Bakı Forumu: COP29, sağlamlıq, iqlim ədaləti, regional maraqlar

post-img

XI Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib. “Yaxşı sözlərdən yaxşı hərəkət­lərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzu­suna həsr olunan ilk panel iclasına “Fortescue Metals and Fortescue Future İmdustries” şirkətinin İdarə Heyətinin sədri Jan Baderşnayder moderatorluq edib. 

BMT-nin İnkişaf Proqramının Ad­ministratoru Axim Ştayner bildirib ki, dünya iqlim dəyişiklikləri ilə bağlı təcili cavab tədbirlərimizi səbirsizliklə gözlə­yir. Azərbaycan COP29-a ev sahibliyi edəcək. COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara mühüm töhfə verəcək. 

BMT-nin Sənaye İnkişafı Təşkilatı­nın baş direktorunun müavini, Qlobal Tərəfdaşlıq və Xarici Əlaqələr Direktor­luğunun idarəedici direktoru Fatu Hay­dara COP29-un qarşısında çox çətin məsələlərin həllinin dayandığını deyib. Bildirib ki, bunlardan biri iqlim maliy­yələşdirilməsidir. Enerji keçidinin mexa­nizmi hazırlanmalıdır. Özəl sektorun da burada önəmli rolu var.

BMT-nin Məskunlaşma Proqramı­nın 2018-2024-cü illərdə icraçı direkto­ru xanım Maimuna Mohd Şərif bildirib ki, hesablamalara görə, 77 faiz karbon emissiyası şəhərlərin payına düşür. 2050-ci ildə 70 faiz əhali şəhərlərdə yaşayacaq. İqlim dəyişmələri ilə bağlı tədbirlər görülməlidir. 

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza çıxışında COP29-un sonun­da Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına şa­hidlik ediləcəyinə inamını ifadə edib.

İqlim dəyişikliklərinin geosiyasi məsələlərdə rolunu vurğulayan M.F.Es­pinoza fikirlərinə belə davam edib: “İq­lim yalnız ətraf mühit məsələsi deyil, siyasi və iqtisadi təsirlərə də malikdir. Buraya bizim istədiyimiz yaşam tərzi də daxildir. COP29-da bu məsələlərə də baxılacaq”.

Beynəlxalq Bərpa Olunan Ener­ji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera isə qeyd edib ki, COP29 çox gözəl düşüncə platforması­dır. Bakının bu tədbirə ev sahibliyi edə­cəyini səbirsizliklə gözləyirik. COP29 yaşıl enerjiyə keçiddə həlledici rol oy­nayacaq. 

“Liberal International" təşkilatının Prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri Hakima El Haite deyib ki, COP yalnız geosiyasi alət deyil, həyatın, bəşəriyyətin gələcəyidir. Biz hər şeyi dəyişdirə bilərik.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çər­çivə Konvensiyasının Tərəflər Konf­ransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma deyib ki, biz ənənəvi enerjinin sonunu yaşayırıq. Re­allıq odur ki, iqlim dəyişmələri bizə təsir etməkdədir. Ölkələr bir araya gələrək sərhəd tanımadan birlikdə işləməlidir. Bizim əlimizdə texnologiya var, amma vəsait kifayət qədər deyil”.

COP29 Azərbaycan üzrə baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, COP29 ma­liyyə ilə bağlı olacaq. Bakının maliyyə məsələlərini vahid platforma şəklinə necə saldığını görmək istəyirik. 

“Danışıqlar üzrə komandamız hər yerə səfər edir. Ev sahibi olaraq fəal hazırlıq işlərinə başlamışıq. Prosesin davamlılığını və ardıcıllığını təmin et­mək vacibdir. Hər kəs bu prosesin tər­kib hissəsi olmalıdır. Bu, Azərbaycanın yanaşmasıdır və COP-da təşkilatçılığın düzgün idarə edilməsindən asılıdır”, - deyə E.Soltanov əlavə edib. 

***

Həmin gün “Hər kəs üçün sağ­lamlıq” mövzusunda növbəti panel iclası keçirilib. İclasa Bolqarıs­tanın sabiq Prezidenti Rosen Plevne­liyev moderatorluq edib.

BMT-nin İnsanın İmmunçatışmazlı­ğı Virusu/Qazanılmış İmmun Çatışmaz­lığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byan­yimanı çıxışında qeyd edib ki, BMT-nin qurumu olaraq bütün səbəbləri araş­dırıb xəstəliklərin qarşısını almaq la­zımdır. “Azərbaycan bu sahədə böyük addımlar atır. Xəstəliklərə yoluxma, həmçinin ölüm hallarının sayının azal­dılması məsələlərini diqqətdə saxlayır”, - deyə UNAIDS-ın icraçı direktoru bildi­rib. 

Beynəlxalq Atom Enerjisi Agentli­yinin Baş direktorunun müavini Najat Moxtar xərçəng xəstələrinin müalicəyə çıxışı imkanlarından danışıb. 

Səhiyyəyə investisiyanın insana qo­yulan sərmayə hesab edildiyini deyən Najat Moxtar bildirib: “Dünyada 30 ölkə­nin heç bir tibbi ləvazimatı yoxdur. Ona görə də bu ölkələr xərçəng xəstələrinin müalicəsini həyata keçirə bilmir. Bizə 80 ölkədən dəstək üçün müraciət edilib. Bunlar əsasən Afrika ölkələridir”. 

Azərbaycanın səhiyyə naziri Tey­mur Musayev çıxışında “Hər kəs üçün sağlamlıq” konsepsiyasının Azərbay­canda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıt­malarının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğula­yıb. Bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azər­baycan hökuməti işğaldan azad edilən ərazilərin təmir-bərpası istiqamətində misli görünməmiş yenidənqurma işləri aparır. Azərbaycanın Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə birlik­də işğaldan azad edilən ərazilərə əhali­nin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb. 

Xorvatiyanın sabiq Prezidenti Ko­linda Qrabar-Kitaroviç diqqətə çatdırıb ki, dünyada baş verən müharibələr qısa müddət ərzində COVID-19 pandemi­yasını unutdurdu. O, növbəti pandemi­yaya hazır olmağımızın, onu diqqətdə saxlamağımızın vacibliyini vurğulayıb. 

Misirin sabiq ailə və əhali naziri Mu­şira Xattab səhiyyənin, təhsilə əlçatan­lığın insan hüquqları olduğunu deyib. “"Hər bir ölkə bunu təmin etməli, bə­rabərsizliyin qarşısını almalıdır. İnsan hüquqlarının bərpası ilə parçalanmış dünyanı bərpa edə bilərik”, - deyə nazir əlavə edib. 

Qırğızıstanın sabiq Baş naziri Co­mart Otorbayev bildirib ki, biz hazırda parçalanmış, bölünmüş səhiyyə sistemi olan dünyada yaşayırıq. Bəşəriyyətin yoluxucu xəstəliklərdən xilas ola bil­məsi üçün bütün dünya birgə mübarizə aparmalıdır.

Moldovanın sabiq Baş naziri Kirill Qaburiç dünyanı düzgün prioritetlər müəyyənləşdirməyə, qlobal dialoq qur­mağa çağırıb. 

***

Növbəti panel iclası “Həyatda qalmağımızı maliyyələşdir­mək: İqlim ədaləti” mövzusuna həsr olunub. Iclasına Dünya Bankının Şərqi və Cənubi Afrika regionu üzrə sabiq vitse-prezidenti Hafez Qanem moderatorluq edib.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Da­niels hazırda dünyanın bir çox ölkəsinin iqlim dəyişikliyinin nəticələrindən əziy­yət çəkdiyini bildirib. Hazırda 3,6 milyon insan iqlimə həssas ərazilərdə yaşayır. 

Türk Dövlətləri Təşkilatının Ağ­saqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım qeyd edib ki, təbii qazın vurduğu ziyan ara­dan qaldırılmalıdır. 

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev təmiz ətraf mühitin və yaşıl iqtisadiyyatın artırıl­masının Azərbaycanın strategiyasının əsas xəttini təşkil etdiyini vurğulayıb. 

UNESCO-nun 2009-2017-ci illərdə baş direktoru, Beynəlxalq Elm Şurası­nın hamisi, BMT Sülh Universitetinin İdarə Heyətinin sədri İrina Bokova de­yib ki, hər şey təhsildən başlayır. Bu, bünövrədir. Bizim yaşam tərzimizi də­yişdirən yaşıl iş yerləri təhsildən keçir. Biz artıq hər bir layihədə elm tutumlulu­ğu gücləndirməliyik.

2009-2011-ci illərdə Belçikanın Baş naziri İv Löterm çıxışında zamanın in­sanlara qarşı işlədiyini, biznes ssenari­si ilə davam ediləcəyi təqdirdə nəyəsə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb. 

Çıxışında iqlim dəyişikliyinin yarat­dığı maliyyə böhranlarından danışan Mavrikinin sabiq Prezidenti Ameenah Qurib Fakim həssas ölkələrin həmin qlobal problemin mənfi təsirlərindən qorunmasına kömək məqsədilə İtki və Zərər Fondunun təsis olunmasının əhə­miyyətindən danışıb. 

Malavinin sabiq Prezidenti Coys Banda Afrikada mövcud olan problem­lər haqqında danışıb. 

Rumıniyanın sabiq Baş naziri Pet­re Roman dünyanın gələcəyi ilə bağlı qarşıda duran məsələlərin müzakirəsi­nin əhəmiyyətini vurğulayıb. O, maliyyə məsələləri və iqlim dəyişiklikləri ilə bağlı risklərə toxunub. 

