Xankəndi xuntasının iflasından sonra şəhərdə normal həyat fəaliyyətini təmin edən ölkə qurumları işçilərinin ailəsində ilk azərbaycanlı körpə dünyaya gəlib.
Şəhərdəki tibb müəssisəsində həyata göz açan oğlan uşağının ata-anası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndidə çalışan əməkdaşları Abbas Abdullayev və Səadət Namazlıdır.
Tibb müəssisəsindən bildirilib ki, körpənin dünyaya gəlişini həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova uğurla icra ediblər. Hamiləlik müddətində Səadət Namazlının müayinələri vaxtında və diqqətlə aparılıb və onun vəziyyəti daim nəzarətdə saxlanılıb. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlər göstərilir, onların vəziyyətləri normaldır.
Xankəndidə doğulmuş körpə soydaşımızın ata-anası oğlana Qarabağı xalqımıza qaytarmış, şəhəri separatçı xunta rejiminin tör-töküntülərindən azad etmiş qalib komandanın şərəfinə İlham adını verməyi nəzərdə tutduqlarını söyləyiblər.
Son saatda aldığımız məlumatda deyilir ki, şəhərdə ilk azərbaycanlının dünyaya gəlməsinin əlamətdarlığı və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə gənc ailəyə Xankəndidə rahat mənzil verilib.
XQ