XI Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclası ilə davam etdirib. Birinci panel iclasına İsveçrə Beynəlxalq İşlər üzrə Forumun vitse-prezidenti David Cikvadze moderatorluq edib.
O bildirib ki, Azərbaycan Qələbədən sonra prezident seçkilərində çox müdrik seçim edib. Moderator, eyni zamanda, dünyada gərginliyin olduğu bir vaxtda Azərbaycanda sabitliyin hökm sürdüyünü vurğulayaraq bildirib: “Parçalanan dünyanın bərpası istiqamətində səylərimizi əsirgəməyəcəyik. Dünyada münaqişələr canlanmaqdadır. Bütün beyin mərkəzlərini bir araya gətirərək müzakirələr aparmalıyıq. Tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. XI Qlobal Bakı Forumunda bu mövzular geniş müzakirə olunacaq”.
Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi Qlobal Bakı Forumunun yeni üfüqlər açdığını söyləyərək qeyd edib ki, dünyanı xilas etmək üçün düşüncə tərzi dəyişməlidir. İnsan Hüquqları Fondu bərabərsizliyə, haqsızlığa qarşı hər zaman səsini ucaldır: “Biz hüquqların bərabər olmasına nail olmalıyıq, həmçinin yoxsulluğun, bütün bu təlatümlərin öhdəsindən birgə gəlməliyik. Biz güclərimizi birləşdirməliyik”.
Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin keçmiş müavini, Çinin Almaniyadakı sabiq səfiri Vu Honqbo parçalanmış dünyanı bərpa etməyin ən uyğun yolunun bütün dünya insanlarının birləşməsi olduğunu deyib: “Dünya parçalanır. Bunun qarşısını almağın yollarından biri müxtəliflikdir. Dünyanı bərpa edərək hər kəs bundan bəhrələnməlidir. Dünya sülh və əmin-amanlıqla qurulmalıdır”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi. Azərbaycan-Ermənistan əlaqələrindəki istiləşməyə hamı şahiddir. Azərbaycan Ermənistanla sülhün bərqərar edilməsində səylərini əsirgəmir. Azərbaycan heç bir parçalanmanın olmaması mühitində daha çox əməkdaşlığı təşviq edir. Azərbaycan öz öhdəliyinin üzərindən layiqincə gəlir. Cənubi Qafqazdakı təcrübənin dünyanın digər bölgələrinə yayılmasına çalışır.
Hikmət Hacıyev daha sonra bildirib: “Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Azərbaycan təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək. Avropa təsisatları acınacaqlı vəziyyətdədir. Azərbaycan Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımır. Azərbaycana qarşı mənfi hallarla rastlaşırıq”.
Serbiyanın sabiq Prezidenti Boris Tadiç isə bildirib: “Yeni münaqişələrin qarşısını almağa çalışmalıyıq. Bütün vaxtımızı faciədə yaşamalı deyil, çıxış yolları axtarmalıyıq”. Təhsilin əhəmiyyətini qeyd edən sabiq prezident siyasətçilərin təlimatlanmasının vacibliyini vurğulayıb.
İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio isə deyib ki, qarşımızda duran əsas prioritetlərdən biri insanların hansı xalqdan, ölkədən olmasına baxmayaraq azad yaşaması, iqtisadi imkanlardan bəhrələnməsidir. Biz artıq bir-birimizi anlamalıyıq. Fərqliliklər üzə çıxmalıdır.
BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır diqqətə çatdırıb ki, parçalanan dünyanın yenidən birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir: “BMT çox mühüm təsisatdır. Hazırda onu əvəz edəcək başqa bir qurum yoxdur. Onun təsisatları əzmkar şəkildə çalışırlar. Lakin BMT münaqişələrin sülh yolu ilə həllinə heç bir töhfə vermir. Bu isə təsisata olan etimadı itirir”.
Ermənistan-Azərbaycan münaqişəsindən də bəhs edən Volkan Bozkır bildirib: “Münaqişələr sülh yolu ilə həll edilməsə, hər bir ölkə fərdi şəkildə yol axtaracaq. Fransa keçmiş Minsk qrupunun üzvü, Azərbaycanın dostu idi. Lakin Fransanın Ermənistana silah-sursat satması bu ölkəyə açıq dəstək idi”.
