Bu mərkəzlərdə ötən dövrdə 2,6 milyon vətəndaşa xidmət göstərilib
Azərbaycanın sosial dövlət statusu dinamik iqtisadi tərəqqi tempinə malik ölkəmizdə, eyni zamanda, sosial inkişaf proseslərinin davamlı xarakter almasında, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasında, sosial proqramların genişləndirilməsi və yeni sosial layihələrin işə salınmasında özünü aydın şəkildə göstərir. Ölkə rəhbərinin bəyan etdiyi kimi, “Azərbaycan sosial dövlətdir və biz bunu sözlə deyil, əməlimizlə təsdiq edirik”.
Prezidenti İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı fərmanla isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi – DOST Agentliyi və uyğun sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən DOST mərkəzləri yaradılıb.
DOST modelinə keçilməsi sosial sahədə köklü islahat tədbiri, aparılan sosial islahatlar proqramının ən mühüm nailiyyətlərindən biridir. Bu mərkəzlər Azərbaycanın yeni sosial brendinə çevrilib. 5 il əvvəl, 2019-cu ilin mayın 9-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyi və ilk DOST mərkəzinin acılışı olub. Birinci xanımın təşəbbüsü olan DOST konsepsiyası 15 istiqamət üzrə 159 sosial xidmətin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi, sadə prosedurlar əsasında təqdim olunmasına imkan yaradıb.
Dövlət başçısı DOST konsepsiyasını yüksək qiymətləndirərək deyib: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”. DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı ölkəmizdə dövlət sosial xidmətlərinin göstərilməsi sahəsində ciddi irəliləyişi, əsaslı keyfiyyət dəyişikliklərini özündə ehtiva edən yeni inkişaf mərhələsinə keçilməsini təmin etməklə, ölkə Prezidentinin uğurlu sosial siyasətinin vətəndaş rifahı və məmnunluğunu təminatına xidmət etməsinin növbəti mühüm təzahürü olub.
Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla artıq 7 DOST mərkəzi açılıb. İşğaldan azad edilmiş bölgələrimizdə isə DOST xidmətlərinin qurulması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib. Ötən dövrdə DOST mərkəzlərində artıq 2,6 milyon vətəndaşa, o cümlədən bu ilin yanvar–aprel aylarında 259 min vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,2 faizdir.
Sosial xidmətlər sahəsində mühüm nailiyyət olan DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri də davamlı xarakter alıb. Bu mərkəzlərin sayı getdikcə artır. Növbəti mərkəz olaraq 2023-cü il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzinin də açılışı olub. Qarabağ Regional DOST Mərkəzi 9 inzibati rayonu əhatə edir ki, onların sırasında işğaldan azad edilmiş rayonlarımız da var.
Ölkə üzrə ümumilikdə 17 yeni Regional DOST Mərkəzinin yaradılması üçün hazırlıq aparılır. Regional DOST Mərkəzlərinin ətraf rayon və şəhərlər üzrə filialları da qurulur. Ətraf rayonlar üzrə daha 55 DOST filialının olması, beləliklə, bütün ölkənin DOST xidmətləri ilə əhatə olunması nəzərdə tutulub. Hazırda Naxçıvan, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması üçün layihə, təmir-tikinti işləri aparılır.
DOST konsepsiyası beynəlxalq səviyyədə yüksək qiymət alaraq mütərəqqi təcrübə kimi dünyanın sosial innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasına daxil edilib. DOST Agentliyi ötən dövrdə 30-dan çox beynəlxalq təltifə layiq görülüb. Bu mükafatların sırasında Avropa Sosial Şəbəkəsinin, Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının və digər təşkilatların sertifikatları var.
“Aİ Biznes Mühiti Hesabatı 2021”-də DOST mərkəzləri Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib. “Bir pəncərə” prinsipi üzrə təşkil olunmuş DOST modeli BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” (“Innovative public service solutions”) statusunda tanınıb. Agentlik dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatının 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.Azərbaycana gələn xarici nümayəndə heyətlərini tez-tez DOST mərkəzlərində, ölkəmizin bu innovativ nailiyyəti ilə yaxından tanış olduqlarını görürük. Hazırda bir çox dövlətlər, o cümlədən Avropa ölkələri də DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər. Bu sahədə həmin ölkələrlə təcrübə mübadiləsi aparılır.
DOST Konsepsiyasının mühüm nailiyyətlərindən biri də ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olması ilə seçilən “Könüllü DOST” proqramıdır. Bu günlərdə 5 yaşı tamam olan “Könüllü DOST” proqramına maraq daim artır. Gənclərlə yanaşı, “Gümüşü DOST” altproqramı ilə yaşlı insanları da əhatə edən “Könüllü DOST” proqramına ötən dövrdə 112 min 500-dən çox müraciət olub, 4 min 800-dən çox insan proqrama cəlb edilib. Onların böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə könüllülük fəaliyyətinə cəlb edilən gənclərdir. Ümumilikdə, “Könüllü DOST” proqramının “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir.
DOST könüllüləri DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, habelə insan axınının idarə edilməsi və məlumatlandırılması və s. işlərdə köməklik göstərir. Könüllülük fəaliyyəti, eyni zamanda, onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər qazanmalarına, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlar atmalarına imkan yaradır. “Könüllü DOST” proqramı məzunlarından artıq bir qismi agentliyin və DOST mərkəzlərinin əməkdaşları kimi fəaliyyət göstərir.
Xatırladaq ki, beynəlxalq səviyyədə də “Könüllü DOST” proqramı yüksək qiymətləndirilir. Ötən dövrdə bu layihə Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatlarına layiq görülüb. Proqram “Global HR Summit 2023” beynəlxalq müsabiqəsinin də “Ən yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası” kateqoriyası üzrə qalibi olub.
Beləliklə, 5 il əvvəl dövlət sosial xidmətlərinin DOST modeli üzərində göstərilməsinə başlandı. Hər kəsi əsl DOST münasibəti ilə qarşılayaraq dostcasına xidmətlər göstərən DOST mərkəzləri bu gün əhalinin böyük inam və etimad ünvanıdır.
Zərifə HÜSEYNOVA
XQ