür ifadə edilib. 

Tədbir iştirakçılarına Prezident İlham Əliyevin tapşırığı ilə 2007-ci ildə əfsanəvi kəşfiyyatçının bu kənddə abidəsinin, daha sonra isə 2011-ci ildə onun xatirəsinə həsr olunmuş muzeyin yaradılmasının qısa tarixçəsi təqdim olunub.

Son xəbərlər