Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib

post-img

Martın 15-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Spiker ötən iclasdan bəri Milli Məclisdə görülmüş işlər haqqında məlumat verib. Bildirib ki, bu dövrdə Milli Məclisin 13 komitə iclası keçirilib, bir sıra qanunvericilik aktlarının layihələri ətraflı və geniş müzakirə edilib və plenar iclasda baxılmasına dair rəy verilib. 

Spiker ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahə­sində həyata keçirilən tədbirlərdən da­nışıb. 

Həmçinin qeyd olunub ki, martın 13-də Avropa Parlamenti ölkəmizə qarşı qərəzli münasibətini bir daha nüma­yiş etdirərək qətnamə qəbul edib. Milli Məclis anti-Azərbaycan xarakterli bu növbəti qətnaməyə yenə də öz qəti eti­razını bildirib. 

Sonra iclasın gündəliyi təsdiq olu­nub. 

Sahibə Qafarova bildirib ki, 2023-cü il milli inkişaf tariximizə “Heydər Əliyev İli” kimi daxil olub. Ötən il həm də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü qeyd edilib. Keçdiyimiz tarixi dövrün təhlili göstərir ki, Ulu Öndərin rəhbər­liyi ilə ölkə iqtisadiyyatında bərqərar edilmiş inkişaf dinamikası Prezidentin rəhbərliyi ilə ildən-ilə daha da möhkəm­lənib və 2023-cü ilin uğurlu göstəricilə­rində yeni ifadəsini tapıb. 

Spiker qeyd edib ki, ötən il ölkə­də 123 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2022-ci illə müqayisədə 1,1 faiz çoxdur. Sevindirici hal odur ki, artım qeyri neft-qaz sekto­runun hesabına təmin edilib. Diqqəti çəkən məqamlardan biri də dövlətin strateji valyuta ehtiyatlarının 17 faiz­dən çox artması və 68,5 milyard ABŞ dolları təşkil etməsidir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ildə 5,6 mil­yard manatadək vəsait xərclənib. Ötən üç ildə isə bu vəsait 12 milyard manat­dan çox olub. Bütün bunlar dövlətimizin başçısının müəyyənləşdirdiyi sosial-iq­tisadi inkişaf strategiyasının həyata keçirildiyini, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının möhkəmləndi­rildiyini, iqtisadiyyatın şaxələndirildiyini və neft gəlirlərindən asılılığın azaldıl­dığını, infrastrukturun inkişafının və di­gər sahələrdə hökumətin fəaliyyətinin səmərəli qurulduğunu söyləməyə əsas verir. 

Parlamentin sədri vurğulayıb ki, ötən il Milli Məclisdə Nazirlər Kabineti­nin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyə­tinə dair ətraflı məlumat təqdim edilib. Eyni zamanda, artıq 4 ildir ki, hesaba­ta ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırıl­ması barədə Milli Məclis deputatlarının təkliflərinin icrası barədə məlumat da daxil edilir. 

Sonra Azərbaycan Respublika­sının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.

Ötən ilin Azərbaycan xalqı və ölkə­miz üçün çox əlamətdar və uğurlu il ol­duğunu qeyd edən Baş nazir hesabat dövründə bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinin tarixi əhəmiyyətindən söz açıb. Baş na­zir vurğulayıb ki, Prezident İlham Əliyev suverenliyimizin tam təmin edilməsini müasir tariximizin yeni dövrünün baş­lanğıcı kimi dəyərləndirib.

Əli Əsədov ötən il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliye­vin 100 illik yubileyinin Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsini əlamət­dar hadisə adlandırıb. O, Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 2023-cü ildə də Azərbaycanda məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatla­rın davam etdirildiyini, makroiqtisadi və maliyyə sabitliyinin təmin olunduğunu bildirib.

Hesabat ilində ölkədə 123 milyard manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hər nəfərə düşən ÜDM isə 0,5 faiz artaraq 12,1 min manat təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7 faiz azaldı­ğı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7 faiz artıb. Bildirilib ki, hesabat ilində xarici ticarət dövriyyəmiz təxminən 45 milyard ABŞ dollarına ça­tıb, müsbət ticarət saldosu 10,3 milyard dollar olub. Qeyri-neft ixracı 9,8 faiz ar­taraq 3,3 milyard dolları üstələyib.

