Qazaxıstanın Aktube, Kustanay, Akmola, Qərbi Qazaxıstan, Karakanda, Atırau, Şimali Qazaxıstan və Ulıtay vilayətlərində fövqəladə hallar rejimi davam edir. İndiyədək təbii fəlakət nəticəsində ölkənin regionlarından təhlükəsiz ərazilərə 111 194 adam köçürülüb, bunun 39 222 nəfəri uşaqdır.
Təbii fəlakət zonalarında 5 411 ev, 2035 bağ sahəsi hələ də su altındadır. Qəza-xilasetmə işlərinə 33 min adam, 4 min texnika, 17 helikopter cəlb olunub.
Bununla bağlı Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, təbii fəlakət zonalarının 82 yaşayış məntəqəsində nəqliyyatın hərəkətini bərpa etmək hələ ki mümkün deyil.
İnsanlara fasiləsiz olaraq humanitar yardım verilir, onlar lazimi avadanlıqlarla təmin edilir.
Sinoptiklər aprelin 16-dan 18-dək ölkənin əksər vilayətlərində güclü yağış və qar yağması ilə bağlı xəbərdarlıq edib.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Astana