Monqolustanda Türk xaqanlığının izləri

post-img

Beynəlxalq Türk Akademiyasının və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Ulan-Batordakı Nomqon-2 Memorial Kompleksində aşkarlanan bitig daşının aşağı hissəsinin təqdimatı olub.

Tədbirdə Beynəlxalq Türk Akade­miyasının prezidenti akademik Şahin Mustafayev, Monqolustan Elmlər Aka­demiyasının prezidenti Dugerin Regdel, Qazaxıstanın Ulan-Batordakı səfiri Qabit Koyşıbayev, Türkiyənin Ulan-Batordakı səfirliyinin müvəqqəti işlər vəkili Əli Səid Serdengeçti, eləcə də diplomatik missi­yalarının nümayəndələri iştirak ediblər. 

Arxeoloji tədqiqatlarda iştirak edən elm adamları bitig daşının yeni tapılan aşağı hissəsində qədim Çin mətninin ol­duğunu, Nomqon-2 Abidə Kompleksinin Köhnə Türk Xaqanlığının hökmdarı İlteriş Kutluğa aid ola biləcəyini iddia ediblər.

Tədbirdə bildirilib ki, 2019, 2022 və 2023-cü illərdə aparılan qazıntılar zama­nı xaqanın oturmuş vəziyyətdə daş hey­kəli və başı, iki balası olan şir daş heykəli və 5 daş heykəlin qırıq parçaları aşkar edilib. 

Qeyd edək ki, Monqolustanın Arxanqay bölgəsinin Haşaat Sum Nomqon vadisində yerləşən Nomqon-2 xaqanlara məxsus kompleks hesab edilir.

Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu Nomqon düzündəki monumental kompleksdə arxeoloji qazın­tıları davam etdirəcək.

Qabil ƏLİYEV
XQ

Son xəbərlər