Azərbaycan – Özbəkistan İnvestisiya əməkdaşlığı

post-img

Daşkənddə Üçüncü Beynəlxalq İnvestisiya Forumu keçirilib.

Tədbirdə dünyanın 93 ölkəsindən gələn dövlət və hökumət başçıları, nazirlər, investorlar və ekspertlər, ümumiyyətlə 2500 nümayəndə iştirak edib. 

Onların arasında Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini Tatyana Molçan, Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz, Sinqapur parlamentinin sədri Sia Kian Penq, Qırğızıstanın Baş naziri Akılbek Japarov, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səud, Avropa yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso və digər şəxslər iştirak edib. 

Bu mühüm tədbirə ölkəmizdən iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti qatılıb. 

Forumu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açaraq forum iştirakçılarını salamlayıb, ölkədə sərmayə qoyuluşu sahəsindəki uğurlardan danışıb. 

Forum çərçivəsində “Özbəkistan-Azərbaycan”: uğura doğru addım” adlı sessiya da baş tutub. Sessiyada Azərbaycan tərəfdən Mikayıl Cabbarov və İxracın və İnvestisiyaların Təşviqi Agentliyiniin icraçı direktoru Yusif Abdullayev, Özbəkistan tərəfdən isə investisiya, sənaye, ticarət nazirinin müavini Hürrəm Teşabayev və Yenidənqurma və İnkişaf Fondunun baş direktoru Şuxrat Bafoyev iştirak ediblər. 

Tədbirdə bildirilib ki, iqtisadi münasibətlərin əsasında dərin tarixi və mədəni köklər, həmçinin iki xalq arasında əsrlərlə olan dostluq durur. 

Sessiyada ticarət, investisiya, turizm sahələrində yeni əməkdaşlıq layihələri müzakirə edilib. Bildirilib ki, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin gələcək inkişafı üçün böyük potensial var. 

Mikayıl Cabbarov deyib: – Özbəkistan məhsulları ilə bağlı xüsusi ticarət siyasətinin tətbiq olunduğu son iki ildə tərəflər böyük uğur əldə ediblər. Ölkələrimiz arasında avtomobil və dəmiryol daşımalarının miqyası artıb, nəqliyyat əlaqəsi ticarət sahəsindəki əməkdaşlığı əhəmiyyətli dərəcədə asanlaşdırıb. 

Bildirilib ki, bu sesssiya Özbəkistanla Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin möhkəmlənməsi üzrə konstruktiv dialoq məkanına çevrilib və bu istiqamətdə işlər davam etdiriləcək.  

İnvestisiya Forumu çərçivəsində 50-dən çox iclas, panel sessiya və diskussiya keçirilib. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

 

Son xəbərlər