Ümumdünya Təbiət Fondunun (WWF) İqlim və Enerji üzrə Qlobal Təc­rübə Lideri, Perunun sabiq ətraf mühit naziri, COP20-nin prezidenti Manuel Pulqar Vidal isə deyib: “Biz insanların səsini eşitməliyik. Bunun üçün böyük işlər görülməlidir”.

***

“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Foru­munda ikinci günün sonuncu panel iclası keçirilib. Belçikanın sabiq Baş naziri İves Letermenin moderatorluq etdiyi müzakirələr “Regional hərbi və iqtisadi ittifaqların rolu” mövzu­sunda olub.

Münxen Təhlükəsizlik Konfransının Fond Şurasının prezidenti Volfqanq İşinger ölkələrin ərazisində boz əra­zilərin yaranmasının qarşısını almağın mümkünlüyünü qeyd edib: “Bunun qar­şısını almaqda bir sıra təsisatlar bizə kömək edə bilər. NATO hərbi müttəfiq­dir. Ancaq onun aparıcı ölkəsi Amerika Birləşmiş Ştatlarıdır. Digər böyük təşki­lat isə İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Həmin təşkilata daxil olan ölkələr vahid mövqe əsasında qərar verirlər. Ancaq BMT-də belə deyil. Lissabon sazişi isə mürəkkəb detallarla izah edilir. Biz hər hansı bir ölkənin təkbaşına qalmasının qarşısını almalıyıq”.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həm­sədri Vayra Vike-Freyberqa ölkələrin öz vətəndaşlarına tətbiq etməli olduğu azadlıq və demokratiyadan bəhs edib. 

Çinin Renmin Universitetinin maliy­yə tədqiqatları üzrə Çonqyanq İnstitu­tunun dekanı Vanq Ven çıxışında süni intellektin bəşəriyyət üçün təhdidlər törədəcəyini diqqətə çatdırıb. O, qlobal idarəetmənin süni zəkaya həvalə edil­məsinə qarşı çıxmağın zəruriliyini vur­ğulayıb. Vanq Venin sözlərinə görə, əks halda təhdidlər artacaq.

Azərbaycanla Çin arasında əlaqələrdən danışan V.Ven qeyd edib: “Azərbaycan Çinin çox vacib iqtisadi partnyorudur. “Bir kəmər, bir yol” layihə­si ilə sıx əməkdaşlıq edirik. Azərbaycan region üçün olduqca vacib tərəfdaş ölkə hesab edilir”. 

Monqolustanın sabiq Prezidenti Nambarin Enxbayar ölkəsinin bütün dünyanın dost olması konsepsiyasını hazırladığını və birtərəfli situasiyada qalmaq istədiyini diqqətə çatdırıb: “Bö­yük ölkələr üzərində olan öhdəlikləri yerinə yetirmir. Bu, yanlış istiqamətdir. Bütün dünyanın taleyüklü məsələsi beş ölkənin qərarına bağlıdır. Bizə isə heç nə qalmır. Yalnız BMT-də təmsil olunan beş ölkəyə taleyimizi həvalə etmişik. Hesab edirəm ki, veto hüququ beş ölkənin əlindən alınmalıdır. BMT daha məsuliyyətli orqana çevrilməlidir. Həmin təşkilat böyük güclərin iradəsini səsləndirən təşkilat olmalı deyil, bütün dünyanın mövqeyini əks etdirməlidir.”.

Amerikanın xarici siyasət üzrə milli komitəsinin baş icraçı direktoru və pre­zidenti Suzan Eliot Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) təşki­latının fəaliyyətində bəhs edib. Bildirib ki, ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi bö­yüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sa­bitliyin təmin edilməsi yer alır.

İsrailin sabiq xarici işlər naziri Tzipi Livni İsrail-Fələstin münaqişəsi barədə danışıb.

Xorvatiyanın sabiq Prezidenti Ko­linda Qrabar-Kitaroviç hər bir dövlətin Avropa İttifaqına üzv qəbul edilmək istədiyini deyib: “Bu gün bir çox ölkələr tərəqqiyə imza atıb və yaxşı həyat tər­zini yaradıb. Regionumuzda Bosniya və Herseqovina Avropaya doğru addım atıb və üzvlük astanasındadır. 

NATO isə bir seçim deyil, sadəcə hərbi ittifaqdır. BMT-nin Nizamnamə­sinə uyğun fəaliyyət göstərən bir təş­kilatdır. NATO bizə düşmən deyil. NATO-nun əməliyyatları açıq şəkildə bəyan edilib”.

Litvanın sabiq Prezidenti Daliya Qri­bauskayte isə bildirib ki, təhlükəsizlik infrastrukturu yaradılsa da, faktiki ola­raq bu, bir çox təşkilatlarda dağıdılıb: “Yaxın Şərqdə biz artıq müdrik liderli­yin və təhlükəsizliyin azalmasına şa­hidlik edirik. Avropa isə təhlükəsizliklə bağlı boşluqların doldurulmasına cəhd göstərir”.

Bununla da “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun ikinci gününün müzakirələri başa çatıb.

 







Son xəbərlər