BMT-nin Sivilizasiyalar Alyansının sabiq ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir vurğulayıb ki, hazırda dünyada xaos yaşanmaqdadır. Ksenofobiya, ayrı-seçkilik bizim cəmiyyəti bölür. Həyat, yaşam tərzi köklü şəkildə pisləşib. Addımlarımızı müharibədən daha çox sülhə doğru atmalıyıq.
Latviyanın sabiq Prezidenti Egils Levits Bakının zəngin keçmişə malik şəhər olduğunu söyləyib. O deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi üçün bu şəhər düzgün seçilmiş məkandır: “İnanıram ki, bu mötəbər tədbir iqlim dəyişiklikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək”.
* * *
İkinci panel iclasında “Müharibə və sülh: realpolitikin geri dönüşü” mövzusunda müzakirələr aparılıb. İclasa Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili moderatorluq edib.
Azərbaycanın idarəçilik, mürəkkəb bir vəziyyətdə manevr etmək bacarığı göstərdiyini deyən Eka Tkeşelaşvili ölkəmizin, eyni zamanda, beynəlxalq səviyyədə də öz səylərini əsirgəmədiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan planetin gələcəyi ilə bağlı xüsusi töhfəyə malikdir.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç bildirib ki, Ukrayna və Qəzzada olan müharibələr realpolitikin qayıdışının vacibliyini ortaya çıxarır: “Beynəlxalq münasibətlər ona dəlalət edir ki, biz öz bacarıqlarımızı, potensial vərdişlərimizi gücləndirməli, təkcə mövcud vəziyyət üçün deyil, gələcək üçün də üfüqləri üzə çıxarmalıyıq. Burada maraqların toqquşması qeyri-sabitliyə yol açır. Beynəlxalq təşkilatlarda siyasəti elə qurmalıyıq ki, orada missiyaların yerinə yetirilməsinə nail olaq”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hazırkı beynəlxalq münasibətlər sistemində mövcud böhran və çağırışları anlamaq, habelə onlara cavab vermək üçün birinci növbədə müasir sistemin necə çalışdığını, eyni zamanda, öncəki sistemlərdən necə fərqləndiyini düzgün başa düşməyin vacib olduğunu qeyd edib. O, illər öncə qlobal təhdidlərlə mübarizə üçün bir sıra mövcud alətlərin, beynəlxalq təşkilatların bu gün yalnız məhdud sayda ölkənin maraqlarının ifadə olunması ilə selektiv yanaşma nümayiş etdirməsinin sözügedən mexanizmləri qeyri-effektiv etməklə yanaşı, onlara inamın sarsılmasına gətirib çıxardığını vurğulayıb.
ABŞ Milli Təhlükəsizlik Şurasının Beynəlxalq təşkilatlar üzrə sabiq baş direktoru Hyu Duqan bildirib ki, realpolitikdən irəli gələn idealizm daha çox tələyə oxşayır. Bu, dünyanı avtoritar rejimdə işləməyə məcbur edir.
Latviyanın sabiq Prezidenti Valdis Zatlers isə birtərəfli realpolitikin dəyişməli olduğunun vacibliyini diqqətə çatdıraraq deyib: “Bu, balanslaşdırılmış şəkildə olmalıdır. Realpolitiki balanslı şəkildə istifadə etməliyik”.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsinin İpək yolunun tərkib hissəsi olmaqla yanaşı, realpolitikin nəticəsi olduğunu diqqətə çatdırıb: “Biz bu layihə ilə regiona sabitlik gətirdik. Bu, dünya miqyasında yaxşı bir nümunə ola bilər. Artıq Qafqaz regionuna sülh, sabitlik və rifah gəlib. Biz də Cənubi Qafqazda sülhün bərqərar edilməsinin tərəfdarıyıq”.
Çex Respublikasının sabiq xarici işlər naziri Jan Kavan qloballaşmanın münaqişələrə gətirib çıxardığını və onların bir-biri ilə bağlı olduğunu qeyd edib. Vurğulanıb ki, böyük güclərin bu prosesə qatılması mənfi haldır.
BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, 2007-2012-ci illərdə Serbiya xarici işlər naziri Vuk Yeremiç bildirib ki, realpolitik hər zaman bizimlə olsa da, müxtəlif zamanda fərqli mənalar daşıyıb: “BMT ilə bağlı suallar qarşımızda daim durmaqdadır. Biz BMT-ni fəaliyyətsizliyinə görə nə qədər tənqid etsək də, bu, çox mühüm təşkilatdır. BMT-nin gücünü artırmalıyıq. Bu da özlüyündə dünyanın bərpasına gətirib çıxaracaq”.
Fransa Senatının üzvü Natali Qule beynəlxalq hüququn işləmədiyini, hər kəsin öz məqsədlərinə görə çalışdığını diqqətə çatdırıb. O, realpolitikin müəyyən lobbiçilik tərəfindən güdüldüyünü də vurğulayıb. N.Qule Fransada Azərbaycana qarşı toksik lobbiçiliyin olduğunu da diqqətə çatdırıb.
* * *
Üçüncü panel iclası “Qlobal idarəetməni düzəltmək” mövzusuna həsr olunub. İclas Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilib.
İslandiyanın sabiq Prezidenti Olafur Ragnar Grimsson parçalanan dünya ilə bağlı bildirib: “Bizim əsas məqsədimiz indiki vəziyyətdə qarşıda duran çətinlikləri aradan qaldırmaqdır. Pozuntuların, ədalətsizliyin qarşısının alınması üçün tədbirlər görməliyik". O, Avropa İttifaqının izolyasiya, millətçilik siyasətinin dözümsüzlüyə gətirib çıxardığını da diqqətə çatdırıb.
Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe çıxışında hazırda dünyada çox həssas dövr olduğunu deyib. Bildirib ki, bu da böhranların yaranmasına səbəb olur. “Biz hələ də onların fəsadlarını yaşamaqdayıq. Qarşıdakı böhranların öhdəsindən gəlmək üçün biz çox fəal işləməliyik”.
BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza isə vurğulayıb ki, bu gün iqlim dəyişiklikləri, yoxsulluq, təhlükəsizlik, müharibələrin alovlanması, bərabərsizlik, maliyyə böhranları kimi yeni çağırışlar meydana çıxır: “Biz ağıllı nikbinlik sərgiləməliyik. Həmçinin gələcək üçün yol xəritəsi hazırlamalıyıq”.
Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus dünyanın özü-özünü dağıtdığını və bu sistemin bərpasının təhlükəli olduğunu diqqətə çatdırıb: “Dünyanı düzəltmək bizim əlimizdədir. Bunun üçün biz birləşməliyik, yeni iqtisadiyyat formalaşdırmalıyıq”.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi Ruvendrini Menikdivela dünyada qaçqın və məcburi köçkünlərin sayının 100 milyondan çox olduğunu, bunun əsasən müharibələr, böhranlar, münaqişələr, fəlakətlər səbəbindən baş verdiyini diqqətə çatdırıb.
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının özü də bir problemə çevrilib: “Təhlükəsizlik Şurası da vəzifələrlə yüklənir. Biz strateji planlar baxımından kasadıq. Bu da təhlükəli vəziyyətə gətirib çıxarır”.
İsveçrə Konfederasiyasının sabiq Prezidenti Mişelin Kalmi-Reyin sözlərinə görə, dünyanın dəyişməsi böyük güclərdən asılıdır: “Biz bu gün ikili standartlarla üzləşirik. Böyük güclər hərbi düşüncəli olaraq öz iqtisadi maraqlarını güdür. BMT cari işlərin öhdəsindən gələ bilmir. Bunun həlli üçün biz ümumi razılığa gəlməliyik”.
Bununla da XI Qlobal Bakı Forumunun ilk gününün müzakirələri başa çatıb. Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq.
XQ