Azərbaycan – Əlcəzair siyasi məsləhətləşməsi

post-img

Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf Prezident Əbdülməcid Tebbunun adından Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb. 

Bu barədə Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi məlumat ya­yıb. 

Məlumatda bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamikası yüksək qiymətləndirilib. Eyni zamanda, dinamik şəkildə inkişaf edən ikitərəfli əlaqələrin gələcəkdə daha da dərinləşdi­rilməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlığın daha geniş sahələrə və istiqamətlərə şaxələn­dirilməsinin, xüsusən də iqtisadi sahədə dərinləşdirilməsinin vacibliyi vurğulanıb. 

Söhbət zamanı diqqətə çatdırılıb ki, bu il iki ölkə arasında diplomatik müna­sibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur və bu addımlar da həmin ta­rixi hadisə ilə eyni vaxta təsadüf edir. 

Tərəflər öz regionlarında baş verən son hadisələri də müzakirə edib, bu yaxın­larda Əlcəzairin ev sahibliyi etdiyi Qaz İx­rac Edən Ölkələr Forumunun (GECF) 7-ci Zirvə toplantısının nəticələri kontekstində enerji keçidi məsələsi ilə bağlı aspektlər üzrə fikir mübadiləsi aparıblar. 

Nazirliyin açıqlamasında, eyni za­manda, Azərbaycanın bu ilin noyabrında ev sahibliyi edəcəyi BMT-nin İqlim Də­yişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumat verilib.

XQ

Son xəbərlər