Əlcəzairli deputatlar Azərbaycan parlamentində

post-img

Dünən Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair–Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Spiker bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycan – Əlcəzair münasibətlərinin hazırkı səviyyəsinin məmnunluq doğur­duğunu bildirib. Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Əlcəzairə səfəri­nin dost ölkələrimiz arasında əlaqələrin inkişafında tarixi mərhələ olduğu vurğu­lanıb. S.Qafarova Əlcəzairin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şə­bəkəsinin işində fəal iştirakını da yüksək qiymətləndirib. Söhbət zamanı Azərbay­canla Əlcəzair arasında iqtisadi, mədəni, təhsil sahələrində əlaqələrin genişləndi­rilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Əlcəzair paralmenti nümayəndə heyətinin rəhbəri Qarbi Abdelbaset Azər­baycanın ərazi bütövlüyünü və suve­renliyini bərpa etməsi münasibəti ilə də təbriklərini çatdırıb.O qeyd edib ki, Qo­şulmama Hərəkatı çərçivəsində əlaqələr ikitərəfli münasibətlərin inkişafı üçün ge­niş imkanlar yaradıb.

Söhbət zamanı, həmçinin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının–COP29-un ölkəmizdə keçi­rilməsinin önəmi vurğulanıb.

Həmin gün Milli Məclisin Azərbay­can–Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri də Qarbi Ab­delbasetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər