XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun sabiq Prezidenti Milo Cukanoviçə ölkələrimiz arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.
AZƏRTAC xəbər verir ki, sabiq Prezidentə mükafatı jurnalın baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə redaksiyanın baş ofisində görüş zamanı təqdim edib.
Görüşdə, həmçinin Emil Nəsirli nəşrin Redaksiya Şurasının qərarı ilə Monteneqronun sabiq prezidenti Milo Cukanoviçin “Azərbaycanım” beynəlxalq jurnalının fəxri üzvü seçildiyini bildirib və fəxri üzvlük sertifikatını ona təqdim edib.
E.Nəsirli görüş zamanı bildirib ki, ölkəmizin çap mediasında özünəməxsus dəst-xəti ilə seçilən “Azərbaycanım” jurnalı 20 ilə yaxındır maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün layiqincə çalışıb, bu istiqamətdə böyük səylər göstərib. Bunun nəticəsidir ki, “Azərbaycanım” jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində geniş oxucu auditoriyası qazanıb.
Sonra ölkələrimiz arasında əlaqələrin bugünkü səviyyəsindən söhbət açan Emil Nəsirli deyib ki, 2006-cı ildə Azərbaycanın Monteneqronun müstəqilliyini tanımasını və 2008-ci ildə diplomatik münasibətlərin qurulması haqqında protokolun imzalanmasını ikitərəfli qarşılıqlı səmərəli əməkdaşlığın başlanğıcı hesab etmək olar. Lakin Azərbaycanın Monteneqroda diplomatik nümayəndəliyi fəaliyyətə başlayandan və Balkan respublikasının ölkəmizdə fəxri konsulluğu açılandan sonra ikitərəfli əlaqələr daha çox inkişaf edib. Baş redaktor onu da vurğulayıb ki, məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ildə Monteneqroya səfəri zamanı qeyd edib ki, dövlətlərimiz müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, qarşılıqlı sərmayə qoyuluşu, ticarət və turizm sahələrində məhsuldar əməkdaşlıq edir. Bu əməkdaşlıq əlaqələri isə Milo Cukanoviçin prezidentliyi dövründə daha da inkişaf edib, dövlətlərimiz arasında bu cür çoxşaxəli münasibətlərin olması iqtisadi sahədə də müəyyən nailiyyətlərin qazanılması üçün şərait yaradıb və qarşılıqlı əməkdaşlıq üçün də imkanlar açıb. Bu gün Azərbaycan ilə Monteneqro arasındakı münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Emil Nəsirli deyib: “İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və möhkəmlənəcək”.
O əlavə edib ki, Monteneqro həqiqətən də ecazkar təbiəti, gözəl çimərlikləri, dadlı milli mətbəxi, olduqca təmiz ekologiyası, tarix və mədəniyyət abidələri, yerli əhalinin səmimi münasibəti və digər cəhətləri ilə turistlərin, o cümlədən Azərbaycandan gedən turistlərin bu yerlərə böyük maraq göstərməsinə zəmin yaradır. Bu ölkədə həm nisbətən ucuz, həm də VIP turistlər üçün istirahət şəraiti yaradılıb ki, bu da Azərbaycandan gedən tələbkar turistlər üçün heç də az önəmli deyil.
Monteneqronun sabiq prezidenti Milo Cukanoviç və həyat yoldaşı bu mükafata layiq gördüklərinə və jurnalın Redaksiya Şurasına Fəxri üzv seçdiklərinə görə təşəkkürlərini bildirib, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndiriblər.
Aparılan fikir mübadiləsi zamanı Milo Cukanoviç XI Qlobal Bakı Forumu çərçivəsində panel müzakirələri zamanı qaldırdığı məsələləri bir daha bildirib.
“Avropa İttifaqı üçün prioritet Qərbi Balkanlardır. Bu ölkələrin İttifaqa üzvlüyü kifayət qədər yaxşı vədlər verir”, - deyə o əlavə edib.
Sonra sabiq Prezident redaksiyanın baş ofisində “Azərbaycanım” beynəlxalq jurnalının ötən illər ərzində fəaliyyətini əks etdirən fotostendlə tanış olub, nəşrin “Fəxri xatirə kitabı”na ürək sözlərini yazıb.
Sonda xatirə şəkli çəkdirilib.