2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17 faiz artaraq 68,5 milyard dollar təşkil edib ki, bu da xarici döv­lət borcunu 10 dəfədən çox üstələyir. 2023-cü ilin sonuna isə xarici dövlət borcunun məbləği 3,5 faiz azalaraq 6,46 milyard ABŞ dolları səviyyəsinə enib.

Baş nazir diqqətə çatdırıb ki, hesa­bat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büd-cəsinin xərcləri dürüstləşmə zamanı 3,3 milyard manat artırılıb. Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35,6 milyard manat olub ki, bu da 2022-ci illə müqayisədə 4,9 mil­yard manat (və ya 16 faiz) çoxdur.

2023-cü ildə hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunma­sı, məzənnə sabitliyinin idxal inflyasiya­sına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Nazirlər Kabinetində inflya­siya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində “İnflyasiya və qiymət monitorinqi” üzrə işçi qrup və qiymətlərin artım dinami­kasını izləməyə, çevik müdaxilələr et­məyə imkan verən “Qiymət izləmə tət­biqi” sistemi yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8 faiz orta illik inflyasiyaya nail olunub.

Hesabat dövründə həyata keçirilən əhalinin sosial müdafiəsinin gücləndiril­məsi tədbirlərindən söz açan Baş nazir 2023-cü ildə əməkhaqlarının, pensiya məbləğlərinin, minimum əməkhaqqı­nın, yaşayış minimumu və ehtiyac me­yarının həddinin artımından bəhs edib. 

Əli Əsədov hesabat ilində ölkəmiz­də insanların həyat və sağlamlığının qorunması, səhiyyə xidmətlərinə çıxı­şın, dərmanlarla təminatın daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində dərman vasitələri təminatının əhatə da­irəsi genişləndirilir, yerli istehsalın təşkili istiqamətində müvafiq tədbirlər görülür.

Baş nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xa­nım Əliyevanın daim diqqət və qayğısı ilə əhatələnən şəhid ailələrinin, müha­ribə əlillərinin, hərbi qulluqçuların və həssas təbəqədən olan digər şəxslə­rin sosial müdafiəsinin gücləndirilməsi, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli istiqamətində görülən işləri diqqətə çatdırıb.

Ölkədə ərzaq təhlükəsizliyinin tə­min edilməsi üçün 478 milyon manat vəsaitin ayrıldığını, 2024-cü il yanva­rın 1-dən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin daha 3 il müddətinə uzadıldığını deyən Əli Əsədov bildirib ki, su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin geniş­ləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib. Vurğulanıb ki, su sahəsində fəaliyyət göstərən qurumlar­da institusional islahatlarının aparılma­sı su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olun­masına ciddi töhfə verəcək.

Baş nazir deyib ki, Prezidentin bir­başa iştirakı və rəhbərliyi ilə ötən il iş­ğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri davam etdirilib. O, iş­ğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastruk­turunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köç­kün köçürülüb. Məlumat verilib ki, azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya istismar edilməkdədir, həmin ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gü­cündə 17 Su Elektrik Stansiyası yeni­dən qurulub, tikilib və ya bərpa edilib, 73 MVt gücündə 9 SES-in tikintisi da­vam etdirilib. 2023-cü ildə ümumilikdə 53,1 min hektar ərazi minalardan təmiz­lənib.

Əli Əsədov deyib ki, hesabat ilində Azərbaycanın beynəlxalq enerji təh­lükəsizliyində və nəqliyyat dəhlizləri­nin inkişafında rolu daha da güclənib və Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı artıq 8-ə çatıb. Eyni za­manda, ölkəmizdə bərpaolunan ener­jinin istehsalı, beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artı­rılması istiqamətində mühüm işlər gö­rülür. 

Baş nazir çıxışının yekununda hö­kumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələri və çağırış­ları açıqlayıb.

O bildirib ki, müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialı­nın artırılması, Qarabağ və Şərqi Zən­gəzurun bərpa edilməsi tədbirləri da­vam etdiriləcək. 2026-cı ilədək 34 min 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıtması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni dray­verlərdən biri olacaq.

İqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsasla­nan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaq. Ölkə­də pul və kapital bazarlarının inkişafı­nın dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlbediciliyi­nin artırılması və ümumən investisiya aktivliyinin yüksəldilməsi, Azərbayca­nın tranzit-logistika potensialının ge­nişləndirilməsi istiqamətində zəruri işlər davam etdiriləcək. Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, Or­tamüddətli Xərclər Çərçivəsinin əhatə dairəsinin genişləndirilməsi və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağ­lı islahatlar sürətləndiriləcək. Baş nazir bildirib ki, Prezident İlham Əliyevin hö­kumət qarşısında qoyduğu hədəflərdən biri də 2030-cu ilin sonunadək Azərbay­canda 5 min meqavata yaxın bərpao­lunan enerji istehsalına nail olmaqdır. Eləcə də ölkəmiz “Qara Dəniz yaşıl kabel” layihəsi ilə Avropaya yaşıl enerji ixrac edən vacib tərəfdaşlardan biri ol­mağı planlaşdırır. Baş nazir vurğulayıb ki, məhz cənab Prezident tərəfindən aparılan məqsədyönlü və uğurlu yaşıl enerji siyasətinin nəticəsidir ki, COP29 beynəlxalq konfransının Bakıda keçiril­məsi qərara alınıb.

Əli Əsədov bildirib ki, bütün bu və­zifələrə və hədəflərə nail olmaq üçün dayanıqlı və diversifikasiya olunmuş iqtisadiyyatın inkişafı təmin edilməli­dir. Heç şübhəsiz ki, müasir inkişafın Azərbaycan modelini yaratmış cənab Prezident İlham Əliyevin yenilməz siya­si iradəsi, müdrik rəhbərliyi ilə ölkəmiz bundan sonra da inamla, uğurla inkişaf edəcək və qarşıya çıxan bütün çağırış­ların və vəzifələrin öhdəsindən layiqin­cə gələcək.

Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, parlamen­tin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Tahir Mirkişili, Əhliman Əmi­raslanov, Bəxtiyar Əliyev, Sadiq Qurba­nov, Musa Quliyev, deputatlar Nurlan Həsənov, Soltan Məmmədov, Elnur Al­lahverdiyev, Kamran Bayramov, Vüqar Bayramov, Müşfiq Məmmədli, Elşad Mirbəşir oğlu, Musa Qasımlı, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Sa­hib Alıyev, Eldar Quliyev, Azər Bada­mov, Razi Nurullayev, Kamilə Əliyeva, Qüdrət Həsənquliyev, Azay Quliyev, Əli Məsimli, Sabir Rüstəmxanlı, Əziz Ələk­bərov və başqaları çıxış ediblər. 

Deputatlar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla başa vurduğu 2023-cü ilin əlamətdar və tarixi hadisələrlə yadda qaldığını söyləyiblər. 

Bildirilib ki, dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasət, apardığı ardıcıl islahatlar, müvəffəqiy­yətlə reallaşdırdığı iqtisadi strategiya ötən ildə də ölkəmizin hərtərəfli inki­şafının davamlılığını təmin edib, bütün sahələrdə irəliləyişin əldə edilməsinə şərait yaradıb. Təqdirəlayiq haldır ki, bu inkişaf Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını da tam əhatə edir. Həmin bölgələrdə təhlükəsizliklə bağlı çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə sənaye, infrastruk­tur, aqrar, ekologiya, tikinti, şəhərsalma və xidmət sahələrində xeyli işlər görü­lüb.

Nazirlər Kabinetinin hesabatında 2023-cü ildə qarşıya qoyulmuş və­zifələrin, onların uğurlu həlli istiqamə­tində görülmüş işlərin dolğun şəkildə əks olunduğu qeyd edilib. 

Millət vəkilləri, həmçinin seçicilə­rin üzləşdiyi bəzi problemləri hökumət üzvlərinin diqqətinə çatdırıblar, bir sıra aktual məsələlərə toxunublar.

Deputatlar hökumətin 2023-cü ildəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Müzakirələrin sonunda Baş nazir Əli Əsədov deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirib.

İclasda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın nəzərə alınması haqqında qərar layihə­si səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin dünənki plenar iclası başa çatıb.

Əliqismət BƏDƏLOV
XQ





Son xəbərlər